Pezeşkian İrəvanla əlaqəmizi dəyişə bilməz – İran konsulu
İran və Ermənistan arasında dostluq və münasibətlərin tarixi minillikləri əhatə edir (Ermənistan adlı dövlət tarixdə olmayıb, yalnız 1918-ci ildə Azərbaycan torpaqları hesabına qurulub - red.), biz həmişə bir yerdə olmuşuq.
Axar.az xəbər verir ki, bu sözləri İranın Qafandakı baş konsulu Mürtəza Abidin Varamin erməni mediasına geniş müsahibəsində deyib.
O bildirib ki, dünyada ölkələr və liderlər arasında bizdəki kimi sıx dialoqun nümunələri çox azdır:
“Bu, Ermənistanın bizim üçün əhəmiyyətini göstərir. Və bu münasibətlərin düşmənləri var”.
Varamin İranda prezidentin dəyişməsinin (azərbaycanlı Pezeşkianın İran prezidenti olmasının – red.) Ermənistanla münasibətlərə heç bir təsir etməyəcəyini vurğulayıb:
“İran qanunvericiliyi elə qurulub ki, prezidentin dəyişməsi heç nəyi dəyişməyəcək”.
Varaminin sözlərinə görə, İran-İsrail gərginliyi Tehranın Cənubi Qafqaza diqqətinin zəifləməsinə gətirib çıxarmayacaq:
“Baxmayaraq ki, müxtəlif ölkələr İranın diqqətini yayındırmağa çalışır. Üstəlik, elə ölkələr var ki, bu regiondan minlərlə kilometr aralıda yerləşsələr də, yerli proseslərə müdaxilə edərək Ermənistanı strateji qarşıdurma zonasına çevirmək istəyirlər. Bu ölkələr və bu insanlar burada olmamalıdır”.
O, Zəngəzur bölgəsinin İran üçün xüsusi əhəmiyyət kəsb etməsindən də bəhs edib:
“Çünki bu erməni bölgəsi İranla həmsərhəddir və bizim Ermənistanla çoxəsrlik əlaqələrimiz var. Ermənistan müstəqil dövlətdir və bu müstəqilliyə hörmət edilməlidir. Heç kim ona kiminlə dostluq qurmalı və kiminlə dostluq etməməli olduğunu deməməlidir. Ermənistan öz yolu ilə getməlidir. Ukrayna münaqişəsi həqiqətən də erməni xalqı üçün bir növ dərs olmalıdır”.