"Artıq beynəlxalq ictimaiyyət də, ermənilərin özləri də real faktla barışmalı olurlar"
44 günlük müharibədən öncə biz son 30 ildə demək olar ki, bütün bayramlarımızı natamam, nisgilli şəkildə qeyd edirdik. Qarabağımızın işğal altında qalmağı bayram ovqatımıza təsirsiz ötüşmürdü. Biz bir toplum olaraq nəyinsə çatmadığını, nəyinsə əskik olduğunu hər zaman hiss edirdik. Lakin İkinci Qarabağ müharibəsində qazandığımız parlaq Zəfərdən sonra hər şey kökündən dəyişdi. Necə deyərlər, daşlar öz yerinə oturdu. İndi artıq ikinci ildir ki, biz digər bayramlarımız kimi İlaxır Çərşənbəsini də, Novruz bayramını da Qarabağla birgə qeyd edirik.
Artıq ikinci ildir ki, cənab Prezident Novruz Bayramını işğaldan azad edilmiş torpaqlarımızda qeyd edir. Keçən il İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Novruz Bayramını Şuşada, bu il isə Suqovuşanda qarşıladı. Bunun çox böyük psixoloji-siyasi əhəmiyyəti var. Belə ki, artıq beynəlxalq ictimaiyyət də, ermənilərin özləri də real faktla barışmalı olurlar. Fakt isə ondan ibarətdir ki, biz öz torpaqlarımıza qayıtmışıq və indi bu torpaqlar üzərində suverenliyimizi möhkəmləndirməkdəyik.
Bu gün həm Qarabağda, həm də Şərqi Zəngəzurda böyük quruculuq-bərpa işləri aparılır. Məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün Böyük Qayıdış konsepsiyası əsasında mühüm addımlar atılmaqdadır. Və Azərbaycanın bu istiqamətdə gördüyü işləri heç bir qüvvə dayandıra bilməz. Erməni faşizminin, erməni vandalizminin dağıdıcı izlərini təkbaşına aradan qaldırmaq əzmkarlığımıza görə əslində bu gün dünya birliyi bizə təşəkkür etməlidir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri