“Sputnik”, idi... domoy
Azərbaycanın informasiya məkanı bütün təbliğatçı-təxribatçı “media” resurslarının üzünə bağlanmalıdır
Təkcə Azərbaycana və Türkiyəyə deyil, bütövlükdə sivil bəşəriyyətə nifrət bəsləyən Marqarita Simonyan adlı quduz itin rəhbərlik etdiyi təbliğat və təxribat vasitələrinin Azərbaycandakı törəməsi haqqında çox yazmışam. Və hər dəfə “simonyanizm”ə yoluxanların, əl və yal buruqçularının üstüörtülü təhdidlərinə məruz qalmışam. Simonyan(ın) itinə xidmət etdikləri azmış kimi utanmadan, həya etmədən bu qatı Azərbaycan, Türkiyə və insanlıq düşməninin müdafiəsinə qalxıblar. Bunu bacarmayanda isə, ən azı sosial şəbəkələrdə paylaşdığım yazılara gülüş işarələri qoymaqla ürəklərini soyutmağa çalışıblar. Və mən bu gün də anlaya bilmirəm ki, mediaya heç bir aidiyyatı olmayan, bütün dünyanın ikrahla yanaşdığı, yalan və böhtançılığın, ləyaqətsizliyin, simasızlığın, antihumanizmin, ədalətsizliyin, qərəzin, qeyri-obyektivliyin və ən başlıcası isə vicdansızlığın bənzərsiz nümunələrindən birinin - “Sputnik” “agentliyi”nin törəmə müəssisəsi hansı səbəblərdən Azərbaycanda fəaliyyət göstərir. Bu nonsensdir! İllərdir bu “agentlik” adlanan zibil torbası üzərimizə üfunət yağdırır və biz də media adına ləkə olan Marqarita Simonyan kimi heç bir dəyər tanımayan siyasi və mənəvi əxlaqsıza məxsus törəmə təxribat resursunun ölkəmizdə fəaliyyət göstərməsinə imkan yaradırıq. Hələ bu azmış kimi, ölkədə fəaliyyət göstərən kabel televiziyaları da abunəçilərinə Simonyanın və ondan heç nə ilə fərqlənməyən digər xəstə ultramillətçilərin, neoimperialistlərin təbliğat resurslarını sırıyırlar. Bizi üstümüzə püskürdülən zəhəri, əleyhimizə aparılan təbliğatı, saysız-hesabsız təxribat xarakterli informasiyaları, milli identikliyimizə, birliyimizə, bütövlüyümüzə qarşı aparılan hibrid müharibəsinin elemetlərini öz pulumuzla almağa məcbur edirlər. Pul verib ideoloji zəhər alırıq! Bunun başqa heç bir izahı yoxdur.
Marqarita Simonyanın baş redaktor vəzifəsində çalışdığı “Rusiya bu gün” (Rossiya seqodnya) beynəlxalq media qrupu özəl müəssisə deyil. Qrupun tərkibində RİA NOVOSTİ FEDERAL DÖVLƏT UNİTAR MÜƏSSİSƏSİN yer aldığını nəzərə alsaq, digər resirslarla, o cümlədən “Sputnik” agentliyi ilə bağlı da nəticə çıxara bilərik. Marqarita Simonyan Rusiyanın DÖVLƏT agentliyinin rəhbəridir və onün bütün sərsəmləmələrinə, separatçı-terrorçu açıqlamalarına, təxribat xarakterli davranışlarına görə də məsuliyyəti rəsmi Moskva daşıyır. Rusiya siyasətçiləri və media resursları bir qayda olaraq, özlərindən başqa hamını ikili standartlarda günahlandırırlar. Bu qəbildən olan ittihamların əhəmiyyətli hisəsi isə, şübhəsiz ki, Rusiyanın özünü qarşı tərəf elan etdiyi Qərbə ünvanlanır. Qərbi başa düşdük...
Anladıq ki, Qərb özünü qəribə aparır, özündən olmayanların fikirlərini qəribçiliyə, qlobal miqyasda özünüifadə imkanlarını qəlibə salır. Bəs Rusiya? Dost dediyi nədir, düşmənçilik etdiyi nə... “Sputnik”, “RİA Novosti”, “Russia today” və bu kimi resursların rəsmi Moskvanın qəzəbinə tuş gələn, Kremlin təbliğatını körükləyənlərin “qərəzli”, “ədalətsiz”, “feyk istehsalçısı” elan etdiyi Qərb mediasından fərqi nədir? Fərqi var, əlbətdə... Qərbin qərəzli media resirslarının etdiklərini Rusiyanın “kütləvi informasiya vasitələri” daha qəzəbli, daha bəsit, daha arqumentsiz, daha qeyri-peşəkar şəkildə təkrarlayırlar. Vəssalam! Simonyanların qəzəbdən əyilmiş üzlərini, hədəqədən çıxmış gözlərini görmək yetərlidir ki, bu təbliğat-təxribat-media zombilərinin yeddi arxa dönənini elə onların öz üslubunda yad edəsən...
Azərbaycanın informasiya məkanı bütün təbliğatçı-təxribatçı “media” resurslarının üzünə bağlanmalıdır. “Sputnik” agentliyinin törəmə müəssisəsi olan “Sputnik Azərbaycan”ın Azərbaycanda fəaliyyət göstərməsi üçün heç bir hüququ və mənəvi əsas, həmçinin zəmin yoxdur. Ölkəmizin ictimai rəyinə ideoloji zəhər püskürən resursların ölkə ərazisində və ərazisinə yayımı dayandırılmalıdır.
Artıq dünyanın bir çox ölkələri, ö cümlədən Avstraliya, Böyük Britaniya, ABŞ, Kanada, Avropa İttifaqına üzv olan bütün dövlətlər “Rusiya bu gün” (Rossiya seqodnya) beynəlxalq media qrupuna məxsus resursları feyk məlumat yaydıqlarına, informasiya təxribatı törətdiklərinə, ictimai maraqlara zərbə vurduqlarına görə bloklayıblar, törəmə müəssisələrinin isə lisenziyalarını geri alıblar.
“Sputnik”i isə Azərbaycandan göndərməyin vaxtı çoxdan çatıb... Həm də layiq olduğu tərzdə: “Sputnik”, idi... domoy!
Elçin Mirzəbəyli