Brüssel görüşü Ermənistanı sülhə məcbur etmək üçün təsirli vasitə olacaqmı?
Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriilmiş görüşlə bağlı ciddi müzakirələr davam edir.
Real vəziyyəti təhlil etdikdə bu qənaətə gəlmək olardı ki, nəhayət erməni tərəfi çox tərəfli manevr siyasətindən əl çəkib Azərbaycanla sülhə nail olmaq üçün ciddi addımlar atacaq.
Görüşdən geri dönən Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı ermənilərin müqədəratı ilə bağlı sayıqlamaları Brüssel görüşünün əhəmiyyətini heçə endirdi. Rusiyadan və Ermənistandakı revanşist qüvvələrdən çəkinən Nikolun belə çıxışlar etməsi ermənilərin sülh prosesinə adam kimi qatılacağına inamı azaldır. Görünür Ermənistanı sülhə məcbur etmək üçün daha təsirli vasitələr üzərində düşünüb, dinamik proseslərə start vermək lazımdır.
Bizi Azərbaycan vətəndaşı olaraq, Ermənistanın nəhəng iqtisadi layihələrə qoşulub-qoşulmaması o qədər düşündürmür. Bizi bu gündə, sabahda düşündürən odur ki, Qarabağdakı erməni silahlı tör-töküntüləri oranı tərk etməlidir. Regionun gələcəyinə hesablanmış ciddi təhlükə həmin o erməni silahlı tör-töküntüləridir.
Real vəziyyət odur ki. Rusiya həm 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə, həm də ondan sonrakı razılaşmaların tələblərinə riayət etmir. Deməli əsas hədəf ondan ibarət olmalıdır ki, Rusiya ya imzasına hörmət edib Qarabağdakı erməni silahlı tör-töküntülərini oradan çıxarılmasına nail olmalıdır və yaxud özü regionu, Qarabağı tərk etməlidir. Dünyada və regionda gedən çox gərgin proseslər, xüsusilə, Rusiya-Ukrayna müharibəsi bu məqamlara aydınlıq gətirəcək. Biz davam edən prosesləri izləməklə kifayətlənməməliyik. Heç vəclə imkan verməməliyik ki, Ermənistanın baş naziri Nikol Paşinyan manevr siyasətini davam etdirib özləri üçün yetişən zamanı gözləsin.
Əkrəm Bəydəmirli