Ermənilər əsgərimizi yaraladı, cavabı ağır oldu..Xəbər verdiyimiz kimi, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Nicat Hidayət oğlu İsgəndərov yaralanıb.

Axar.az xəbər verir ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələrinin adekvat cavab tədbirləri gördüyünü elan edib.

Az öncə isə Ermənistan Müdafiə Nazirliyi 3 erməni hərbçinin məhv edildiyini rəsmən bildirib. Onların adı açıqlanmayıb.

Hazırda sərhəddə vəziyyət stabilləşib.

Qeyd edək ki, Azərbaycan MN baş vermiş insidentə görə bütün məsuliyyətin vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bəyan edib.
Erməni ordusu atəş açdı, hərbçimiz yaralandıErmənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb.

Müdafiə Nazirliyindən bildirilib ki, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Nicat Hidayət oğlu İsgəndərov yaralanıb.

Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

"Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - Nazirlikdən bildirilib.

İsrail Təhlükəsizlik Akademiyası: Bütün Qarabağ müharibəsi şəhidlərini ehtiramla anırıqHər zaman dost, qardaş Azərbaycan dövlətinin və xalqının yanındayıq. Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin yaydığı məlumatda yer alıb.
Qeyd olunub ki, 2020-ci il sentyabrın 26-dan 27-nə keçən gecə erməni təxribatı ilə başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan hərbçisi böyük şücaət və igidlik göstərərək erməni işğalında olan Azərbaycan torpaqlarını işğaldan azad edib. İkinci Qarabağ müharibəsində 3 minə yaxın Azərbaycan hərbçisi şəhid olub. Bu müharibədə şəhid olan Azərbaycan əsgərlərinin sentyabrın 27-si Anım Günüdür.

“Biz Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olmuş və canından keçmiş hərbçilərin xatirəsini ehtiramla anırıq. Dost və qardaş Azərbaycan xalqına‚ dövlətinə və şəhid olanların ailələrinə dərin hüznlə başsağlığı veririk.

Erməni təxribatlarını‚ vandalizmini və erməni cinayətlərini şiddətlə pisləyir‚ hər zaman qardaş Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu ifadə edirik. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi daimi və əbədi olsun. Şəhidlərə Tanrıdan rəhmət diləyir‚ məkanları cənnət olsun deyirik. Qarabağ Azərbaycandır!”, - deyə məlumatda qeyd edilib.


Media-QHT əməkdaşlığı üçün vacib olan məqamlarBəlli olduğu kimi, Azərbaycan dövləti QHT-lərlə hərtərəfli əməkdaşlıq edir, layhələrin qəbulu və icrası prosesində onların iştirakına geniş şərait yaradır. Dövlətin həyata keçirdiyi bütün layihə və tədbirlərdə yaxından iştirak etmək QHT-lərlə cəmiyyət arasında sıx işbirliyinin formalaşmasına gətirib çıxarır. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasəti dəstəkləyən QHT-lər ölkədə həyata keçirilən layihələrdə iştirak etməklə dövlətin daha da möhkəmlənməsinə, sosial və digər problemlərin həllində müəyyən mənada öz töhfələrini verirlər.

Bu mənada QHT-lər arasında gənclərlə işləyən təşkilatların rolu da çox böyükdür. “Gələcək gənclərin əlindədir!”, - bu deyimdən yola çıxsaq, QHT sektorunda gənclərlə işləyən təşkiltlarda ictimaiyyətlə əlaqələr sisteminin qurulması, görülən işlərin cəmiyyətə daha geniş formada çatdırılmasında medianın, həmçinin sosial şəbəkələrin rolu və digər mövzular maraq doğurur.

Elə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində mövbəti məqalədə də bu məqama aydınlıq gətirilir.

Natəvan Abbaslı: Görülən işlərin mediada və sosial platformada təbliği günün tələbidir

Sosial şəbəkələrdə maksimum aktiv olmağa çalışırıq

Bəhs edilən məqamla bağlı fikirlərini bölüşən “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı media və sosial şəbəkələrlə işin vacib olduğunu deyir: “İstəsək də, istəməsək də yaşadığımız dövrün ən qabarıq reallıqlarından biri bundan ibarətdir ki, artıq fərd, yaxud da təşkilat olaraq həyatı sosial şəbəkələrsiz təsəvvür etmək mümkün deyil. Bu gün statusundan asılı olmayaraq, minimum texnoloji imkana malik olan hər bir kəs sosial şəbəkə istifadəçisi qismində müxtəlif platformalarda özünü bacardığı dərəcədə ifadə etməyə, diqqət mərkəzində olmağa can atır. Məsələyə daha ciddi və işgüzar kontekstdə yanaşsaq, əlbəttə, qarşıya qoyulan məqsədlərin və fəaliyyətin təbliği baxımından, sosial şəbəkələrin rolu əvəzsizdir. Yuxarıdakı fikrimə başqa yöndən baxsaq, medianı heç də intensiv təqib etməyən insanların böyük qismi özlərinin informasiya tələbatını məhz sosial şəbəkələr vasitəsilə təmin edirlər. Ona görə də biz “Qızılbaş” Gəncələri Maarifləndirmə İctimai Birliyi olaraq, sosial şəbəkələrdə maksimum aktiv olmağa çalışırıq. Fərqli platformalarda yaradılmış səhifələrimizdə təşkilatın məqsəd və hədəfləri, həyata keçirdiyi layihələr və maarifləndirici fəaliyyətimiz barəsində izləyicilərə ətraflı məlumat veririk. Eyni zamanda, sosial şəbəkələrdə izləyici auditoriyamızı genişləndirəcək vasitələrdən də səmərəli istifadə imkanlarını mütləq dəyərləndiririk”.

Təşkilat sədri bildirir ki, sosial şəbəkələr bütün hallarda o qədər ciddi və vacib platformadır ki, oradakı işlərinə özfəaliyyət səviyyəsində yanaşmaq heç bir halda mümkün deyil. Bu səbəbdən də sosial şəbəkələrdəki işlərinin sistemli qaydada həyata keçirilməsi üçün peşəkar sosial media menecerinin (SMM) xidmətindən istifadə edirlər və işin effketivliyini görürlər.

Media ilə QHT-lər arasında “qırılma nöqtəsi” bu məsələdən başlayır

“QHT-lərin fəaliyyətinin spesifikliyini nəzərə alsaq, medianın ictimai təşkilatların fəaliyyətinə, onların həyata keçirdiyi layihələrə marağının böyük olmadığını deyə bilərik. Mediadakı çağdaş tendensiyalar və rəqabət fonunda QHT-lərin fəaliyyətinə geniş yer verilməsi hər hansı iddialı media orqanı üçün “rəqiblərdən geridə qalmaq” riski kimi qiymətləndirilir. Ona görə də hətta çox aktual bir layihənin belə medianın diqqqətini cəlb etməsi asan deyil. Buna nə qədər təəssüflənsək də, vəziyyət belədir”, - deyə o qeyd edir.

N.Abbaslı bildirir ki, QHT-lərin fəaliyyətinin işıqlandırılmasında qarşıya çıxan əsas problemlərdən biri də kommersiya xarakterlidir: “Bir çox media orqanları hesab edirlər ki, hər hansı bir QHT qrant alaraq layihə həyata keçirirsə, o zaman informasiya dəstəyinin verilməsi üçün müvafiq müqavlə imzalamalıdırlar. Yəni belə bir təsəvvür var ki, QHT-lər qrant formasında aldıqları vəsaitlə icra etdikləri layihənin icrasını mediada işıqlandırmaq istəyirlərsə, zəhmət çəkib bunu ödənişli formada etsinlər. Ancaq hər kəsə məlumdur ki, ayrılan qrantlarda bunun üçün büdcə minimaldır. Mənə belə gəlir ki, media ilə QHT-lər arasında “qırılma nöqtəsi” bu məsələdən başlayır. Onu da deməliyəm ki, bu məsələdə şəxsi münasibət və əlaqələrin özünəməxsus ağırlığı var”.

Media ciddi QHT-lərin aktual layihələrinə informasiya dəstəyi verməklə...

N.Abbaslının fikrincə, media ciddi QHT-lərin aktual layihələrinə informasiya dəstəyi verməklə, ictimai maraqlara uyğun davranmış olar. Ancaq bunu media orqanlarının qarşısına qəti tələb formasında qoymaq da doğru və mümkün deyil: “Bu fikirdəyəm ki, media ilə QHT-lər arasında sıx əməkdaşlığın qurulması çox zəruridir. Amma yuxarıda vurğuladığım məqam əksər hallarda burada həlledici faktor kimi çıxış edir. Bu şəraitdə orta səviyyəli bir media orqanı ilə normal fəaliyyəti olan hansısa QHT arasında kommersiya məqamının olmayacağı əməkdaşlığın qurulması təsəvvürə gəlmir. O baxımdan, QHT-lərə ayrılan qrantlarda son dönəmdə media ilə əməkdaşlıqla bağlı hissənin olması bu əlaqələrin fərqli fazaya daxil olmasına gətirib çıxaracaq. Yəni, sırf hansısa saytda deyil, oxunan, izlənən saytlarda xəbərlərinin yayılması o layihələrə marağı da artıracaq. Cəmiyyət üçün də faydalı olacaq”.

Onu da qeyd edək ki, 2007-ci ildə qeydiyyata alınan “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi bu günədək müxtəlif layihələrə imza atmış, vətənpərvərlik və vətəndaşlığın təşviq olunması, gənclərimizin dünya gəncləri ilə inteqrasiya olunması, regionlardakı mövcud problemlərin həllndə gənclərin iştirakı, gənclərin təhsil, səhiyyə və sosial problemlərinin həlli istiqamətlərinin müəyyənləşdirilməsi və sair fəaliyyətinin əsas istiqamətlərinə çevirmişdir. Bu mənada, həm Azərbaycanda, həm də digər ölkələrdə bir sıra layihələr gerçəkləşdirilmişdir. Bu layihələr Əvvəllər QHT-lərə Dövlət Dəstəyi Şurasının, sonra isə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə reallaşmışdır. Bundan başqa, İctimai Birlik tərəfindən Azərbaycanın tarixilə bağlı önəmli hadisələrin ildönümlərinə həsr olunmuş fərqli konfrans və toplantılar gerçəkləşdirilmişdir. Bütün bu tədbirlər yerli və xarici media tərəfindən işıqlandırılmış, geniş ictimai və siyasi rezonans doğurmuşdur.

Cavid Şahverdiyev

Məqalə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb

Almaniya Ukraynaya yeni hərbi yardım ayırdıAlmaniya Ukraynaya ayırdığı yeni hərbi yardım paketini açıqlayıb.

Bu barədə Almaniya hökuməti məlumat yayıb.

Yardım paketinə 10 körpü sistemi, 90 ağır qoşqu, 6 MG3 pulemyotu, 20 min 40 mm-lik qumbaraatan daxildir.

Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Olaf Şolts rəsmi Berlinin Ukraynaya tanklar verməməyinin səbəbini izah etmişdi. O bildirmişdi ki, bu addım müharibənin daha da genişlənməsinə şərait yaratmamaq üçündür.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında savaş bu il fevralın 24-də başlayıb.
Azadlığa çıxmalı olan MTN generalını həbsdən BURAXMIRLARDünən azadlığa buraxılmasına dair qərar çıxarılan keçmiş MTN generalı Vəli Ələsgərov barəsindəki qərar icra olunmur.

Avrasiya.net xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun vəkili Vüqar Xasayev məlumat verib.

Vəkilin sözlərinə görə, Naxçıvan qarışıq tipli cəzaçəkmə müəssisəsində saxlanılan Vəli Ələsgərovun buraxılması üçün göstəriş verilmir:

"Buna səbəb kimi həbsxananın Rəşad adlı rəisi bizə bildirdi ki, müvafiq göstəriş Penitensiar Xidmətdən gəlməlidir".

Xatırladaq ki, ötən gün Ali Məhkəmədə Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərov barədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.
İranda etirazçılar polkovniki öldürdüİranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Mohsen Dalvənd öldürülüb.

Avrasiya.net modern.az-a istinadən xəbər verir ki, təcrübəli zabit etirazçılar tərəfindən qətlə yetirilib.

Məlumata görə, hadisə Mohsen Dalvənd Sərdəşt şəhərində baş verib. Polkovnik bir neçə güllə yarası alıb və yerindəcə keçinib.

İnsident zamanı iranlı polkovnikin 4 cangüdəni də yaralanıb.
Müharibə iştirakçısı faciəvi şəkildə öldüGöyçay rayonunda otbiçən maşının mühərriki partlayıb, ata-oğul yaralanıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə sentyabrın 27-də rayonun İnçə kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Cavid Məcidov otbiçən maşının mühərrikini işə salmağa çalışıb. Bu zaman mühərrik partlayıb və yanğın başlayıb. Yaxınlıqda olan C.Məcidovun atası, 1966-cı il təvəllüdlü Sərvər Məcidov yanğını söndürməyə cəhd edib. Nəticədə hər iki şəxs ağır xəsarət alıb. Daha sonra onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda atanın vəziyyəti normaldır. Lakin həkimlər C.Məcidovun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, C.Məcidov Vətən müharibəsi iştirakçısıdır.

***

Göyçay rayonunda otbiçən maşının mühərrikinin partlaması nəticəsində yaralanan Cavid Məcidov vəfat edib.

O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
“İran həmişə Azərbaycanın ərazi bütövlüyünə hörmət edib”Behnam Məlikpur: “Biz mübarizəni qardaşlığımız və dostluğumuz uğrunda aparmalıyıq”

Behnam Məlikpur iki həftədir ki, İranın ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə yeni attaşesi kimi fəaliyyətə başlayıb. Gənc olmağına baxmayaraq necə deyərlər, siyasətdə bişib, geniş dünyagörüşünə, savad və biliyə malikdir. Özünəməxsus keyfiyyətləri ilə də seçilənlərdəndir. Sadə və səmimiyyətinə isə söz ola bilməz. Qapısını bütün media nümayəndələrinin üzünə açıb. Ölkəmizə yeni ideya və təkliflərlə gəlib, dediyi kimi iki ölkənin media nümayəndələri arasında körpü olmağa çalışacaq, əməkdaşlığı genişləndirəcək, həmrəylik və birlik yaratmağa çalışacaq.

B.Məlikpur Təbrizdə doğulub, orta təhsilini də orda alıb. Daha sonra ali təhsilini Fars dili və ədəbiyyatı üzrə davam etdirib. Magistraturanı isə sosial-siyasət sahəsində tamamlayıb. İş fəaliyyətinə Xarici İşlər Nazirliyində başlayıb. İndi də İranın Azərbaycandakı səfirliyinin sözçüsüdür.
Dediyinə görə, İranda müvəqqəti üç aylıq, altı aylıq diplomatik kurslarında təcrübələr keçib: “Bu təcrübələr çox zəruridir, çünki həm peşəkarlığın səviyyəsini artırır, həm də işləyəcəyimiz mühitə, ölkəyə alışqanlıq yaradır. Bu arada, mən ötən il altı ay müddətinə Bakıda olmuşam. Azərbaycandan əvvəl hər hansı xarici ölkədə işləməmişəm, amma rəsmi heyətlərin tərkibində səfərlərə getmişəm. Məsələn, Türkmənistanda, Qazaxıstanda olmuşam. Rəsmi səfər çərçivəsində iki dəfə Azərbaycana da gəlmişəm - 2018 və 2019-cu illərdə prezidentimizin tərcüməçisi olmuşam”.

B.Məlikpur dedi ki, Azərbaycana təyinat xəbəri onu sevindirdi, axı yad yox, doğma bir ölkədə işini davam etdirəcək: “Əlbəttə, bu xəbər mənim üçün çox xoş oldu. Biz eyni mədəniyyəti bölüşürük. Azərbaycan bizə doğmadır, burada özümüzü ölkəmizdə - öz evimizdəki kimi hiss edirik – dilimiz bir, dinimiz, mədəniyyətimiz, məişətimiz, hətta adət-ənənələrimiz də birdir. Üstəlik, bilirik ki, burada yaşayanlar hamısı müsəlmandır, yeyilən-içilən nə varsa halaldır. Odur ki, hətta restorana, filana gedəndə də rahat oluruq. Burada özümüz, ailələrimiz üçün əlaqə qurmaq, ünsiyyət saxlamaq çox asandır və bu bizi məmnun edir. İnsanların üzündə sevinc, mehribanlıq var. Azərbaycanın hər yeri mənə doğmadır.

Diplomat işinin çox məsuliyyətli olduğunu bildirdi. Hətta dedi ki, Azərbaycan müstəqilliyini bərpa edəndən bu yana ölkələrimiz arasında əlaqələr həmişə enişli-yoxuşlu olub və buna səbəb olan çox sayda amillər var. Bunlardan ən böyüyü odur ki, Azərbaycan müstəqil olduğu 30 il ərzində müharibə şəraitində qalıb, torpaqlarının 20 faizi işğal edilib və üç onillik dövrdə həm siyasi-diplomatik, həm də hərbi müstəvidə mübarizə aparıb. Əlbəttə, bu dövrdə İran İslam Respublikası mütəmadi şəkildə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. O cümlədən, İranın ali dini lideri də ilk gündən sonadək Qarabağı Azərbaycanın ayrılmaz hissəsi və İslam dünyasının bir parçası hesab edib: “İran həmişə Azərbaycanın ərazi bütövlüyünə hörmət edib və bundan sonra da rəsmi Bakının haqq, ədalət uğrunda apardığı mübarizəni dəstəkləyəcək. Biz tarixən qonşu və qardaş ölkə olmuşuq”.

Məlikpur iki dost ölkə arasındakı münasibətləri korlamağa çalışan qüvvələrin də olduğunu və onların bu məkrli niyyətlərinə çata bilməyəcəklərini vurğuladı: “Amma bir sıra xarici ölkələr var ki, rəqabət və ya düşmənçilik mövqeyində dayanaraq İran-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışırlar. Amma həm İranın, həm də Azərbaycanın ali dövlət orqanları həmişə dostluq əlaqələrinin inkişafına çalışaraq, üçüncü tərəflərin təxribatının qarşısında böyük iradə nümayiş etdiriblər. Ölkələrimiz arasında çox sayda iqtisadi, ticarət, enerji və yol-infrastruktur müstəvisində regional və beynəlxalq əhəmiyyətli layihələr mövcuddur. Bu layihələrdən bəziləri reallaşıb, bəziləri icra müstəvisində davam etdirilir. Şimal-Cənub nəqliyyat dəhlizi ölkələrimizi bir-birinə daha da yaxınlaşdıran layihədir, Araz çayı üzərindəki hidroqovşaqlar, o cümlədən, Xudafərin Su Elektrik Stansiyası enerji təminatı müstəvisində çox əhəmiyyətlidir. Tarix boyunca Azərbaycan İran tacirləri üçün əlverişli bazar olub və bu indi də belədir. Amma təəssüf ki, bütün dünyanın başağrısına çevrilmiş koronavirus pandemiyası başlayandan sonra sərhədlərin qapadılması səbəbindən insanlarımızın qarşılıqlı gediş-gəlişləri xeyli azalıb. Amma yenə də ümid edək ki, bu qlobal bəla tezliklə sovuşub gedəcək və bütün problemlər aradan qalxacaq. Zatən ötən həftə son iki ildə koronavirusa yoluxanların sayının ən aşağı olduğu həftə kimi qeydə alınıb. Bütün hallarda çalışıb üçüncü tərəflərin təsiri altına düşməməli və ölkələrimiz arasında tarixi dostluq əlaqələrini inkişaf etdirməliyik”.

Diplomat hər iki ölkənin mediasında xoşagəlməyən yazıların dərcinə də münasibət bildirdi. Qeyd etdi ki, bütün bunlar düşmənin dəyirmanına su tökməyə xidmət edir. İki ölkənin mediasında mütəmadi şəkildə təzahür edən neqativ yanaşmalar yalnız təəssüf doğurur: “İfadə azadlığına qarşı çıxmaq mümkün deyil. Bizim üçün vacib olan rəsmi mövqelərdir. Mən özüm İran-Azərbaycan münasibətləri ilə birbaşa əlaqəli olduğum üçün cəsarətlə deyə bilərəm ki, nə İranın, nə də Azərbaycanın rəsmi mövqeyində hər hansı mənfi hal yoxdur: hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və sair. Ayrı-ayrı şəxslərin vaxtaşırı səsləndirdiyi fikirlərə gəlincə, bu ifadə azadlığına dəlalət edir. Düşünürəm ki, iki ölkənin media qurumları ortaq komissiya yaratsınlar, hər iki tərəfdən jurnalistlər toplaşıb mənfi halları aradan qaldırmaq yollarını araşdırsınlar və əlbəttə, Xarici İşlər nazirlikləri də onlara dəstək versinlər. Məncə çox müsbət nəticə əldə olunacaq. Buna baxmayaraq, üçüncü tərəflərin təxribatçı qüvvələri və onların təsiri altına düşənlər hər zaman olduğu kimi, gələcəkdə də olacaqlar. Hesab edirəm ki, onlara fikir vermək lazım deyil. Regionda və dünyada baş verənlərdən nəticə çıxarmalıyıq. Bizim indi dost itirmək vaxtımız deyil. İmkan verməli deyilik ki, aramızdakı istiliyi soyutsunlar. Bir olmalıyıq, hər yazılana, hər deyilənə reaksiya verib, mübarizə üçün meydana atılmamalıyıq. Biz mübarizəni qardaşlığımız və dostluğumuz uğrunda aparmalıyıq”.

B.Məlikpur İran səfirliyinin mətbuat katibi olaraq Azərbaycana hansı proqramlarla gəldiyini və media ilə iş sahəsində nə kimi fəaliyyət göstərəcəyindən də söz açdı. Dedi ki, iki həftə burada olmağına baxmayaraq mediadan ona çox suallar ünvanlanıb: “Çoxlu suallar verirlər və soruşuram həmin jurnalistlərdən ki, bu məlumatları haradan eşidiblər, hara istinad edirlər, cavab verirlər ki, sosial şəbəkələrə. Əgər sosial mənbə medianın resursu olacaqsa, hər hansı xoş günlərin yaxınlaşdığını vəd etmək olmaz. Mən şəxsən fəaliyyətim ərzində çalışacağam ki, rəsmi mövqelərdən yararlanaraq suallara cavab verim. Qeyri-rəsmi, sosial şəbəkələrdəki söyləntilərlə bağlı şərh vermək lazım deyil. Sosial şəbəkələr heç vaxt rəsmi mövqeyi əks etdirmir. Baxın, mən mediaya açıqam. Hansı jurnalisti nə maraqlandırırsa mənlə əlaqə yarada bilər. Ancaq eşitdiyini yox, rəsmi məlumatlardan çıxış edib sual ünvanlasın. Azərbaycandan İrana gedib gələnlər və ya əksinə, İrandan Azərbaycana gəlib qayıdanlar hər şeyi öz gözləri ilə gördükləri üçün sosial şəbəkələrdə deyilənlərə, istənilən təxribatçı söz-söhbətlərə qulaq asmırlar. Bu səbəbdən də gediş-gəlişi artırmaq ən yaxşı çıxış yoludur və buna çalışmalıyıq. Mən də mətbuat katibi olaraq çalışacağam ki, iki ölkənin mətbuat nümayəndələrindən ibarət komissiya yaradılsın, media nümayəndələrinin səfərlərini təşkil etmək, bir sıra digər layihələri həyata keçirmək niyyətim var. Bu hər iki tərəfin xeyrinə olar, eyni zamanda bütün sahələrdə dostluğumuzu genişləndirə, möhkəmləndirə bilər”.

...Cənab Məlikpurla ilk görüşümüz tanışlıq xarakteri daşısa da, sanki, çoxdanın dostu kimi ayrıldıq. Söhbətimiz səmimi alındı. Siyasətdən, İrandan Azərbaycanın, Azərbaycandan İranın necə görünməsindən, deyilənlərdən, eşidilənlərdən, hər iki ölkənin mediadakı vəziyyətindən, bir sözlə bir çox məsələlərdən bəhs etdik, fikir mübadiləsi apardıq, təkliflərlə çıxış etdik. Bunlar bir qəzetə belə sığmaz.

Suallarımıza təmkin, təcrübəli siyasətçi kimi, dəqiq və məntiqlə cavab verən Behnam Məlikpurun böyük potensiala malik olduğuna və qarşısına qoyduğu məqsədlərə çata biləcəyinə əmin olduq. Təbii ki, onun missiyası çox ağır və məsuliyyətlidir, xüsusən də bu ağır dönəmlərdə. Bu yükü necə daşıya biləcəyini isə zaman göstərəcək. Biz ona yalnız fəaliyyətində uğurlar arzulaya bilərik.

Cavid
Vilyam Hacıyevin apellyasiya şikayəti üzrə məhkəməsi başlayıbİmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə şikayətin dəlilləri araşdırılıb.

V.Hacıyevin vəkili birinci instansiya məhkəməsinin çıxardığı hökmdən narazı olduğunu deyib.

Sabiq icra başçısının ailə üzvlərini təmsil edən müdafiəçi isə əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsini istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 12-də davam etdiriləcək.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxsin 6 milyon 300 min manatlıq əmlak və pulu dövlət nəfinə müsadirə olunsun.