Azərbaycan-İran birgə işçi qrupu yaradılır - Mustafayev iranlı nazirlə görüşdü
İranın neft naziri Muhsin Paknijad Tehranda səfərdə olan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Paknijad Şahin Mustafayevlə enerji sahəsində əməkdaşlığı müzakirə edib.
“İranın xarici siyasətində qonşular xüsusi prioritetlərə malikdir və Azərbaycan Respublikasının da onların arasında öz yeri var. Ona görə də iki ölkə arasında əməkdaşlığın inkişafı İranın xarici siyasətində mühüm rol oynayacaq", - iranlı nazir vurğulayıb.
Neft və enerji sektorunun Azərbaycanla iqtisadi əlaqələrin inkişaf oxlarından biri olduğunu bildirən Paknijad "Azərbaycanın bu sahədə əməkdaşlıq səviyyəsinin artırılması üçün hər bir təklifini alqışlayırıq" deyib.
Muhsin Paknijad enerji sahəsində əməkdaşlığın inkişafının sürətləndirilməsi məqsədilə iki ölkə arasında birgə işçi qrupunun yaradılmasının vacibliyini vurğulayıb. Bildirib ki, neft sənayesi sahəsində baş verənləri izləmək üçün Neft Nazirliyinin beynəlxalq əlaqələr və ticarət üzrə vitse-prezidenti təyin edilib.
Şahin Mustafayev isə deyib ki, Azərbaycan İranla birgə neft layihələrində əməkdaşlığa hazırdır.
Ətraflı
O, bildirib ki, hazırda İran və Azərbaycan arasında qədim dövrlərə gedib çıxan geniş əlaqələr mövcuddur.
“Bizim İrana səfərimizdə məqsəd iki ölkə arasındakı əlaqələri nəzərdən keçirmək və gələcək layihələrlə bağlı danışıqlar aparmaqdır.
Ş.Mustafayev İran prezidenti Məsud Pezeşkian ilə görüşünə toxunaraq, İran-Azərbaycan əlaqələrinin inkişafının tərəfdarı olduğunu bildirib və deyib:
“Azərbaycan Prezidenti İlham Əliyev də İranla qarşılıqlı əlaqələrə böyük önəm verir”.
Ş.Mustafayev həmçinin ikitərəfli layihələrin davam etdirilməsi və inkişafı üçün İran və Azərbaycan arasında birgə işçi qrupunun yaradılması təklifini alqışlayıb.