Ramiz Mehdiyevin istefa oyunu: kimi ələ salır?
Fevralın 14-də AMEA prezidenti Ramiz Mehdiyev qurumun Rəyasət Heyətinin iclasında istefa verdiyini açıqladı. Bir gün sonra isə onun işini davam etdirdiyi bəlli oldu.
Axar.az xəbər verir ki, R.Mehdiyev bununla bağlı mediaya açıqlamasında “istefası ilə bağlı Prezident İlham Əliyevə müraciət etməyə hazırlaşdığını” dedi. Bu isə ciddi şəkildə prosedur pozuntusudur.
Əvvəla, bu sözlərdən bəlli oldu ki, Ramiz Mehdiyev ümumiyyətlə rəsmi şəkildə istefa ərizəsi hələ yazmayıb.
İkincisi, Ramiz Mehdiyev istefa ərizəsi ilə Prezidentə niyə müraciət etməlidir? Məsələnin ölkə Prezidentinə nə aidiyyəti var?
AMEA prezidenti AMEA-nın Ümumi Yığıncağında səsvermə yolu ilə seçilir. Namizədlər isə Rəyasət Heyətində qeydə alınır.
Yəni prosedur belədir: Əgər AMEA prezidenti istefa qərarı verirsə, o, Rəyasət Heyətinə ərizəsini təqdim edir. RH kollegial idarəetmə orqanı kimi dərhal Ümumi Yığıncağın çağırılması barədə qərar qəbul etməlidir. Ümumi Yığıncağa qədər isə AMEA prezidentinin səlahiyyətləri birinci vitse-prezidentə keçir.
Ümumi Yığıncaqda istefa ərizəsi müzakirəyə çıxarılır, qəbul edilir və yeni namizədlər səsverməyə buraxılır. Yeni prezident seçiləndən sonra isə onun təsdiqlənməsi üçün ÜY-ın qərarı Prezidentə göndərilir. Prezident yalnız fövqəladə halda hansısa veto qoya bilər, ancaq adətən heç bir fövqəladə hal olmur.
Beləliklə, AMEA prezidentinin istefa ərizəsini ölkə Prezidentinə təqdim etməli olduğu haqda heç bir anlayış mövcud deyil. Bunu Ramiz Mehdiyev bilmirmi?
Rəyasət Heyətinin iclası keçirilibsə və iclasda Ramiz Mehdiyev istefa verdiyini elan edibsə, AMEA Nizamnaməsinə uyğun proseduralar icra olunmalı, Ümumi Yığıncağın vaxtı təyin edilməlidir.
AMEA RH heç bir addım atmayıb, Ümumi Yığıncaq çağırılmayıb, səlahiyyətlərin birinci vitse-prezidentə ötürülməsi baş verməyib və ümumiyyətlə, Ramiz Mehdiyevin şifahi elanından başqa hər hansı rəsmi ərizəsi də mövcud deyil.
Bu nə oyundur Ramiz Mehdiyev davam etdirir?