Ana südü körpələr üçün optimal qidalanmanı təmin edir
Yenidoğulmuşlar və körpələr üçün ən yaxşı qida ana südüdür. Ana südü körpələr üçün optimal qidalanmanı təmin edir. O, lazımi miqdarda qida maddələrinə malikdir və asanlıqla həzm olunur.
Süd verən qadının orqanizminin qida ehtiyatları hamiləlik, eləcə də doğuş zamanı qan itkisi nəticəsində az və ya çox dərəcədə tükənə bilər. Əsasən qida maddələrinin ilk dəfə kolostrumla, sonra isə ana südü ilə itirilməsi nəticəsində laktasiya dövrü orqanizmin qida maddələrinə olan ehtiyacını artırır.
Bir qadın üçün ən müqəddəs hadisələrdən biri məhz doğuşdur. Körpələrə ən vacib qida ana südüdür. Bu qida təbii vitamin qaynağıdır. Yenidoğulan körpələrin ilk altı ayı yalnız ana südü ilə bəslənməsi məsləhətlidir. Bu əvəzsiz qida ilə bəslənən körpələrdə infeksion xəstəliklər minimum müşahidə edilir. Həmin uşaqlarda allergik xəstəliklər, ishal və tənəffüs yolu xəstəlikləri və hətta irəli yaşlarda ateroskleroz, xərçəng və dağınıq skleroz kimi xəstəliklər daha az müşahidə olunur. Əmizdirən analarda isə süd vəzisi xərçəngi, yumurtalıq xərçəngi, osteoporoz və anemiya kimi xəstəliklər daha az rast gəlinir.
Ana südünün tərkibi ilk ifraz olunan günlərdən başlayaraq sonrakı günlərə qədər dəyişir, belə ki, doğuşdan sonrakı ilk günlərdə fərqli tərkibdə ana südü ifraz olunur ki, buna ağız südü deyilir. Ağız südü körpəni infeksion amillərdən qoruyan maddələrlə daha zəngindir. Ağız südü adətən ilk bir həftə ərzində sintez olunur. İkinci həftədən ana südünün zülal tərkibi azalır, laktoza, yağ tərkibi və ümumi kalorisi artır ki, buna "keçid südü" deyilir. Daha sonrakı dövrdə sintez olunan ana südünün tərkibinə gəlincə, əmizdirmənin başlanğıcında karbohidratlardan, sonunda isə yağlardan zəngin olan ana südü ifraz olunur.
Ana südünün xüsusiyyətlərinə gəlincə, ana südü asan həzm olunan və infeksiyalardan qoruyucu xüsusiyyətlər ilə seçilən zülallarla zəngindir. Ana südündə olan zülal və mineralların miqdarının inək südü ilə müqayisədə daha az olması, həzm və ifrazat sistemində ola biləcək yüklənmənin qarşısını alır. Ana südündə olan dəmir, sink kimi mineralların miqdarı, inək südü ilə müqayisədə daha çoxdur, məsələn dəmir üçün bu rəqəm beş dəfə çoxdur. Ana südündə həzmi asan olan doymamış yağ turşularının səviyyəsi yüksəkdir. Beyin və sinir sistemi üçün vacib olan esensiyal yağ turşularının səviyyəsi ana südündə inək südü ilə müqayisədə 8 dəfə çoxdur. Belə ki ilk 4 ay ərzində bu yağ turşuları körpə orqanizmi tərəfindən sintez olunmur.
İlk saatlardan etibarən körpənin istəyinə uyğun olaraq, münasib şərtlərdə və doğru texnika ilə əmizdirilmə, körpənin ana südü ilə qidalanmasının vacib şərtləridir. Əmizdirmə zamanı ifraz olunan oksitosin və prolaktin kimi hormonlar süd vəzisində südün boşalmasını təmin edir və yeni südün sintezini stimullaşdırır.
Ana südünün faydaları:
• Zəka inkişafı üçün ən önəmlidir.
• Zülal və vitamin ehtiyatını təmin edir
• Kron adı verilən xroniki bağırsaq xəstəliyinə qarşı körpəni qoruyur.
• Böyüyəndə analarına daha düşkün olurlar
• Böyüdüyündə köklük riskini aşağı salır.
• Digər qidalara görə, həzmi daha asan başa gəlir
• Allergik xəstəliklərin qarşısını alır.
• Peyvəndlərin təsirinin artmasına yardımçı olur.
• Leykemiya kimi uşaq dövründə rastlaşılan, xərçənglərə qarşı da yaxşı qoruyucudur.
• Körpənin ağlamasına qarşı ən yaxşı sakitləşdirici kimi tanınır.
• Soyuqdəymə qarşı ən yaxşı qoruyucu vasitədir.
• Qəbizlik problemini minimuma endirir.
• Körpənin diş sağlamlığını qoruduğu kimi inkişafını da təmin edir.
• İçən uşaqların böyüyəndə daha üzüyola olduqları bildirilir.
• Uşağın ishal problemlərini böyük nisbətdə aradan qaldırır.
• Körpənin çənəsinin daha qüvvətli bir hala gəlməsini təmin edir.
• Düzgün danışmağa təkan verir
• Yuxu problemi olan uşaqların daha rahat yuxuya getməsini təmin edir.
• Gələcəkdə uşaqda anemiyaya tutulma riski olduqca düşər.
• Ana südü, körpənin zehni olaraq da yaxşılaşmasına yardımçı olur.
Pediatr Aytən İsmayılzadə əvvəlcə ilk günlərdə ana südünün azlığından danışıb. Deyib ki, əslində ilk günlər süd az olmur, sadəcə az çıxır. Ona görə ki , südün çıxması yəni süd kanallarının açılması üçün lazım olan oksitosin hormonu tədrivən artır.
Əgər prolaktin hormonu südün yaranması üçün lazımdırsa, oksitosin hormonu onun rahat ifraz olunması üçün lazımdır:
"Yəqin ki, süd verən analar ilk günlər əmizdirdikdə uşaqlığın ağrılı yığılmasını hiss edir. Bu ona görə olur ki, doğuşdan sonra oksitosin hormonu artır, o həm uşaqlığın yığılıb əvvəlki ölçüyə qayıtmasına kömək edir, həm də südün çıxmasınl rahatladır ki uçaq da rahat əmir. Prolaktin hormonu hamiıəlik vaxtı da ifraz olunur, ona görə hamiləlik vaxtl da süd yaranır. Oksitosin isə doğuş üçün lazımdır ki, uşaqlıq yığılsın və doğuş baş versin, doğuşdan sonra da artır. Oksitosin sevgi hormonu da adlanır. Onun artması ilə ana uşaq ilə özünü xoşnəxt hiss edir. İlk günlər isə bu məsələ çətin olur. Həm süd rahat çıxmır, həm ana gərgin olur. Xoşbəxt ola bilmir. Sual yarana bilər lki, elə oksitosin də prolaktin kimi hamiləlik dövründən ifraz olunsa daha yaxşı olmazmı? Əgər belə olsa idi onda hamiləlik vaxtında sonlanmazdı. Erkən doğuş düşük vaş verərdi. Digər tərəfdən isə çox miqdarda buraxılan südü yenidoğulmuşun nə mədəsi tutardı, nə də zəif ağız əzələləri ilə əmə bilərdi. Uşaq boğula bilərdi. Görürsüzmü uşaq-ana sistemi necə də səssiz-səmirsiz hormon -maddə səviyyəsində bir-birini anlayır. Bu anlayışa,bu razılaşmaya müdaxilə etmək sadəcə günahdır.
Ona görə ilk gün südü az olan yox, az çıxan analar narahat olmasın. Olmalı olan vəziyyətdir. Əslində az dediyimizin yüksək keyfiyyəti olur ki, bu da molozivo -ilk süd adlanır. Və az miqdarda da yeterlidir".
Pediatr onu da qeyd edib ki, övladını öz südü bəsləyən ana bilməlidir ki, o gün ərzində 500 kkal əlavə itirir və buna görə qida rasioununu zəngin etməlidir və gün ərzində 2-3 litr maye qəbul etməlidir. Süd verən ana kofeinli içkilərdən, çay, kofe, enerji içkisi, kola və s. uzaq olmalıdır.
Onların tərkibindəki kofein uşaqda sinir sistemi oyanıqlığına gətirir. O, daha sonra vurğulayıb ki, ana südü yetdiyi sürəcə heç bir əlavə qidaya ehtiyac yoxdur, xüsusilə 6 aya kimi yalnız ana südü verilməlidir. Süni qida və ya əlavə qidalar uşağın qida rasionuna nə qədər tez salınarsa bir o qədər çox problemlər yaşanar. Uşaqda allergik fon güclənə bilər, atopik dermatit formalaşa bilər. Həzm sistemi tərəfindən disfunksiyalar, köp, narahatlıq, kakada selik hətta qan görülə bilər. Məcburi halda verilən süni qida mutləq hipoallergik olmalıdır ki, bu problemlərin görülmə ehtimalı azalsın:
“Südəmər körpə istədiyi vaxt ana südü əmə bilər. Yay aylarında daha tez-tez, çünki su əvəzinə də ana südü əmir. Rejim yalnız uşaq çəkini nornadan artıq qazananda lazım olur, bu da bir ayın sonunda bilinir. O vaxta kimi gün ərzində 4-5 dəfə “kaka edirsə”, 3 dəfədən çox bez doldurursa demək doyur. Ağlamaq, döş axtarmaq doymamaq əlaməti deyil. Analar bilməlidir ki, insan südünü heç bir heyvan südü əvəz edə bilməz. Bilmədirlər ki, uşaq orqanizminin sağlam və düzgün inkişafı birbaşa ana südündən asılıdlr. Süni qida inək ya keçi südündən istehsal edilir. Onlar isə antibiotiklər, vitaminlər, hormonlarla bəslənilir. Uşaqlar yaxşı olar ki, 2 yaşa kimi ana südü ilə qidalansın. Ana südü uşaq ilə ana arasında göbək ciyəsindən sonra ikinci bağdır. Nə qədər gec kəsilsə bir o qədər hər iki tərəfə faydalı olar”.
Cavid
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Uşaqların və anaların gələcək sağlamlığı - ana südü” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir.