Türkiyə bu ağır günlərdən şərəflə çıxacaq
Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilir.
Fevral ayının 6-da Türkiyə Respublikasında baş verən 7,7 və 7,6 bal gücündə olan dağıdıcı zəlzələlər türk xalqı ilə yanaşı soydaşlarımızı da dərin kədərə bürüdü.
Bildiyimiz kimi heç bir ölkə zəlzələlərdən, təbii fəlakətlərdən sığortalanmayıb. Əminliklə deyə bilərik ki, bir dövlətin dostu və ya düşməni məhz belə ağır zamanlarda üzə çıxır. Türkiyənin 10 vilayətini əhatə edən və böyük dağıntılara, çoxsaylı insan tələfatına səbəb olan bu zəlzələ qüdrətli Türkiyə dövlətini sarsıtsa da inanırıq ki, qardaşlarımız tarixin bu ağır sınağını da geridə qoyacaqdır. Faciə baş verdiyi andan etibarən Türkiyə dövlətinin nümayiş etdirdiyi çevik müdaxilə bizi bunu deməyə əsas verir. Dövlət başçısı səviyyəsində qardaş ölkənin öz vətəndaşına verdiyi dəyər Türkiyə dövlətinin nə qədər güclü olduğunu və bu çətin günlərdən şərəflə çıxacağını göstərir.
Baş verən faciəni öz dərdi, öz ağrısı bilib qardaş əlini uzadan ilk dövlətin Azərbaycan olması böyük məna kəsb edirdi. Türkiyənin sevincini sevinci, kədərini isə kədəri bilən Azərbaycan dövlətinin və xalqının mövqeyi əsl qardaşlıq nümunəsi oldu. Azərbaycanla Türkiyə arasında mövcud olan bu birliyin, bu bərabərliyin ən yüksək səviyyəyə çatmasında əsas amillərdən biri hər iki xalqın ortaq dəyərlərlərlə bir-birinə bağlı olmasıdır. Azərbaycan –Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafında heç şübhəsiz ki, hər iki dövlət başçısının dostluq və qardaşlığa əsaslanan münasibəti böyük rol oynayır. Faciənin baş verdiyi andan etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğona zəng etməsi, dərin hüznlə baş sağlığı verməsi və başda xilasedicilərimiz olmaqla Türkiyəyə böyük heyətin göndərilməsi böyük əhəmiyyət kəsb edirdi. Azərbaycanın dövlət başçısı səviyyəsində nümayiş etdirdiyi mövqe bir daha Azərbaycan-Türkiyə qardaşlığını bütün dünyaya nümayiş etdirdi. Qardaşları üçün səfərbər olan Azərbaycan xalqının humanitar yardım çağırışlarına qarşı həmrəylik göstərməsi əsl qardaşlıq, sevgi və mərhəmətin nümunəsi idi. Qürurverici haldır ki, Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə vəsait və ianələr şəklində dəstək göstərilir.
“Bir millət, iki dövlət” prinsipinin yalnız sözdə deyil əməldə ortaya qoyulması xalqımızın nə qədər uca və qədirbilən xalq olduğunun bariz sübutudur.
Azərbaycan-Türkiyə qardaşlığının gücünü və bu qardaşlığın sarsılmaz və əzəmətli olduğu bütün dünyaya nümayiş etdirildi. Qədribilən Azərbaycan xalqı 2020-ci ildə baş verən Vətən müharibəsində əldə edilən zəfərin qazanılmasında müharibənin ilk anlarından etibarən qardaş Türkiyə dövlətinin və xalqının hərtərəfli dəstəyini heç bir zaman unutmayacaqdır. Faktiki olaraq hazırda Türkiyənin 10 vilayətində mövcud vəziyyət, yaralıların dağıntılar arasından xilas edilməsi müharibə vəziyyətini xatırladır. Qardaş ölkənin bu ağır savaşda qalib gəlməsi üçün dəstək növbəsi artıq bizdədir. Azərbaycan xalqı II Qarabağ müharibəsində olduğu kimi bir yumruq ətrafında birləşərək qardaşlarımızın dərdinə şərik çıxır və kədərlərini azaltmaq istiqamətində əlindən gələni əsirgəmir.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Son xəbərlər
