"Supergüclər Azərbaycanın siyasi və iqtisadi siyasətini dəstəkləyir"
ABŞ artıq Azərbaycanı nəinki regionda, dünyada böyük nüfuz, qətiyyətli mövqeyinə və yürütdüyü balanslaşdırılmış siyasətinə hörmətlə yanaşır, rəsmi Bakını etibarlı tərəfdaş kimi qəbul edir.
Bunu "Xalq Cəbhəsi"nə ALDP sədri Fuad Əliyev Novruz bayramı münasibətilə ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubuna münasibətində deyib.
Partiya sədri qeyd edib ki, dünya siyasətində tutduğu mövqedən asılı olmayaraq, Cənubi Qafqazda marağı olan və bu regionda yerləşən ölkələrlə perspektivli əməkdaşlıq qurmaq istəyən xarici dövlətlərin ilk növbədə Azərbaycanla qarşılıqlı maraqlar əsasında münasibətlər yaratması artıq beynəlxalq arenada aksiom kimi qəbul olunmaqdadır.
Xarici siyasətdə qazanılan uğurların davamı və daha da genişləndirilməsi məqsədilə Azərbaycan aparıcı beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etməklə yanaşı, dünya dövlətlərilə qarşılıqlı münasibətlərinin mütəmadi olaraq inkişaf etdirilməsinə mühüm önəm verir. Belə dövlətlərdən biri də ABŞ-dır.
Rəsmi Vaşinqton həmişə Bakının sülh çağırışlarını alqışlayıb və bu istiqamətdə yürütdüyü siyasəti qəbul edib: "Bayden məktubda təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacağını qeyd edib. Bu rəsmi Bakıya etibar və inamdan irəli gəlir. Bayden Azərbaycanın sülhpərvər bir dövlət olduğunu qəbul edib, Prezidentimizin illərdir bu istiqamətdə apardığı iş, nəhayət, 44 günlük müharibə zamanında əldə edilən qələbənin məhz buna istiqamətləndiyi ilə razılaşıb. ABŞ regionda Azərbaycana böyük ümidlər bəsləyir. Prezident İlham Əliyevin regionda həyata keçirdiyi siyasətin kökündə yalnız sülh və barışıq dayandığını dünya gördü".
F.Əliyev Baydenin məktubda iqtisadiyyatın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərimizin dəstəklədiyinə və Amerika Birləşmiş Ştatlarının iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusunda olduğunu qeyd etməsinə də münasibət bildirib: "Rəsmi Vaşinqton Azərbaycanın iqtisadi gücünə bələddir, bilir ki, rəsmi Bakı Avropanı enerji ilə təchiz edir, bir sıra regional nəhəng iqtisadi layihələrin müəllifidir. Təbii ki, Azərbaycan ABŞ üçün iqtisadi baxımdan da önəm, əhəmiyyət kəsb edir. Həm siyasi, həm iqtisadi baxımdan ABŞ-ın Azərbaycana böyük dəyər verməsi, Azərbaycanın həyata keçirdiyi siyasətə dəstəyin ifadəsidir. ABŞ artıq reallığı qəbul edib. Təkcə ABŞ deyil, dünyanın digər supergüclərin də Azərbaycanın siyasi və iqtisadi siyasətini dəstəkləmək məcburiyyətində qalıblar".