Gürcüstan prezidenti LGBT təbliğatını qadağan edən qanunu imzalamadı
Gürcüstan prezidenti Salome Zurabişvili LGBT təbliğatını qadağan edən qanunu imzalamaqdan imtina edib.
Bu barədə Gürcüstan president administrasiyası məlumat yayıb.
“Prezident LGBT təbliğatını qadağan edən qanunu imzalamayıb. Eyni zamanda o, qanuna veto da qoymayıb. Sadəcə, imza atmayıb, parlamentə qaytarıb. Bizim qanunvericilik belə proseduru nəzərdə tutur”, - Zurabişvilinin administrasiyasının əməkdaşı bildirib.
Konstitusiyaya görə, bu halda qanunlar ölkə parlamenti spikerinin beş gün ərzində imzalamasından sonra qüvvəyə minir.
S.Zurabişvilinin qanun layihələrinə veto qoyacağı gözlənirdi. Ancaq hakim "Gürcü arzusu"nun parlamentdəki mandat sayı partiyaya vetonu aşmaq imkanı verir.
Qanun layihəsinə görə, Gürcüstanda LGBT fərdlərin nikaha girməsi, övladlığa uşaq götürməsi qadağan olunacaq. Həmçinin transgender dəyişikliyi çərçivəsində əməliyyatların aparılması, sənədlərdə gender işarəsinin dəyişdirilməsi, o cümlədən məktəblərdə və mediada LGBT+ barədə danışmaq yasaqlanacaq.
Bundan əlavə, deputatlar son illərdə homofobların hücumuna məruz qalan "Ləyaqət yürüşləri" və festivallar da daxil olmaqla "qəribə mövzulu" toplantıları qadağan ediblər.
Gürcüstanın üzvlüyə namizəd olduğu Avropa İttifaqı (Aİ) qanun layihəsini sərt tənqid edib.