Ana südü ilə qidalanmanın üstünlükləri
Ana südü tərkibindəki balanslaşdırılmış komponentlərin, hormonların, müxtəlif boy faktorlarının, çoxlu miqdarda bioloji aktiv maddələrin və müdafiə faktorlarının (immunoqlobulinlər, fermentlər) olmasına görə körpələrin boyümə və inkişafı üçün ideal qidadır. Ana südü həmçinin ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissəsidir.
Ana südü 0-6 aylıq uşaqların qidalanması üçün “qızıl standart” hesab olunur. Vaxtından əvvəl doğulan uşaqlarda ana südü demək olar ki, həyatlarının mühafizəsini təmin edir. Bu uşaqlar üçün ana südünün əsas üstünlüyü onlarda çəkinin daha yaxşı artması, infeksion-iltihabi xəstəliklərin daha az inkişaf etməsidir.
Ana südü heç bir xəstəlikdə qida rejimini pozmağa imkan vermir və təmiz maye mənbəyi olaraq orqanizmi susuzlaşmadan müdafiə edir. Məsələn, diareya zamanı uşaqda ana südünün qəbulu davam etdirilir, lakin digər maye və qidalardan əksər hallarda imtina edilir.
Ana südü erkən yaşlı uşaqları pnevmoniyadan qoruyur. İnfeksiyaya qarşı maddələrin konsentrasiyaları ana südündə uşağın bir yaşından sonra da qalmaqda davam edir və infeksiyalardan müdafiə edir.
18 saylı uşaq poliklinikasının həkim-Pediatr Aygün Cəfərli bildirib ki, ana südü uşaq üçün nadir və ideal qidadır. Ana südünün nadir tərkibinə görə alimlər onu "təbiət fenomeni" kimi qiymətləndirirlər. Ən müasir və bahalı süni uşaq qidasının tərkibi ana südünün tərkibinə hətta "yaxınlaşa bilməz".
Ana südünün tərkibi olduqca mürəkkəbdir, zəngindir. Hazırda alimlər ana südünün tərkibində 400 komponent aşkar ediblər:
"Təbii qidalanmanın əsasını təşkil edən ana südünün tərkibi uşaq orqanizminin toxumalarına yaxın olub, asan mənimsənilir. Bununla yanaşı, ana südünün bəzi fərdi xüsusiyyətləri qeyd edilir.
Ana südünün tərkibində neyroaktiv qabiliyyətə malik olan "taurin" aminturşusu var. Bu aminturşu insan orqanizmində faktiki olaraq sintez olunmur, ancaq ana südünün tərkibində qeyd olunur. Taurin aminturşusu gözün torlu qişasında, böyrəküstü vəzin toxumasında və s. yerləşərək, membran stabilize edən agentləri aktivləşdirir və antioksidant qabiliyyətini özündə cəmləşdirir. Antistafilokokk faktoru mövcuddur.
Ana südünün tərkibində doymamış yağ turşuları, xüsusən də omega-3 və omega-6 daha çoxdur.
Karbohidratların 90%-ni B laktoza təşkil edir. Nazik bağırsaqdan daha gec sorulan B laktoza, yoğun bağırsağa çatır və orada bifidobakteriyaların normal stimulyasiyasını artıraraq B qrup vitaminlərin sintezində iştirak edir.
Müxtəlif fermentlərlə zəngindir. Ana südündə lipaza inək südünə nisbətən 15 dəfə, amilaza-100 dəfə çoxdur. Bu da uşaqlarda olan zəif fermentativ aktivliyi kompensasiya etmiş olur. Ana südü kiçikdispersli zülallar - albuminlər ilə zəngin olduğu halda inək südü isə - iridispersli zülallar (kazeinoqen) ilə zəngindir".
Pediatr daha sonra qeyd edib ki, körpə üçün ana südünün bir çox faydası var: "Ana südü ilə qidalanma körpənin bir sıra xəstəliklərə tutulma riskini azalda bilər. Belə ki, uzun müddət ana südü ilə qidalandırma uşağı orta qulaq, boğaz və sinus infeksiyalarından, həmçinin çoxsaylı tənəffüs və mədə-bağırsaq xəstəliklərindən qoruyur. Ana südü körpənin çəkisini sağlam şəkildə artırır. Ana südü ilə qidalanma sağlam çəki artımına kömək edir və piylənmənin qarşısını alır. Ana südü ilə qidalanan körpələrdə çox miqdarda faydalı bağırsaq bakteriyası var ki, bu da yağların depolanmasına təsir edir. Ana südü ilə qidalandırılan körpələrin orqanizmində süni qida ilə qidalanan körpələrə nisbətən daha çox leptin var. Leptin iştahı və yağ yığımını tənzimləyən əsas hormondur. Ana südü uşaqların zehni inkişafına təsir edir. Araşdırmalar nəticəsində müəyyən olunub ki, ana südü ilə qidalanma körpələrin uzunmüddətli beyin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir".
Cavid
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Uşaqların və anaların gələcək sağlamlığı - ana südü” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir.