Tehrandan İrəvana sərt xəbərdarlıq: İran Zəngəzurda hərbi baza qura bilər
Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın başçılıq etdiyi nümayəndə heyətinin İrana sonuncu səfəri gərgin atmosferdə keçib.
Bu barədə "Hraparak" qəzetin yazıb.
Fevralın 14-də baş tutan səfər zamanı Tehran İrəvanın Rusiyanın Ermənistandakı mövcudluğunu son qoyma cəhdlərindən və Qərbə yaxınlaşmasından narazılığını ifadə edib.
Nəşrin mənbələrinin sözlərinə görə, İran Prezidenti İbrahim Rəisi Ermənistan nümayəndə heyətinin üzvləri ilə görüşündə İrəvana xəbərdarlıq edib və bildirib ki, İran regionda xarici qüvvələrin olmasına imkan verməyəcək.
Qeyd olunur ki, Ermənistan Rusiya ilə müttəfiqlikdən imtina edəcəyi təqdirdə, İran bu ölkənin təhlükəsizliyini təmin etməyi təklif edib. Mənbələrin sözlərinə görə, Tehran Zəngəzurda İrana məxsus hərbi bazanın qurulması təklifini də irəli sürüb.
Rəsmi Tehran ultimatumu gizlətməyib. İran prezidentinin rəsmi saytında erməni nümayəndələrlə görüşlə bağlı açıqlamada Rəisinin sözlərindən sitat gətirilib: “Biz problemlərin həlli bəhanəsi ilə regionda kənar şəxslərin olması ilə razılaşmırıq və inanırıq ki, onların mövcudluğu nəinki problemi həll etməyəcək, əksinə, xalqlar və hökumətlər üçün daha böyük problemə çevriləcək”.
Xatırladaq ki, fevralın 14-də Tehranda 18-ci Ermənistan-İran hökumətlərarası komissiyasının iclası keçirilib. İclasda İranın Plan və Büdcə Təşkilatının rəhbəri Mənzur və Ermənistan baş nazirinin müavini Qriqoryan iştirak edib. Tərəflər ticarət dövriyyəsini ildə 3 milyard dollara çatdırmaq barədə razılığa gəliblər. Görüş zamanı iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb.