Fərrux kəndinin nəzarətə götürülməsi düzgün və cəsarətli addımdır
Məlum olduğu kimi, bu günlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri 10 noyabr 2020-ci il tarixli Bəyanatın ruhuna uyğun mövqe dəqiqləşdirmələri həyata keçirərək, uzun illərdən bəri işğal altında olan çox mühüm, strateji əhəmiyyətli Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqeləri öz nəzarətinə keçiribdir. Bu xəbər ölkə ictimaiyyəti tərəfindən dərin razılıq hissi ilə qarşılanmışdır.
Azərbaycan işğaldan azad edilmiş torpaqlarda, o cümlədən Ağdam rayonu ərazisində geniş tikinti-quruculuq işləri həyata keçirir. Qeyd etmək lazımdır ki, Fərrux kəndi və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarətində olmadığı halda, faktiki olaraq, Ağdamda müəyyən layihələri reallaşdırmaq, iş görmək çətin idi. Bu baxımdan Fərrux kəndinin tam nəzarətə götürülməsi tarixi uğur kimi qiymətləndirilir.
Sevindirici haldır ki, bu gün Azərbaycanın daha bir ərazisində dövlət bayrağı dalğalanır. Xatırladaq ki, 1988-ci ildə Qarabağ hadisələri başlanandan İrəvan, Livan və Suriyadan gətirilərək Fərrux kəndində yerləşdirilmiş erməni silahlıları, muzdluları ətraf kəndləri atəşə tutub, dinc azərbaycanlı əhalini qətlə yetirib, yaralayıblar. Fərrux yüksəkliyindən ermənilər dəfələrlə hücumlar təşkil ediblər. 1992-ci il yanvarın 31-də Milli Qəhrəman Şirin Mirzəyevin başçılıq etdiyi tabor və yerli özünümüdafiə qüvvələri Fərrux kəndinin erməni quldurlarından azad edib. Lakin sonradan işğalçılar oranı yenidən ələ keçiriblər. Kənd 2020-ci ilə kimi işğal altında olub. İndi isə üçtərəfli 10 noyabr Bəyanatına uyğun olaraq Fərrux kəndi müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçsə də, erməni yaraqlıları orada təxribatlar törədirdilər.
Birinci Qarabağ müharibəsinin veteranı kimi hesab edirəm ki, Azərbaycan Ordusunun suveren ərazilərdə dislokasiya dəqiqləşdirmələri pozulmuş tarixi ədalətin bərpası kimi böyük missiyanı reallaşdırmaq ölkəmizin haqq işidir, 10 noyabr 2020-ci il tarixli məlum üçtərəfli Bəyanatda öz əksini tapmış müddəalardandır və Ermənistan rəhbərliyi bu reallıqla hesablaşmağa borcludur.
Bu yerdə bir məqamı da vurğulamaq istərdim. Azərbaycan Respublkası Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin dövlətimizin mövqeyini göstərən bəyanatları vəziyyətlə bağlı əsl həqiqəti əks etdirir. Xocalı rayonu ərazisindəki Fərrux kəndinin düşməndən azad edilməsi və bütün bu proseslər milli maraqlarımıza tamamilə uyğundur. Haqq-ədalət Azərbaycan tərəfindədir.
Sərraf ORUCOV,
Birinci Qarabağ müharibəsi veteranı,
Beynəlxalq Döyüşçülər Fondunun prezidenti