Azərbaycan-Tacikistan münasibətləri - Ortaq köklərə və tarixi bağlılıq
Azərbaycan dövlətinin xarici siyasətində son illərdə Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdən birinə çevrilib. Bu baxımdan Mərkəzi Asiya dövlətlərindən biri olan Tacikistanla ölkəmiz arasındakı mövcud əlaqələrin inkişafı və dərinləşməsi bu siyasətin məntiqi nəticəsidir. Ortaq köklərə və tarixi bağlılığa malik olan Azərbaycan və Tacik xalqları sevindirici haldır ki, bu münasibətləri rəsmi dövlət səviyyəsində də inkişaf etdirməyə nail olublar. Sovet İttifaqı dövründə sıx əlaqələrə malik olan Azərbaycan və Tacikistan SSRİ dağıldıqdan sonra da müstəqil dövlətlər kimi bu dostluq münasibətlərini davam etdirmiş və hazırda münasibətlərimiz yeni mərhələyə qədəm qoymaqdadır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Tacikistan münasibətləri Möhtərəm cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə daha da inkişaf etmişdir. Xüsusilə hər iki dövlət başçısının qarşılıqlı səfərləri iki dövlət arasındakı münasibətlərin dərinləşməsinə xidmət edir.
Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığın fonunda Azərbaycanla Tacikistan arasında əlaqələrin genişləndirilməsinə xüsusi ehtiyac vardır. Bu baxımdan 23 may 2024-cü il tarixində Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonın Azərbaycana rəsmi səfəri isə əməkdaşlıq əlaqələrinə yeni bir stimul vermişdir. Bu səfər zamanı iki ölkə arasında mövcud olan əlaqələrinin daha da dərinləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə nail olunmuşdur. İmzalanmış sənədlər əsasında iki qardaş respublika arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin daha da artırılması nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması isə Azərbaycanla Tacikistan arasında dostluq və qardaşlıq münasibətlərinin ən yüksək zirvəsini təşkil edir.
Qeyd etməliyik ki, hazırda iki dövlət arasında əməkdaşlığın şaxələndirilməsi üçün siyasi iradə və bir-birindən cəlbedici imkanlar mövcuddur. İnanırıq ki, Azərbaycanla Tacikistan arasında mövcud olan və müxtəlif sahələri əhatə edən münasibətlər dərinləşəcək və hər iki xalqın dostluq və qardaşlığı daha da möhkəmlənəcəkdir.
Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru