Qərbi Azərbaycan əslli siyasətçi Türkiyədə partiya qurub
Bu günlərdə Türkiyədə Anka Partiyası (Ankapar) adlı yeni bir partiya qeydiyyatdan keçib.
Bu barədə Avrasiya.net-ə açıqlamasında partiyanın sədri, əslən Qərbi Azərbaycandan siyasətçi dr.Derya Akdemir məlumat verib.
O, bildirib ki, uzun illərdir ictimai sektorda fəaliyyəti olan Anka Der bu yaxınlarda siyasi sferada öz yerini almaq üçün fəaliyyətə başlayıb: "Əlbəttə, bunun üçün bir hüquqi prosedur lazım idi. Bu hüquqi proseduru tamamladıqdan sonra dünən artıq partiyanın qeydiyyatdan keçdiyinin xəbərini aldıq. Türkiyədə mövcud olan Vətənin və Türk dünyasının bütün düşünən insanlarını partiyamızın loqosu altında bir yerə toplamaq, daha aydın gələcək üçün hərəkət etmək ən böyük idealımızdır. Yeni Dünya düzənində Türk millətinin sabahının aydınlıq olacağına canı könüldən inanırıq. Siyasi - iqtisadi, sosial - mədəni konsepsiyalarla türk millətinə xidmət göstərəcəyimizdən hər kəs əmin olsun. Daxildə baş verən proseslərlə yanaşı eyni zamanda beynəlxalq aləmdə baş verənlər də diqqət mərkəzimizdə olacaq. Ölkəmizin və Türk dünyasının prioritet maraqlarını qorumaq üçün güclənəcək, daxilimizdə bizi narahat edən məqamlarla bağlı həll variantları tapmaqla yanaşı, Türkün dünyada artan gücünə də güc qatacağıq. Anka Partiyası olaraq, partiyamız qurulmamışdan öncə hər zaman necə Azərbaycanın haqlı mövqeyini indiyə kimi necə dəstəkləmişiksə, bundan sonra da elə olacaq. Tarixi torpaqlarına geri qayıdış üçün səfərbər olan qərbi azərbaycanlı soydaşlarımızın da mübarizəsini ən ali kürsülərdən dilə gətirəcəyik. Bundan heç kimin şübhəsi olmasın". - deyə o, bildirib.