İran rəsmisi Ukraynanı raketlərlə hədələyib
İran nüvə danışıqları qrupunun müşaviri Məhəmməd Mərəndi Ukraynanı raket, dron və müxtəlif İran silahları ilə hədələyib.
“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” nəşri yazıb.
M. Mərəndini narahat edən məqam Prezident Volodimir Zelenskinin ofisinin müşaviri Mixaylo Podolyakın İrandakı dron zərbələrində Ukraynanın rolunun olmasına işarə etməsi olub.
İran rəsmisi deyib ki, Zelenski “belə bir axmaqlıq etməyə peşman olacaq”:
“Zelenski İranın pilotsuz uçuş aparatları, raketləri və digər silahlarının yoxetmə gücünün təcrübəsini görə bilir”.
Qeyd edək ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak İranın müxtəlif şəhərlərində baş verən partlayışları şərh edərkən Ukraynanın daha öncə xəbərdarlıq etdiyini xatırlatmışdı. Kiyev rəsmisinin bu fikirləri həmçinin İran Xarici İşlər Nazirliyində də hiddət doğurub.