Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir
Cari ilin 5 aprel tarixi Prezident İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri ilə yadda qaldı. Prezident İlham Əliyevin mətbuata olan bəyanatında səsləndirdiyi fikirlərdən iki ölkə arasında olan əlaqələrin hansı müstəvidə davam etdirilməsinin bir daha şahidi olduq. Hazırda Azərbaycan və Tacikistan həm beynəlxalq strukturlar çərçivəsində əməkdaşlıq edirlər. Bu əməkdaşlığın xüsusilə ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində daha da dərinləşməsi üçün yaxşı perspektivlər mövcuddur.
Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi.
Dövlət başçısının söylədiyi kimi, bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.
Aprelin 5-də Azərbaycan və Tacikistan prezidentləri arasında keçirilmiş təkbətək və geniş tərkibli görüşdən, eləcə də sənədlərin imzalanmasından sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Bu bəyanatlarda Prezident İlham Əliyevin Tacikistana etdiyi dövlət səfərinin yüksək səmərəliliyi və iki ölkə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verəcəyi qeyd edilib. Diplomatik münasibətlərin otuz ili ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qurması və bu gün qardaş xalqların rifahına xidmət edən sanballı nəticələr əldə edə bilməsi xüsusi vurğulanıb. Diqqətəlayiq haldır ki, ölkələrimiz arasında səmimi münasibətlərin formalaşmasında Ulu öndər Heydər Əliyevin xüsusi xidmətləri olduğu və bu gün Azərbaycan-Tacikistan qarşılıqlı əməkdaşlıq əlaqələrinin məhz Ümummilli liderimiz tərəfindən qurulmuş qarşılıqlı etimada dayanan əsaslar üzərində inkişaf etdiyi Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən xüsusi qeyd edilmişdir.
Tacikistan Prezidentinin bəyanatında gələn ay Ulu öndər Heydər Əliyevin 100 illiyinin Tacikistanda da qeyd ediləcəyini deməsi hər bir azərbaycanlıya şərəf və fəxarət hissi yaşatmaya bilməz. Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda belə, müdrik rəhbərlik sayəsində böyük nəticələr əldə etmək mümkündür. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoymuşdular. Həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bilməlidir ki, bugünkü uğurlu inkişafın arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin gərgin əməyi, böyük zəhməti durur.
Hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılıq əldə olunub. Hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilmiş bütün tapşırıqlar yerinə yetiriləcək.
Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır.
Tacikistandan olan 50-yə yaxın kursant bu gün Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Tacik tələbələrin sayının artırılmasına şərait yaradılmasına dair qərar qəbul olunub. Azərbaycanlı tələbələr də böyük sevinc və istəklə Tacikistanda təhsil ala bilərlər.
Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında imzalanmış bir çox sənədlər ölkələrimiz arasında mövcud münasibətləri tamamilə yeni bir mərhələyə çıxaracaq. İmzalanmış sənədlər arasında Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol xüsusi yer tutur. Məhz bu Protokol ölkələrimiz və xalqlarımız arasında mədəni əlaqələrin daha genişlənməsi və dərinləşməsi baxımndan böyük önəm kəsb edir.
Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri zamanı imzalanan sənədlər tam əminliklə deməyə əsas verir ki, Azərbaycan və Tacikistan arasında əməkdaşlıq əlaqələri bundan sonra daha da yüksək dinamika ilə inkişaf edəcək.
Kifayət Bayramova
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru
Son xəbərlər
