"Priqojin Şoyqunu Qırmızı Meydanda asacağına söz verib"
Rusiya müasir tarixinin ən həyəcanlı və həssas dövrünü yaşayır. "Vaqner" qruplaşmasının rəhbəri Priqojinin uzun zamandan Rusiya mərkəzi hərbi rəhbərliyilə olan qarşıdurması nəhayət ki, açıq hərbi toqquşma həddinə çatdı. Rusiya iç savaşa doğru sürüklənir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
Politoloq bildirib ki, Rusiya hərbi elitasının qarşı-qarşıya gəlməsi yaxşı heç nə vəd etmir. Tərəflərin mövqeləri elədir ki, qarşıdurmanın iki tərəfdən birinin məğlub olması ilə nəticələnəcəyi mütləqdir. Barışıq mövqeyinin olması mümkün görünmür.
Priqojin Ukrayna müharibəsində özünə döyüşkən və qalib, əks tərəf, yəni ordu rəhbəri Şoyqu və qərargah rəisi Gerasimov isə məğlub və korrupsioner imici formalaşdırıblar:
"Priqojin bütün uğursuzluqlarda onları günahlandırıb. Putinin hadidəlırun əvvəlindən səssiz qalması isə vəziyyətin bu günə gəlib çıxmasına şərait yaradıb.
Priqojinin ordu daxilində də nüfuzu az deyil. Hal-hazırda vaqnerçilərin Rusiyanın bir sıra şəhərlərini Rostov, Voroneji ələ keçirdiyi deyilir. Priqojin heç bir ciddi müqavimətin olmadığını deyir. Döyüşlərin olduğu da qeyd edilir.
Rusiya ordusu Ukrayna kompaniyası çərçivəsində məğlubiyyətlə üzləşdikdə bir sıra generalların da kresloları getdi. Xalqın bir çoxu səfərbərlik və ya itkilər səbəbindən müharibədən narazıdırlar. Bu narazılıq da həm Putinə, həm də ordu rəhbərliyinə qarşı çevrilib. İndi böyük ehtimalla Priqojinə dəstək getdikcə artacaq. Ordudan onun tərəfinə keçənlər böyük ölçüdə olacaq və hətta, olduğu qeyd edilir artıq. Priqojin Şoyqunu Qırmızı meydanda asacağına söz verib. Görünən odur ki, hadisələr getdikcə qızışacaq.
Hesab etmək olar ki, bu üsyanın nəticələri Kreml və ordu rəhbərliyi üçün ağır olacaq. Amma Putinin hələlik bu məsələdə nə edəcəyi maraq doğurur. Məsələ ondadır ki, bu, Rusiya kimi bir dövlətin qəfildən belə bir hadisə ilə üzləşməsinin inandırıcı olmadığı qənaətini hasil edir. Planlaşdırılmış bir gediş də ola bilər. Burda kimlərin başının getməsi və ya Ukrayna müharibəsindən çıxış üçün variant olduğu isə tezliklə aydın olacaq.
Mübarizədə Priqojinin məğlub olma ehtimalı böyükdür. Amma əsas odur ki, Rusiyanın daxili qarşıdurmaya başının qarışdığı bir zamanda Ukrayna ordusu öz işini görəcək"