Həmin gecə Azərbaycan da ayaqda idi...
Bu gün qardaş Türkiyədə 15 iyul - Demokratiya və Milli Birlik Günü qeyd olunur. Zamanın sürətli axarında 15 İyul hadisələrinin səkkizinci ildönümü tamam olur. O məşum hadisələri hamımız böyük bir acı hissilə xatırlayırıq. Çünki 2016-cı il iyulun 15-nə keçən gecə Türkiyədə demokratik yolla seçilmiş hökuməti devirmək məqsədi ilə xain çevriliş planının həyata keçirilməsinə cəhd edildi. Bu cəhdin, bu xain planın müəllifi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “qoltuğ”una sığınan Fətullah Gülən, icraçısı isə Fətullahçı Terror Təşkilatının (FETÖ) daxildəki qüvvələri idi.
İstanbulda körpülərin bağlanması və tankların küçələrə çıxarılması ilə başladılan çevriliş hərəkətlərinin əsas hədəfi təbii ki, ilk növbədə Prezident Rəcəb Tayyib Ərdoğanı fiziki cəhətdən məhv etmək, bununla da iqtidarı başsız qoymaq, dövləti iflic etmək idi. FETÖ məhz bu namərd sui-qəsd planını həyata keçirmək məqsədi ilə öz təbliğatının təsiri altına saldığı qüvvələri (o cümlədən hərbçiləri) bir göz qırpımında hərəkətə gətirdi. Belə ki, mənfur çevriliş cəhdi əsas etibarilə Türkiyə Silahlı Qüvvələrinə sızmış FETÖ-çular və dövlətin daxilindəki paralel strukturlar (FETÖ-çu məmurlar, hüquq-mühafizə işçiləri və s.) tərəfindən həyata keçirildi. Onlar olduqca müdhiş xain hücum planı cızmışdılar.
Lakin lider və xalq birliyi bu xain planın tam olaraq baş tutmasına, həyata keçirilməsinə imkan vermədi. Mübariz Türk xalqı Ərdoğanın televiziya çağırışı ilə o gecə dərhal meydanlara çıxdı, Türkiyə dövlətçiliyinə, milli maraqlarına, demokratik əsaslarına qarşı yönəlmiş çevriliş cəhdinin dəf olunması üçün möhtəşəm birlik, həmrəylik nümayiş etdirdi. O gecə milyonlarla türk vətəndaşı öz liderini, öz demokratiyasını müdafiə etmək üçün sıx birləşdi, böyük bir əzm və fədakarlıqla FETÖ-çu iblislərə qarşı mübarizə apardı, dövlətinə, azadlığına və demokratiyasına sahib çıxdı və beləliklə, bütün xain planları pozdu.
Həmin gecə Azərbaycan da ayaqda idi. Xalqımız və dövlətimiz qardaş Türkiyə Cümhuriyyəti ilə, Türk xalqı ilə sarsılmaz həmrəylik nümayiş etdirdi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana mənəvi, siyasi dəstək verməklə bir daha əsl dostluq, qardaşlıq mövqeyini ortaya qoydu. Çünki dövlətimizin başçısının qeyd etdiyi kimi bu bizim sevincimizi və kədərimizi birgə paylaşdığımız Türkiyəyə qardaşlıq və vəfa borcumuz idi. Həmin günlərdə bizim birlik və qardaşlığımız növbəti dəfə zamanın sınağından üzüağ çıxdı. Biz o qanlı gecədə Türkiyənin varlığını, istiqlalını, demokratiyasını qorumaq naminə canlarını fəda edən şəhidlərin əziz xatirəsini ehtiramla anır, Türk millətinə və dövlətinə uğurlar diləyirik!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri