"Avropalı parlamentarilər yenə Avropa dəyərlərini tapdalamaqdadır"
Avropalı parlamentarilər yenə Avropa dəyərlərini tapdamaqda, yenə də haqqa-ədalətə tüpürməkdədirlər. Avropa Parlamentinin Azərbaycanın erməni mədəni irsini guya məhv etməsi barədə rüsvayçı qətnamə qəbul etməsi də bu acı həqiqəti bir daha təsdiqləyir. Sözügedən qətnamənin lehinə səs verənlərin say çoxluğu da olduqca heyrətləndiricidir: 635 nəfər lehinə, cəmi 2 nəfər isə əleyhinə səs verib. Bu nə deməkdir? Bu o deməkdir ki, Avropanın bütün siyasi elitasının, bütün düşünən başlarının cəmləşdiyi bir siyasi mərkəzdə, bir qanunverici qurumda yalnız iki nəfər ədalətli insan, iki nəfər haqq tərəfdarı olan deputat var. Bax, budur bugünkü Avropanın gerçək siyasi siması. Və bu sadəcə siyası sima deyil, bu həm də mənəvi-əxlaqi biabırçılıqdır.
Əslində Avropa Parlamentinin 635 deputatı da digər 2 deputat kimi 30 il davam edən işğal dönəmində Azərbaycanın bir çox şəhər və kəndlərinin, məzarlıqlarının və məscidlərinin, abidə və muzeylərinin yerlə-yeksan edildiyini, erməni vandalları tərəfindən dağıdıldığını, talan edildiyini yaxşı bilirlər. Ancaq bildikləri halda belə yenə də həqiqətin əleyhinə, saxtalığın lehinə səs verirlər. Çünki erməni təbliğatına ayaq uydurmaq və erməni “kart”ından istifadə etmək bu gün Avropa Parlamentindəki vicdan alverçilərinin işinə yarayır. Erməni yalanlarına, erməni iddialarına qarşı əks tərəfin – Azərbaycanın ortraya qoyduğu gerçək faktlar, 30 illik erməni vandalizmini ifşa edən real sübutlar AP üzvlərinə qətiyyən lazım deyil. Çünki onlar haqlı tərəfin yanında olmağa and içməyiblər.
Nə qədər acı bir həqiqət olsa da, bunu qeyd etməliyik ki, bu gün Avropanın parlamentariləri siyasətlə yox, siyasi “biznes”lə məşğul olmağa yönəliblər. İstənilən avroparlamentarinin dosyesində kirli məqamlar, rüşvətə və şübhəli lobbiçiliyə meyllilik faktları axtarıb tapmaq mümkündür. Ermənilərin xeyrinə qəbul edilən bu qətnamədən də rüşvət qoxusu gəlir. Böyük ehtimalla, erməni lobbisi qətnamənin qəbulu ərəfəsində avroparlamentarilərin əksəriyyəti ilə fərdi iş aparıb və necə deyərlər, onların səslərini, mövqelərini satın alıb. Avropa Parlamenti sözün əsl mənasında bazara çevrilib.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri