Tehran sözünü tutmadı: Azərbaycan səfiri Bakıya çağırıla bilər
Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçu barəsində 2023-cü il oktyabrın 2-də ölüm hökmü çıxarılıb. Lakin bu qərarın üstündən bir ilə yaxın vaxt keçsə də, edamın nə vaxt icra ediləcəyi məlum deyil.
Səfirliyimizə hücum edən 55 yaşlı Yasin Hüseynzadə İran-İraq müharibəsi zamanı SEPAH sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında da iştirak edib. 1999-cu ilə qədər Təbrizdə SEPAH qərargahında yük maşını sürücüsü işləyib və oradan təqaüdə yollanıb. Yasin 1999-2006-cı illərdə Mərənddəki Yaldur məscidinə bağlı “Bəsic” qüvvələrinin komandanı olub. O, indi də həmin “Bəsic” bazası ilə əlaqəsini davam etdirir. Hətta onun “Bəsic” və SEPAH qüvvələri ilə birlikdə son aylar Bükan və Marağada baş verən anti-hökumət etirazlarının dağıdılmasında iştirak etdiyi barədə məlumatlar var.
İran hakimiyyəti bu edam hökmünün icrasını hələ də niyə gecikdirir?
Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, İran Azərbaycanın xoş niyyətinə qarşılıq vermir:
"Azərbaycan səfirliyinə hücumla bağlı müəmma hələ də davam edir. Uzun müddət terrou həyata keçirən şəxslə bağlı məhkəmə işi keçirilmədi. İndi də məhkəmənin hökmünün icrasını həyata keçirmirlər. Sanki cinayətkarı hər vəchlə dəstəkləməyə çalışan güclər var. Halbuki İran rəsmiləri Azərbaycana tərəfinə səfirliyimizin fəaliyyətinin bərpa olunması üçün müraciət etdilər. Səfirlik başqa məkanda açıldı və səfirimiz qayıtdı. Bu, Azərbyacanın xoş niyyətidir. Amma qarşılığını görmürük. Cinayətkara verilən hökmün icrası məsələsi yubanır".
Politoloq vurğulayıb ki, məhkəmənin hökmünün icrası belə yubanmağa davam etsə, iki ölkə arasında münasibətlər mənfiləşə, səfirimiz geri çağırıla bilər:
"Bu hal davam edərsə, Azərbaycan səfirinin yenidən geri çağırılması məsələsi gündəmə gətirilə bilər. Bu, münasibətlərdə növbəti dəfə soyuqluğa gətirib çıxarar. Bu məsələlərə İran Prezidenti Məsud Pezeşkian özü də müdaxilə etməlidir. O, araşdırılmalıdır ki, məsələ niyə yubadılır. Münasibətlərimizin mənfiləşməsi və səfirimizin geri çağırılması isə Pezeşkianın xarici siyasətdəki reytinqinə mənfi təsir edə bilər".
Güney azərbaycanlı fəal Məhsa Mehdili isə söyləyib ki, Azərbaycan səfirliyinə edilən silahlı basqın məqsədli olub və bu məsələdə Tehran rejiminin təhlükəsizlik sahəsindəki səhlənkarlıqları aydındır:
“Azərbaycanın səfirliyinə edilən hücumda ciddi təhlükəsizlik məsələləri vardı. Tehran hökuməti yalnız bir nəfəri hədəf göstərərək diqqəti məsələnin əslindən yayındırmaq istədi. Mən bunu simvolik hücum olaraq görürəm. Hər ölkənin səfirliyi o ölkənin torpağı sayılır. Özəlliklə, Qarabağ savaşından sonra səfirliyə bu hücumun edilməsi bir çox analistlərə görə simvolik məna daşıyır. Mənim də nöqteyi-nəzərim belədir. Terrorçu heç bir təhlükəsizlik tədbiri olmadan səfirliyə girir və "kalaşnikov" tipli silahla hücumu həyata keçirib. Bu da çox ciddi səhlənkarlıqların olduğunu aşkar göstərir. İndi də məhkəmənin hökmünün icrası gecikdirilir. Bundan sonra yenə də ola bilsin ki, məsələ yubadılacaq".
M.Mehdili vurğulayıb ki, terrorçu ilə yanaşı başqaları da cəzalandırılmalıdır:
"Sadəcə hücumu həyata keçirən günahkar olaraq göstərilir. Elə vəziyyət yaradılıb ki, sanki, adi evə silahlı basqın edilib. İran rejimi hadisəyə dövlət ədəbinə uyğun davranmalıdır. Tehran rejimi, təhlükəsizlik xidmətləri və bu məsələ ilə əlaqədar məsuliyyətli olan şəxsləri də cəzalandırmalıdır. Bunun məqsədli hücum olduğunu bilirik. Lazimi siyasi addımlar atılmadı. Bu işin dosyesi Azərbaycana, eləcə də dünyaya açıq deyil. Tehran rejimi nə deyirsə,onu eşidirik. Dosyenin detallarını onların izah etdiyi kimi bilirik. Bir sözlə, mən düşünürəm ki, bir nəfərin cəzalandırılması kifayət deyil. Bu məsələ ilə əlaqəli Tehran rejimi üzərinə düşən məsuliyyətləri yerinə yetirməliydi".