"İsveç PKK ilə bağlı hələ də qəti qərar verməyib, addım atmayıb"
“İsveçin NATO-ya üzvlüyü məsələsi ilə bağlı Türkiyə Böyük Millət Məclisində (TBMM) işlərimizi davam etdirəcəyik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstanın paytaxtı Astanada keçirilən X sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, PKK terror təşkilatının İsveçdəki fəaliyyətinin dayandırılması ilə bağlı hələ də qəti qərar yoxdur: “Bu, bizi təəssüfləndirir. Addım atılmır. Bizim işimiz müraciət sənədini parlamentə təqdim etmək idi. Bunu etdik. İndi işlər davam edir”.
Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin İsveçin müraciəti hələ də müsbət nəticələnməyib.