İranda hakimiyyət dəyişməsə... - İsrail hücuma hazırlaşır?
İsrail parlamenti artıq Likud partiyasının lideri Benyamin Netanyahunun yaratdığı hökuməti təsdiqləyib. Bununla da İsraildə yeni hökumət formalaşıb. Hazırda əsas diqqət hakimiyyətin xarici siyasətinə yönəlib.
Belə ki, Baş nazir Benyamin Netanyahu rəhbərlik etdiyi hökumətin xarici siyasətinə yenidən baxılacağını və ölkəsinin maraqlarını müstəqil şəkildə müdafiə edəcəyini diqqətə çatdırıb.
"Xarici əlaqələrə yenidən nəzər salacağıq. Səsimiz bütün dünyada eşidiləcək. Dünya birliyinin diktəsinə baş əymək əvəzinə, İsrail dövlətinin maraqlarını qürurla müdafiə edəcəyik”, - deyə Baş nazir ilk çıxışında qeyd edib.
Yeni hökumətin qurulmasından sonra “əzəli düşmən” olan İsrail və İran arasında münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi sual altındadır.
İsraildə ifrat sağçı Benyamin Netanyahunun hakimiyyətə gəlişi uzun illərdən bəri davam edən gərginliyi daha da alovlandırır. Onun İrana qarşı münasibətinin sərt olduğu hər kəsə bəllidir. Netanyahu çıxışlarında dəfələrlə İranı hədələyərək, bu ölkəyə zərbələr endiriləcəyinə dair xəbərdarlıq edib.
Tərəflər arasında davam edən qarşıdurmada əksər Qərb ölkələri İsraili dəstəkləyir. Təl-Əvivin əsas müttəfiqlərindən olan ABŞ administrasiyası İrandan gələn təhdidləri aradan qaldırmaq üçün İsrailin yeni hökuməti ilə işləməyə hazır olduğunu bildirib.
Belə olan halda İran-İsrail qarşıdurması istisna edilmir.
İsraildən olan tanınmış siyasi ekspert David Gendelman Modern.az-a bildirib ki, iki ölkə arasında normallaşma prosesi gözlənilmir.
O fikirlərini belə əsaslandırıb: “Netanyahu əvvəl baş nazir olarkən İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar aparmayıb. Çünki buna maneə yaradan ölkələr sırasında ABŞ da vardı. Amma indi proseslərdə Amerika İsraili dəstəkləyir. Bu, ABŞ tərəfindən Tehrana qarşı hədə-qorxu ola bilər. İki ölkə arasındakı əlaqələrdə müsbət addımların olacağı hələ gözlənilmir, hətta vəziyyət daha da kəskinləşə bilər.
Hərbi əməliyyat gözlənilməsə də, başqa sahələrdə müəyyən toqquşmalar ola bilər. İndiki zamanda əslində İran hər hansı müharibəyə hazır deyil. Ona görə də hazırkı vəziyyəti öz xeyrinə çevirməyi bacarmalıdır. Bunu da qeyd edim ki, İranda rejim dəyişməyənə qədər bu ölkə ilə münasibətlər normallaşmayacaq. İranda hakimiyyət qaldıqca müsbət nəsə gözləmək düzgün deyil”.