Putin Priqojinin ölümü ilə bağlı şok faktlar AÇIQLADI
Rusiya Prezidenti Vladimir Putin "Vaqner" özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojinin öldüyü təyyarə qəzasından danışıb.
"Valday" forumunda çıxış edən Putin qəzaya uğrayan təyyarənin xarici təsirlərə məruz qalmadığını bildirib.
O, təyyarə qəzası nəticəsində ölənlərin cəsədlərində əl qumbarasının qəlpələrinin tapıldığını vurğulayıb .
“Bilirəm, yəqin ki, şirkət rəhbərliyinin başına nə gəldi sualı havada qalıb. Təyyarə qəzasından xəbərimiz var, ötən gün İstintaq Komitəsinin rəhbəri [Aleksandr Bastrıkin] mənə məlumat verdi. Təyyarə qəzası nəticəsində həlak olanların meyitlərindən əl qumbaralarının parçaları tapılıb. Təyyarəyə heç bir kənar təsir olmayıb, bu artıq təsdiqlənmiş faktdır, Rusiya Federasiyası İstintaq Komitəsinin apardığı ekspertizanın nəticəsidir”, - deyə Putin bildirib.
O qeyd edib ki, təyyarədə həlak olanların cəsədlərində spirt və narkotik maddə olub-olmaması ilə bağlı ekspertiza olmayıb. Putin, həmçinin Priqojinin Sankt-Peterburqdakı ofisində 10 milyard rubl nağd pul və 5 kq kokain tapıldığını bildirib.
Xatırladaq ki, avqustun 23-də Rusiyanın Tver vilayətində “Embraer Legacy” biznes təyyarəsi qəzaya uğrayıb. Priqojinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Ölənlər arasında Priqojinin özü və onun sağ qolu, “Vaqner”in komandiri Dmitri Utkin də var.