Azərbaycanla Belarus arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın xarici siyasətinin başlıca məqsədi milli maraqların müdafiəsidir. Xüsusilə son illərdə aparılmış uğurlu xarici siyasət nəticəsində dost və qardaş ölkələrin əhatəsi genişlənməkdədir. Belə dövlətlərdən biri isə Belarus Respublikasıdır. Sovet İttifaqı dövründə sıx əlaqələrə malik olan Azərbaycan və Belarus SSRİ dağıldıqdan sonra da müstəqil dövlətlər kimi bu dostluq münasibətlərini davam etdirmiş və hazırda münasibətlərimiz yeni mərhələyə qədəm qoymaqdadır. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər isə bu münasibətlərin dərinləşməsinə mühüm töhfə verir. Bildiyimiz kimi cari ilin may ayının 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ölkəmizə rəsmi səfərə gəlmişdir. Səfər çərçivəsində Azərbaycan və Belarus Respublikalarının dövlət başçıları arasında təkbətək və geniş tərkibli görüş keçirilmiş, iki dövlət arasında münasibətlərin dərinləşməsi və mövcud əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra sənədlər imzalanmışdır. İmzalanma mərasimində iştirak edən hər iki dövlət başçısı mərasimdən sonra mətbuata bəyanatlarla çıxış etmişdir. Çıxışı zamanı dövlətimizin başçısı Azərbaycan və Belarus arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafından məmnunluğunu bildirmiş və xüsusi olaraq qeyd etmişdir ki, müasir Azərbaycan-Belarus münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır.
Vurğulamalıyıq ki, Azərbaycan-Belarus münasibətlərinin dost və müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi mühüm əhəmiyyət kəsb etməklə yanaşı hər iki xalqın maraqlarına xidmət edir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun işğaldan azad edilmiş Füzuli və Şuşaya səfər etmələri və burada izlədiyimiz görüntülər bir daha deməyə əsas verir ki, Azərbaycanla Belarus Respublikası arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Xüsusilə Belarus Respublikasının Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərində iştirak etmək arzusu hər iki dövlət arasında münasibətlərin dərinləşməsində olduqca önəmlidir.
Sevindirici haldır ki, hazırda müstəqil Azərbaycan Ulu Öndərin ideyalarını uğurla davam etdirən Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Milli suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş Azərbaycan regionda sülh və əməkdaşlığın əsas tərəfdaşı rolunu oynayır. Bu baxımdan Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı mövcud olan münasibətlərin yeni mərhələyə qədəm qoyması nəticəsində dövlətlərimiz və xalqlarımız arasındakı hərtərəfli əlaqələr bundan sonra daha da möhkəmlənəcəkdir.
Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru