Şuşadan, Suqovuşandan səsləndirilən Novruz təbrikləri azadlığımıza verilən böyük dəyərdir
Nail Cəlil: “Prezident İlham Əliyevin müvafiq çıxışları ərazi bütövlüyümüzün bərpası məsələsində ədalətli gücümüzün təntənəsini təsdiqləyir”
“Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsindən Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfəri və Azərbaycan xalqına bayram təbrikini məhz buradan səsləndirirməsi 44 günlük Vətən müharibəsi dönəmində azad edilmiş torpaqlarımızın, o cümlədən, Suqovuşanın strateji əhəmiyyətini bir daha ortaya qoyur. Azərbaycan Prezidenti Novruz bayramı münasibətilə təbrikində xüsusi vurğulayıb ki, biz bu torpaqlara daimi, əbədi qayıtmışıq. Bu fikir ərazi bütövlüyümüzün bərpası məsələsində ədalətli gücümüzün təntənəsini təsdiqləyir. Suqovuşan adından da bəlli olduğu kimi, çayların qovuşduğu, geniş su ehtiyatlarının cəmləşdiyi bir məkan olmaqla Qarabağ iqtisadi rayonu üçün həyati əhəmiyyət kəsb edir. Digər tərəfdən, azad edilmiş torpaqlarımızda yenidən abadlaşan bu qəsəbənin hərbi-strateji önəmi də böyükdür”.
Bu fikirləri “Xalq Cəbhəsi” qəzetinə özəl açıqlamasında Prezident İlham Əliyevin Azərbaycan xalqına Novruz təbrikinin əsas məqamlarını şərh edən tanınmış politoloq Nail Cəlil səsləndirib. Politoloq qeyd edib ki, Suqovuşanın azad edilməsi Tərtərdə və Qarabağın böyük hissəsində su ehtiyatlarının artırılması, təsərrüfatın inkişaf etdirilməsinə əlverişli zəmin yaradılması baxımından mühüm sosial-tarixi hadisədir:
“Müharibə dövründə azad edilmiş Suqovuşandan verilən ilk reportajlar Azərbaycan böyük qələbəyə olan inamını daha da möhkəmləndirirdi. Bölgənin gözəl təbiət mənzərəsi göstərir ki, qəsəbə turizm sektoru üçün də çox əlverişli, cəlbedicidir. Xatırladaq ki, o zaman Prezident İlham Əliyev Suqovuşanın azad edilməsi ilə bağlı Azərbaycan xalqını xüsusi təbrik edərək, bu tarixi uğurun daha böyük qələbələrə yol açacağını söyləmişdi. Bu gün azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda vüsət alan böyük quruculuq işləri, təhlükəsizliyimizin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün qorunması istiqamətində görülən tədbirlər həmin fikrin əməli isbatıdır”.
Siyasi ekspert belə bir məqama diqqəti çəkib ki, bu, qələbədən sonra dövlət başçısının Suqovuşana ilk səfəri və çıxışıdır: “Artıq ikinci ildir ki, Prezident İlham Əliyev Novruz təbriklərini xalqa məhz azad edilmiş ərazilərimizdən çatdırır. Bunun özü çox əlamətdar hadisədir, tariximizə, keçmişimizə, bu günümüzə, azadlığımıza verilən böyük dəyərdir. Keçən il biz Prezidentin Novruz təbrikini Şuşadan izləmişdik, bu il isə artıq Suqovuşandan dinləyirik. Hər iki müraciət bir-biri ilə məntiqi, üzvi şəkildə bağlıdır və bütövlükdə Azərbaycanın, azad edilmiş torpaqlarımızın firavan gələcəyi, təhlükəsizliyi, inkişafı ilə bağlı əsas hədəfləri özündə əks etdirir. Bu, həm də ümummilli lider Heydər Əliyevin vaxtilə Novruz bayramı münasibətilə etdiyi çıxışlarda qarşıya qoyduğu hədəflərə çatmaq deməkdir. Çünki o hər zaman Şuşaya, Laçına, Kəlbəcərə və digər ərazilərimizə qayıdacağımızı, bu ərazilərdə Novruz bayramını keçirəcəyimizə əmin olduğunu bildirirdi. Bu mənada, Prezident İlham Əliyevin ümummilli liderin ideyalarını, arzularını bilavasitə gerçəkləşdirir. Novruz bayramının işğaldan azad olunmuş ərazilərimizdə yenidən dirçəldilməsi, xüsusi keçirilməsi buna sübutdur”.