“5-ci kolon yenə də iş başındadır”- Ramiz Alıyev
“Çox maraqlı bir tarixi dövr yaşayırıq. Belə ki, mütəxəssislər diqqətlə araşdırsalar görərlər ki, bütün dövrlərdə Azərbaycan polisi dövlətin aliliyini qoruyub. Bu məqsədlə hüquq-mühafizə orqanları ölkəmizdə olan “5-ci kolon”nun təmsilçilərini və ya onların yaxınlarını qanunsuz əməllərinə görə məsuliyyətə cəlb edəndə, dərhal həmin “5-ci kolon” təmsilçiləri hərəkətə keçərək polisi təxribata sürükləməyə çalışırlar”.
Bu fikirləri politoloq Ramiz Alıyev saytımıza bildirib
O qeyd edib ki, bu hallar “5-ci kolon”un fəaliyyət göstərdiyi bir çox ölkələrdə baş verən xüsusi taktikasıdır: “Diqqət etsəniz, özünüz də görə bilərsiniz ki, sanki “arı pətəyinə” oxşayan bu şəbəkə onlara yaxın gedən hər kəsi sancmağa və “pətək”dən uzaq tutmağa çalışırlar. Bəs bu cür təxribatları etməyə və Azərbaycan polisini təxribata çəkməklə onlara qarşı nifrət yaratmaqda məqsəd nədir?! Bu suallara cavabı tapmaq üçün xüsusi bir istedad tələb olunumur. Belə ki, hər kəs çox gözəl bilir və müşahidə edir ki, Azərbaycan polisi ölkəmizdə sabitliyi təmin edərək vətəndaşlarımızın rahat yaşamasını, dövlətimizin təhlükəsizliyini qorumaqla müstəqilliyimizə qarşı olan bütün təxribatların qarşısını ən yüksək səviyyədə almış olur. Çox uzağa getmədən nümunə göstərə bilərik ki, istər 2003-cü ildə, istər 2005-ci ildə dövlətimizə qarşı yönəlmiş olan təxribatları Azərbaycan polisi necə qətiyyətlə almışdır. Eyni zamanda Vətən müharibəsi zamanı ölkəmizdə sabitliyin qorunmasını ən yüksək formada təmin etməsi, pandemiya zamanı göstərmiş olduqları xidmət onların vəzifə borcu olmağı ilə yanaşı, həm də bir doğmalıq nümayişi idi.
Dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə apararkən müşahidə edə bilərik ki, ölkəmiz yaşamaq üçün necə sabit və təhlükəsiz ölkədir. Ona görə ki, Azərbaycanda ictimai asayişin qorunması birbaşa ölkə başçısının nəzarətindədir və ictimai asayişin sabit olmasına qarant cənab Prezidentdir. Bəs bu ictimai asayişin pozulmasına, vətəndaşlarımızın qorxu içində yaşamasına, polisə olan inamın məhv olmasına çalışanlar kimlərdir?”.
Ramiz Alıyevin fikrinci ictimai asayişin pozulmasına çalışanlar “5-ci kolon” və onun əlaltılarıdır: “Bütün dövrlərdə biz müşahidə edirik ki, həmin şəbəkənin müəyyən üzvləri ifşa olunanda və onları qanun qarşısında cavab verməyə dəvət edəndə, Azərbaycan dövlətinə və dövlətimizin müstəqilliyini qoruyan polis əməkdaşlarına qarşı planlaşdırılmış formada hərəkətə keçib istər sosial şəbəkələrdə, istərsə də ictimai yerlərdə qarayxama kampaniyası aparırlar. Ancaq təəssüflər olsun ki, bizim vətəndaşlarlarımızın böyük əksəriyyəti bu cür təşkilatlanmış şəbəkə üzvlərinin əsil maraqlarının nədən ibarət olmasını görə bilmirlər. Bəli, bu gün ölkəmizdə “5-ci kolon” üzvlərinin və onların xəyanətinə köməkçi olanların məsuliyyətə cəlb olunması prosesi davam etməlidir, dövlətimizə qarşı kimlərin hansı formada xəyanət etməsindən asılı olmayaq məsuliyyətə cəlb olunmalıdır! Bugünlərdə 3-4 nəfər TIR sürücüsünün etmiş olduğu qanun pozuntularına görə polis idarəsinə aparılması və orada onlara qanunlarımızın başa salınmasından şou düzəldən və ya düzəltdirən “şəbəkə” üzvləri düşünməsin ki, Azərbaycan xalqı və dövlətimiz onların əməllərindən xəbərsizdir! Bu adamların “uşaqlıq” etdiyi xüsusi xidmət orqanlarının dövlətlərində qanunsuz aksiya keçirənlərin üzərinə atları sürür, itlərlə qorxuzur, rezin dəyənəklərlə döyür sonra da polis idarələrinə apararaq ağır cəzalar verirlər”.
Politoloq bildirib ki, bugünlərdə sosial şəbəkələrdə “fəallıq” edərək şou göstərənlərin məqsədi qanunlarımızı pozaraq polis idarələrinə dəvət olunan TIR sürücülərinə dəstək yox, “5-ci kolon”nun təmsilçililərinin ifşa olunmasına qarşı olan etirazlardır: “Buradan da açıq şəkildə görünür ki, “5-ci kolon” yenə də iş başındadır. Hər bir vətəndaşımız anlamalıdır ki, “Bir insanın azadlığı, digər insanın azadlığının sərhədlərinə qədərdir”. Ona görə də kimliyindən asılı olmayaraq hər kəs etmiş olduğu qanun pozuntusuna görə məsuliyyətə cəlb olunmalıdır. Dövlətə xəyanət isə bağışlana bilməz, kimliyindən asılı olmayaraq!
“5-ci kolon” və onun nümayəndələri etmiş olduqları xəyanətlərə görə xalqımız və dövlətimiz tərəfindən lazımı cavabları alacaqlar”.