Heydər Əliyev hər zaman özbək xalqının dostu olub
Abror Gulyamov: Cənab Heydər Əliyev həmişə özbək xalqının böyük dostu olaraq Özbəkistanla Azərbaycan arasında qardaşlıq münasibətlərinin inkişaf etdirilməsinə çox ciddi əhəmiyyət verirdi
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihənin icrasına başlayıb. Həm QHT təmsilçilərinin, həm də türk dövlətlərindən olan nüfuzlu şəxslərin, media təmsilçilərinin fikirləri əsasında hazırlanmış ümumilikdə 5 məqalənin dördüncüsü oxuculara təqdim edilir. Dördüncü məqalədə Özbəkistanın İstanbuldakı keçmiş baş konsulu, bu ölkənin Milli İnformasiya Agentliyinin (UzA) Beynəlxalq informasiya redaksiyasının baş redaktorunun müavini Abror Gulyamovun Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev haqqında fikirləri, dahi dövlət xadiminin Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafına yönəlik misilsiz xidmətləri barəsində qeydləri əks olunub.
Abror Gulyamov
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi Özbəkistanda da yüksək səviyyədə qeyd edilib
Fikirlərinə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin Özbəkistanda da yüksək səviyyədə qeyd edildiyini bildirməklə başlayan Abror Gulyamov daha sonra deyib:
“İstənilən xalq hər zaman özünün taleyində inanılmaz dönüş yaradan fədakar, müdrik oğul və qızları haqqında xatirələri həssaslıqla qoruyub saxlayır. Azərbaycanın sədaqətli oğlu, dövlət və ictimai xadimi Heydər Əliyev Vətən və xalq üçün çalışmaqda sonsuza qədər qətiyyətli olan insanlardan biri idi. Böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, Heydər Əliyevin 100 illik yubileyi Özbəkistanda da geniş qeyd edildi, onun həyat və fəaliyyətinə həsr olunan maaarifçilik tədbirləri keçirildi, kitablar təqdim olundu, fotosərgi düzənləndi, sənədli filmin təqdimatı baş tutdu və konsert proqramları gerçəkləşdirildi”.
A.Gulyamov bildirib ki, özbək xalqı Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qazanılmasında və qardaş xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsində göstərdiyi xidmətlər haqqında yetərincə məlumatlıdır:
“Heydər Əliyev tarixə XX əsrin dahi siyasətçisi və dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu və qoruyucusu kimi düşüb. Onun çoxşaxəli fəaliyyəti iki xalq arasında əlaqələrin genişlənməsinə və Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasına çox müsbət təsir göstərib”.
Heydər Əliyevin Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafına verdiyi töhfə misilsizdir
Həmsöhbətimiz bildirib ki, Heydər Əliyevin Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafına verdiyi töhfə misilsizdir:
“Sovet dönəmində Heydər Əliyevin rəhbərliyi ilə atılan addımlar Özbəkistanla münasibətlərin yüksək səviyyəyə çatdırılması, daha sonra strateji tərəfdaşlığın əsasının qoyulmasına, ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə geniş yol açdı. Cənab Heydər Əliyev həmişə özbək xalqının böyük dostu olaraq bizimlə qardaşlıq münasibətlərinin inkişaf etdirilməsinə çox ciddi əhəmiyyət verirdi. Düzdür, xalqlarımız arasında qarşılıqlı əlaqələri tarixi minilliklərin dərinliyinə dayansa da, bu münasibətlərin dinamik inkişafı XX əsrin 70-ci illərinə – Özbəkistan və Azərbaycanın ovaxtkı rəhbərləri – Şərəf Rəşidovla Heydər Əliyevin dostluğunun gücləndiyi dövrə təsadüf edir”.
A.Gulyamov qeyd edib ki, iki liderin münasibətlərinin əsas prioriteti ikitərəfli mədəni tədbirlərin mümkün qədər çox təşkil edilməsi olub:
“1973-cü ilin iyununda Azərbaycanda Özbəkistan Ədəbiyyatı Günləri keçirildi. Bakıdakı Axundov adına kitabxanada Özbəkistanda nəşr edilmiş 700 nüsxədən çox kitabdan ibarət sərgi təşkil olundu. Həmin il Bakıda və Moskvada Azərbaycan dilində poeziya nümunələrinin banisi İmadəddin Nəsiminin 600 illiyi ilə əlaqədar yubiley tədbirləri baş tutdu. Həmin tədbirlərdə Özbəkistanın ədəbiyyat və incəsənət xadimləri fəal surətdə iştirak etdilər. 1973-cü ilin oktyabrında Özbəkistan Elmlər Akademiyasının Əlişir Nəvai adına Ədəbiyyat Muzeyində Nəsiminin 600 illiyinə həsr olunan sərgi keçirildi. Yenə həmin il keçirilən Biruninin 1000 illiyinə həsr olunan tədbirlərə Azərbaycan alimlərinin geniş nümayəndə heyəti qatıldı. O dönəmdə Azərbaycanda Abdulla Qədiri, Oybek, Şərəf Rəşidov, Pard Dursun kimi şair və yazıçılarının əsərləri tərcümə edilərək nəşr olundu. Xalqlarımız arasında qardaşlığı tərənnüm edən ən təsirli şeir isə özbək şairi Qafur Qulamın “Azərbaycanın qırx yaşı” şeiri idi.
Öz növbəsində Səməd Vurğun, Mirzə İbrahimov, Süleyman Rəhimov, Rəsul Rza, Məmməd Rahim kimi Azərbaycan şair və yazıçılarının əsərləri özbək dilində işıq üzü gördü. Qafur Qulam, Fayzi Şahismail, Abdulla Aripov, Turab Tula, Ramiz Babacan, Erkin Vahidov, Həmid Qulam, Nərmurad Narzullayev və başqa özbək şairləri Azərbaycan xalqı haqqında şeirlər yazdılar, bəstəkar Cumaniyaz Cabbarov isə ballada bəstələdi.
Eyni zamanda, Azərbaycan şairləri Mirvarid Dibazi, Süleyman Rüstəm, Osman Sarıvəlli, Əlağa Kürçaylı, Rəsul Rza özbək xalqına həsr olunan şeirlər yaratdılar.
Mirzə İbrahimov Azərbaycan-Özbəkistan dostluğundan bəhs edən “Böyük dostluq” oçerkini qələmə aldı. Yazıçı Y.Şirvan isə iki qardaş xalq haqqında “Qardaş Özbəkistanda” adlı silsilə oçerklər çap etdirdi”.
Mədəni tədbirlər xalqlar arasında əlaqələri daha da gücləndirib
Onun sözlərinə görə, mədəni tədbirlər xalqlar arasında əlaqələri daha da gücləndirib:
“1975-ci ildə Özbəkistandan olan geniş nümayəndə heyətinin iştirakı ilə Azərbaycanda Özbəkistan Ədəbiyyatı Günləri təşkil olundu. Daha sonra – 1980-ci ilin oktyabrında isə Bakıda Özbəkistan alimlərinin geniş tərkibdə qatıldıqları “Xalqların qardaşlığı – ədəbiyyatların qardaşlığı” adlı konfrans keçirildi. Özbəkistan Ədəbiyyatı və Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan ictimaiyyəti özbək xalqının bədii ustalığı ilə yaxından tanış olmaq imkanı qazandı. Azərbaycan Dövlət Rəsm Qalereyasında Özbəkistan təsviri incəsənətinə məxsus 200-dən çox mənzərə, qrafika və heykəltəraşlıq nümunəsi sərgiləndi. Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin zallarında Özbəkistan dekorativ-tətbiqi sənətini əks etdirən 400-dən artıq xalça, tikmə-toxuma işləri və başqa əsərlər nümayiş etdirildi. Eyni zamanda, Sumqayıt şəhərində özbək ustalarının taxta-oyma, toxuma işləri, həmçinin çox sayda zəruri ev alətlərinin sərgisi gerçəkləşdirildi”.
Qeyd edilib ki, həmin vaxt Özbəkistandan olan 150-yə yaxın məktəblinin işi Azərbaycan Bədii Fondunun sərgi salonunda uşaq rəsm əsərləri ekspozisiyasının əsasını təşkil edib:
“Vəcihə Səmədova adına qalereyada isə Özbəkistan haqqında fotohekayə, o cümlədən, monumental incəsənət və memarlıq nümunələri ilə tanışlıq imkanı yaradıldı. Bu sərgilərdə nümayiş etdirilən çoxsaylı eksponatlar iki qardaş xalqın həyatı və məişəti, onların tarixi nailiyyətləri haqqında hərtərəfli təsəvvür formalaşdırırdı. Beləliklə, Azərbaycan və Özbəkistanın ovaxtkı liderləri Şərəf Rəşidov və Heydər Əliyev arasında olan qardaşlıq münasibətləri ikitərəfli əlaqələrin genişlənməsinə əlverişli zəmin yaradır və münasibətlərin dinamik inkişafına güc verirdi”.
Müstəqillik illərində iki qardaş xalq arasında münasibətlər daha da möhkəmlənib
A.Gulyamov bir daha xüsusi olaraq qeyd edib ki, Heydər Əliyev hər zaman özbək xalqının dostu olub:
“Hətta özbək xalqının “pampıq işi” ilə əlaqədar ağır günlərində də Heydər Əliyev xalqımızın dostu olaraq qaldı. Onun Özbəkistanda baş verən proseslərə özünün şəxsi yanaşması vardı. Heydər Əliyev Moskvada yüksək dövlət vəzifəsi tutmasına baxmayaraq, Özbəkistana və onun xalqına qarşı hazırlanan provakasiya və repressiyalar barəsində Şərəf Rəşidovu xəbərdar etməkdən çəkinmirdi”.
A.Gulyamov bildirib ki, Azərbaycan və Özbəkistan dövlət müstəqilliyini əldə etdikdən sonra iki qardaş xalq arasında münasibətlər daha da möhkəmlənib:
“Heydər Əliyev ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının təşəbbüskarı olub. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 855 illiyi ilə əlaqədar 1996-cı ilin sentyabrında Bakıda keçirilən tədbirdə Özbəkistan nümayəndə heyətinin üzvü kimi iştirak etmək xoşbəxtliyi mənə də nəsib olub. O zaman Heydər Əliyev Özbəkistan Ali Məclisinin sədri İrkin Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Bu, bir nəzakət görüşü idi. Azərbaycan lideri səmimi şəraitdə keçən o görüşdə Azərbaycan-Özbəkistan dostluq münasibətləri haqqında geniş danışdı. Yuxarıda qeyd olunduğu kimi, Şərəf Rəşidov və Heydər Əliyev arasında dərin dostluq münasibətləri vardı. O, özbək xalqına hər zaman hörmətlə yanaşar, Özbəkistan barəsində səmimiyyətlə danışardı. Ölkələrimiz müstəqillik qazandıqdan sonra Heydər Əliyev 1996-cı ilin oktyabrında Daşkənddə təşkil olunan Türkdilli Dövlət Başçılarının 4-cü Forumuna və böyük dövlət xadimi Əmir Teymurun 660 illiyinə həsr edilən tədbirlərə qatıldı. Forumda çıxış edən Heydər Əliyev bildirdi ki, türkdilli dövlətlərin liderlərinin müntəzəm görüşləri ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verir, mədəni-mənəvi bağları gücləndirir, müstəqilliyi daha da möhkəmləndirir”.
İkitərəfli münasibətlərin inkişafında yeni mərhələ
A.Gulyamovun fikrincə, Heydər Əliyevin Özbəkistana 1997-ci il iyulun 18-19-da baş tutan növbəti rəsmi səfərini ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ kimi qiymətləndirmək olar:
“Həmin səfər çərçivəsində Daşkənddə əməkdaşlığın inkişafına, Azərbaycan və Özbəkistan arasında dostluq və tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlik 19 müqavilə imzalandı. Azərbaycan Prezidenti Heydər Əliyev sənədlərin imzalanması mərasimində çıxış edərək bunları dedi: “Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinin mövcudluğu və münasibətlərimizin möhkəmliyi, inkişafı üçün lazım olan hər şeyi edəcəyik”. Dövlət başçılarının görüşündə isə tərəfləri maraqlandıran məsələlər müzakirə edildi, əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıldı. Heydər Əliyevin bəhs olunan səfəri zamanı o, Özbəkistan Dövlət Universitetinin fəxri doktoru seçildi”.
Heydər Əliyevin türkdilli dövlətlər arasında inteqrasiyasında rolu haqda danışan A.Gulyamov qeyd edib ki, dahi lider hər zaman türk dövlətlərinin bir arada olmasına səy göstərib:
“O, Türk dünyası yazıçıları ilə görüşündə bu sahədəki vəziyyət haqqında geniş danışaraq ədəbi əlaqələrin gücləndirilməsinin vacibliyini önə çəkdi:
“Xalqlarımızın ədəbiyyatı və poeziyası çox məhrumiyyətlərə, çətinliklərə məruz qalıb. Bu çətinliklər bəzən tarixin çox geniş kəsimində bizim mədəniyyətə, ədəbiyyata və poeziyaya zərbə vursa da, onları məhv edə bilmədi. Vaxtilə böyük çətinliklərdən keçən Türk xalqlarının mədəniyyəti, ədəbiyyatı və poeziyası hazırda dünyada xüsusi yer tutur”.
Türk dövlətləri, xüsusilə, qardaş Azərbaycan və Özbəkistan arasında dostluq münasibətləri ən yüksək səviyyəyə çatdırılıb
Həmsöhbətimiz, həmçinin “Heydər Əliyevin geniş irsini öyrənəndə, onun çoxşaxəli fəaliyyətinin milli maraqların qorunmasına, qardaş xalqlarla münasibətlərin inkişafına və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına yönəldiyini görə bilərik. O, ziddiyyətlərlə dolu olan XX dünya tarixində müasir Azərbaycanın qurucusu zirvəsinə yüksəlməyə nail olub. Dahi lider ölkənin inkişafının əsasını qoyub və müstəqil respublikanın memarı olaraq dövlətçiliyi formalaşdırıb. Biz Özbəkistanla münasibətlərin yüksək səviyyəyə qaldırılmasında, ölkələrimizin strateji tərəfdaşlığında, çoxtərəfli əməkdaşlığında və qarşılıqlı dəstəyində onun müstəsna rolunu aydın görürük”, deyə əlavə edib.
A.Gulyamov yekunda bildirib ki, dahi lider Heydər Əliyevin arzu və ideyaları həyata keçib:
“Müstəqil Azərbaycan öz kökünü, tarixi keçmişini, müstəqilliyini, zəngin mədəniyyətini əzmlə qoruyaraq dünya ölkələri arasında inamla irəliləyir. Türk dövlətləri, xüsusilə, qardaş Azərbaycan və Özbəkistan arasında dostluq münasibətləri ən yüksək səviyyəyə çatdırılıb”.
Araz Zeynalov
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.