Sumqayıtdan Bakıya gələn kursant itkin düşdüHeydər Əliyev adına Hərbi Akademiyanın kursantı itkin düşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə APA-ya kursantın qohumu Adil Babaşov məlumat verib.

A.Babaşov bildirib ki, qohumu 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.

Bundan sonra ondan xəbər olmayıb. İlkin məlumata görə, Vüsal Hüseynli sonuncu dəfə 28 May metrostansiyasından çıxarkən görülüb.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verilib.

Onu görən şəxslərdən 055 791 65 33 nömrəsinə məlumat vermələri xahiş olunur.
Ramiz Mehdiyev YAP-dan da qovulurRamiz Mehdiyevin YAP sıralarından çıxarılacağı iddia edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə “Azpolitiko.info” məlumat yayıb.

İddia edilib ki, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb.

Buna səbəb isə R.Mehdiyevin ötən həftə AMEA-nın rəsmi saytında dərc etdiyi geniş məqalədir. Akademik həmin məqalədə hakimiyyətlə dialoqa gedən siyasi partiyaları aşağılayıb, onlara qarşı radikal müxalifətin apardığı kampaniyalarda istifadə etdiyi epitetlərdən yararlanıb. Bundan başqa, Ramiz Mehdiyev Azərbaycanın milli təhsil sistemi haqqında da təhqiramiz fikirlər səsləndirib. Eyni zamanda, onu tənqid edən Milli Məclisin bəzi üzvlərini, elm adamlarını təhqir edib.

Qeyd edək ki, Ramiz Mehdiyev az öncə AMEA prezidenti postundan istefa verib.
Ramiz Mehdiyev istefa verdiAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.

Avrasiya.net xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

Faktı Trend-ə Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov təsdiqləyib.
AzTV-nin son illərdəki ən uğurlu layihələrindən biri – Şuşanı dünyaya tanıdırıqAzərbaycan Televiziyası daha bir fərqli layihəyə imza atıb. Budəfəki layihə “Şuşa İli”nə həsr olunub. “Şuşam mənim” adı ilə yayımlanacaq layihə silsilə verilişlərdən ibarət olacaq.

Layihənin məqsədi erməni vandalizmini bir daha nümayiş etdirməkdir.

Verilişin quruluşçu rejissoru Elnur Qədirovun sözlərinə görə, layihə “Şuşa İli” ərzində yayımlanacaq: “Hər həftə efirə çıxacaq buraxılışda Şuşanın sadəcə qədim və tarixi yerləri yox, həmçinin bütün küçə və məhəllələri, şəhərdəki tikililər, tarixi abidələr haqqında ən müfəssəl məlumatlar veriləcək”.

Layihənin aparıcısı professor İlham Rəhimlidir. Ona bələdçilik edənlər Şuşanı qarış-qarış tanıyan şuşalılardır. Bu şuşalılar – jurnalist-tədqiqatçı Vasif Quliyev və professor Elçin Əhmədovdur. Verilişin quruluşçu rejissoru Elnur Qədirov, rejissoru Tərlan Tağıyev, quruluşçu operatoru Nicat Nağızadə, operatoru isə Həsənağa Tağıyevdir.

Layihənin fortmatından danışan İlham Rəhimli deyib: “Çalışırıq ki, söhbətlərimiz quru, sxemativ olmasın. Bəzən mübahisələr də edirik, bəzən faktlar haqqında daha dəqiq məlumat vermək üçün bir-birimizin cavablarını tutuştururuq və ortaq məxrəcə gəlirik. Bir sözlə, çalışırıq ki, “Şuşam mənim” layihəsi AzTV-nin son illərdə gördüyü uğurlu yaradıcılıq işləri ilə həmahəng olsun”.

Verilişdə bələdçilik edən şuşalı Elçin Əhmədov deyir ki, 28 il ərzində tez-tez yuxusunda Şuşanı görürmüş: “Yuxudan həyəcanla ayılanda bir xeyli özümə gələ bilmirdim. Şuşalıların (qalalıların) “Güllü bağ” adlandırdığı yer evimizdən 30-40 addım məsafədə idi. Heç bir vaxt qoxusunu ala bilməyəcəyim o güllərin qoxusu ora çatmamış “Qarabağ” mehmanxanasının pilləkənlərinə qədər gəlirdi. Bütün uşaqlığım o yerlərdə keçib. Şəhərin mərkəzində Bazarbaşı deyilən yerin, “Güllü bağ”ın, Saatlı məscidinin yanında...”

Onun sözlərinə görə, şəhərdə 17 məhəllənin bütün qədim evlərinin böyük bir hissəsi yarıuçuq vəziyyətdədir, bəzi evlərin isə izi belə qalmayıb. Tarixi-memarlıq abidələrimiz də dağıdılıb və ya məhv edilib: “Xüsusilə, Şuşada şəhərin mərkəzi hissəsində yerləşən bizim “Mamayı” məhəlləsindəki iki əsr yaşı olan qədim evlər 1992-ci ildən sonra, yəni işğal dövründə məqsədli şəkildə erməni ünsürlər tərəfindən vəhşicəsinə yer üzündən silinib. "Mamayı” məhəlləsindən aşağı düşəndə şəhərin mərkəzi - "Bazarbaşı"na az qalmış Saatlı məscidinə qədər olan hissədə dövlət tərəfindən qorunan bütün iki əsrlik tarixi yaşayış evləri kimi, bizim Üzeyir Hacıbəyli küçəsi, 7 ünvanındakı evimizi də erməni acgöz, vəhşi ünsürlər söküb, qədim daşlarını, yəqin ki, Ermənistana aparıb və ya digər ölkəyə satıblar”.

Layihə çərçivəsində il ərzində - “Şuşa şəhərsalma mədəniyyətinin nadir nümunəsi kimi - Şuşanın məscidləri”, “Şuşanın karvansaraları”, “Şuşanın bulaqları”, “Şuşa sənətkarlığı”, “Şuşada xalçaçılıq, “Şuşanın ticarət əlaqələri”, “Şuşanın saray və imarətləri”, “Şuşada maarifçilik”, “Şuşa qəza (şəhər) məktəbi Qafqazda ilk dünyəvi təhsil ocağı kimi”, “Şuşanın ənənələri - Şuşada ədəbi-bədii məclislər”, “Şuşanın tarixi-memarlıq abidələri, “Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xidmətləri olan Şuşanın görkəmli şəxsiyyətləri” mövzusunda verilişlər efirə gedəcək.

“Şuşam mənim” 16 fevral saat 21:00-da AzTV-də yayımlanacaq.
Azərbaycanda 8 şirkətə cinayət işi açıldıEkologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Quba və Xaçmaz rayonları ərazisində yerləşən Qaraçay, Vəlvələçay, Qudyalçay və Babaçay adlı cəmi 4 qum-çınqıl yataqlarında fəaliyyət göstərən qum-çınqıl karxanalarında araşdırma aparılıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Ətraf mühitin mühafizəsi sahəsində mütəxəssislərin iştirakı ilə GPS cihazları vasitəsilə ölçü işləri aparılaraq əraziyə baxış keçirilib, müxtəlif sorğular göndərilib.

İlkin hesablamalara görə, 8 şirkət və 5 sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin fəaliyyətində 6 milyon manatdan çox məbləğdə ziyana səbəb olan qanun pozuntuları aşkar edilib.

Araşdırma nəticəsində fakt üzrə Cinayət Məcəlləsinin 188.1 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 308.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 13 cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

“Azərsu” əməkdaşı həm söyüldü, həm döyüldüAzərsu ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin “İmişli Sukanal” Sahəsinin əməkdaşı Mustafa Məhərrəmov fiziki təzyiqə məruz qalıb.

Qurumdan Avrasiya.net-ə bildirilib ki, səhmdar cəmiyyəti abunəçilərin ödənişə cəlb edilməsi məqsədilə maarifləndirmə və təbliğat işləri gücləndirsə də, bəzi vətəndaşlar ödənişdən yayınmağa cəhd edir, xidməti vəzifələrini yerinə yetirən “Azərsu” əməkdaşlarına qarşı kobud rəftar edir, onları fiziki təzyiqlərə məruz qoyurlar.

İmişli şəhəri Sevil Qazıyeva küçəsi ev 6 ünvanında Taleh Zeynalov adlı abunəçinin içməli su təchizatı xidmətlərindən istifadəyə görə yığılmış borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, o, borcu ödəməkdən imtina edib. “Sudan İstifadə Qaydaları”nın tələblərinə əsasən su təchizatının dayandırılması ilə bağlı iş əmri yaradılıb. “İmişli Sukanal” Sahəsinin əməkdaşları həmin ünvana yaxınlaşaraq abunəçiyə borcun ödənilməsinin vacibliyini bir daha izah ediblər. Lakin vətəndaş “İmişli Sukanal” Sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndisi ilə aqressiv davranaraq onu ağır təhqir edib, fiziki təzyiq göstərib.

Baş vermiş hadisə aktlaşdırılıb, M.Məhərrəmov tibbi ekspertizadan keçirilib və faktın araşdırılması üçün İmişli Rayon Polis Şöbəsinə müraciət olunub.

"Göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır. Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Yaranmış debitor borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abunəçi yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu aylar üzrə bölünmüş ödəniş qrafiki üzrə hissə-hissə ödəyə bilər", - deyə "Azərsu" bəyan edib.
Azərbaycan sərhədini pozmaq istəyən 2 nəfər saxlanıldıAzərbaycan sərhədini pozmaq istəyən 2 nəfər saxlanılıb.

Bu barədə Avrasiya.net-ə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fevral ayının 12-də saat 21:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun İmamverdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 2 nəfərin olduğu “Mersedes-Benz” markalı 99-FR-932 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərdən birinin düşərək beton konstruksiyalı körpünün yanında kolların arasında gizlədilən 2 ədəd qara rəngli idman çantasını götürməsi sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən naməlum şəxslər saxlanılılıblar. Onların Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü Əşrəfli Xəyal Teymur oğlu və Tərtər rayon sakini, 1998-ci il təvəllüdlü Nəsirzadə Nicat Yaşar oğlu olmaları müəyyənləş­dirilib, əllərindəki çantalara baxış zamanı içərisində ümumi çəkisi 11 kiloqram 340 qram narkotik vasitə (4565 qram heroin, 5565 qram marixuana, 1210 qram metamfetamin) və 1000 ədəd metadon-40 psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb.

Nəsirzadənin üzərinə baxış keçirilərkən gödəkçəsinin sağ cibindən xırda bükümdə 3 qram narkotik vasitə heroin aşkarlanıb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dneprdə Fikrət Əmirovun anadan olmasının 100 illiyi konsertlə qeyd edilibUkraynanın Dnepr şəhərlərində Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə konsert proqramı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin (DVAK) təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunan konsertdə Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu ilə Dneprropetrovsk Akademik Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun əsərləri səsləndirilib.
Konsertdən əvvəl açılış mərasimində çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, 2022-ci ili TÜRKSOY-ya üzv ölkələrdə “Fikrət Əmirov ili” elan edib. Bu il ərzində təşkilatın üzv ölkələrində Fikrət Əmirovla bağlı bir sıra tədbirlər keçiriləcək. Bununla bağlı ilk tədbir Dneprdə reallaşır.

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova isə qeyd edib ki, bu cür konsertlərin keçirilməsi ölkəmizlə, o cümlədən TÜRKSOY-ya üzv olan dövlətlərlə Ukrayna arasında mədəni əlaqələrin yüksək olmasının göstəricisidir. Səfir bildirib ki, bu cür konsertlərin məqsədi Azərbaycanın milli musiqisinin xarici ölkələrdə, o cümlədən Ukraynada təbliğidir. Diplomat vurğulayıb ki, Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir, hər iki dövlət strateji tərəfdaşdır.
Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov, Dnepropetrovsk şəhər Şurasının katibi Aleksandr Sanjara çıxışlarında Fikrət Əmirov yaradıcılığından söhbət açıblar və mədəni tədbirlərin ölkələr arasında sıx əməkdaşlıq yaratdığını vurğulayıblar.

Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.



Onu tanıyan hər kəs  bilir ki...Bu günlərdə facebook sosial şəbəkəsində ADAU-nun rektoru, professor İbrahim Cəfərovun yazdığı bir status diqqətimi cəlb etdi. Həmin statusda İbrahim Cəfərov yazmışdı: "Dəyərli tələbələrim, Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyinin fəaliyyəti Sizi qane edirmi?" Burada yüzlərlə insanın, ən çox da tələbələrin yazdığı şərhlər bu suala tam cavab verir. Ona görə mən də bir ziyalı kimi öz fikirlərimi yazmaq qərarına gəldim.

Ölkənin təhsil məkanında Azərbaycan Dövlət Aqrar Universitetinin xüsusi çəkisi və yeri var. Ölkənin iqtisadi qüdrətinin artırılmasında, ərzaq məsələlərinin həllində mühüm rol oynadığına görə bu təhsil müəssisəsi həyati əhəmiyyət daşıyır. Elə bu səbəbdən də aqrar sahəyə göstərilən dövlət qayğısı ilbəil artır.

Məlumdur ki, aqrar sahənin dinamik inkişafı ilk olaraq aqrar təhsilin inkişafından keçir. Ona görə də keyfiyyətli təhsil mühiti və təhsil şəraiti yaradılmalıdır. Bu missiyanı isə ölkəmizdə yeganə aqrar təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar Universiteti həyata keçirir. Əminliklə demək olar ki, bu gün Azərbaycan Dövlət Aqrar Universitetində keyfiyyətli kadr hazırlığı üçün hər bir şərait yaradılıb, aqrar təhsili tədris edən kifayət qədər bacarıqlı professor-müəllim heyəti formalaşıb. Tədris korpusları dünya standartlarına uyğun qurulub, lazımi maddi-texniki baza ilə təmin olunub. İbrahim Cəfərovun rektor işlədiyi son illərdə universitetin təhsil şəraitində tək ölkə mütəxəssislərini deyil, Avropa mütəxəssislərini də heyrətə gətirəcək işlər görülüb.

Keyfiyyətli kadr hazırlığının təmin olunması məqsədilə stimullaşdırıcı təqaüd proqramları yalnız ADAU-da həyata keçirilir. Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının qərarına əsasən, 2021-2022-ci tədris ilində qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 150 manat, 500 və daha çox bal toplayanlara isə 250 manat əlavə təqaüd verilir. Elmi Şuranın qərarına əsasən, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 100 manat, imtahan sessiyaları zamanı altı fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 150 manat əlavə təqaüd verilir.

ADAU-nun tələbə yataqxanaları, tədris binaları tam təmirlidir, maddi-texniki bazası çox yüksək səviyyədədir və müasir tələbləri ödəyir. Tədris binalarının həyəti yaşıllığa bürünüb, qədim və əzəmətli çinarlarla, eləcə də müxtəlif ağaclarla əhatə olunub. Təkcə "Mühəndislik" fakültəsi yerləşən binanın həyətində bu tədris ilinin başlanğıcında universitet əməkdaşlarının zəhməti hesabına istifadəyə verilən tələbə parkı tələbələrin və universitet əməkdaşlarının ən sevimli istirahət yeridir. Rəngbərəng güllər ilin bütün fəslində göz oxşayır. Bütün bunlar isə tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə böyük təsir göstərir. Burada şəhidlərimizin xatirəsinə abidə ucaldılıb, park ərazisində velosiped yolu salınıb, istirahət zonaları abadlaşdırılıb,fiqurlardan ibarət kompozisiyalar quraşdırılıb.

ADAU-ya 2013-cü ildən AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov rəhbərlik edir. Ömrünü elmə, təhsilə həsr edən, elmi və ictimai mühitdə peşəkarlığı və qayğıkeşliyi ilə seçilən İbrahim Cəfərov yenilikçi, daim tələbələrin yanında olan, onların qayğılarını çəkən, problemlərini həll edən bir rektordur. O, həm rektor, həm də müəllim kimi istedadlı tələbələrə hər zaman mənəvi dəstək verib, onların sevimli müəllimi olub. Məhz buna görə də professor İbrahim Cəfərov dəfələrlə “ilin ən yaxşı rektoru” adlı sosial tələbə sorğusunda qalib olub. Onun peşəkar rəhbərliyi sayəsində ADAU-da keyfiyyətli və şəffaf təhsil imkanları, tələbəyönümlü tədbirlər, təqaüdlər, beynəlxalq mübadilə proqramlarında iştirak, tələbələrin sosial-məişət şəraitinin ən müasir tələblərə cavab verməsi, valideyn-universitet əlaqələrinin inkişafı, aqrar sahədə uğurlu karyera imkanları təmin edilib. İbrahim Cəfərov öz peşəkarlığı, qayğıkeşliyi ilə ad-san çıxaran, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edən bir rektordur. Onu tanıyan hər kəs bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə çoxlarından fərqlənir. O, rəhbərlik etdiyi kollektivin əməkdaşlarına,eləcə də tələbələrə maksimum diqqət və qayğıyla yanaşır, problemlərini həll edir, onların dövlətimizə və Prezidentimizə inamını artırır.

İbrahim Cəfərov fakültələrdə tələbələrlə mütəmadi olaraq görüşür, onların rəy və təkliflərini dinləyir ki, bu da tədrisin, maddi-texniki təchizatın, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətinin qiymətləndirilməsində və daha səmərəli qərarların qəbul olunmasında mühüm rol oynayır.

Bu insan bu günədək bir dəfə də olsun tədris etdiyi dərsdən qalmayıb və ya onun yerinə bu dərsi basqası tədris etməyib. Sosial şəbəkələr onun keçdiyi dərslərin videoyazıları ilə doludur. Tələbələrlə çox səmimi münasibətdədir. Vaxtaşırı həm tədris korpuslarında, həm də tələbə evlərində onların arasında olur, problemlərini dinləyir, qayğıya, diqqətə ehtiyacı olana tək rektor kimi yox, öz doğması kimi isti münasıbətini əsirgəmir. Bu da tələbə ilə rektor arasında olan qarşılıqlı hörmətin olması və nəticə etibarı ilə uğura gedən yolun başlanğıcı deməkdir.

Bir sözlə, ADAU-nun son illərdə imza atdığı bütün uğurlar onun rektorluq dövrünə düşür. Bütün bu göstəricilər onu təsdiq edir ki, həqiqətən də Azərbaycan Dövlət Aqrar Universitetində tədris və təlim çox yüksək səviyyədə təşkil edilib. Tələbələrə dərs deyən müəllimlər mütəmadi olaraq təhsildəki yenilikləri və müasir texnologiyaları çox bacarıqla dərs zamanı tətbiq edirlər.

Lakin, son günlərdə bəzi saytlarda Azərbaycan Dövlət Aqrar Universitetinin və onun rəhbərliyinin fəaliyyətinin gözdən salınması, nüfuzuna xələl gətirilməsi məqsədilə böhtan xarakterli silsilə yazılar verilir. Lakin, kimin kim olmağını hər kəs yaxşı bilir, çünki görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun.

Bir daha ADAU ilə əlaqələrim olduğuna görə bildirmək istəyirəm ki, verilmiş yazılar həqiqəti əks etdirmir, real faktlara əsaslanmır. Təhsildə yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında İbrahim müəllimin böyük zəhməti vardır. İ.Cəfərovun rəhbərliyi ilə görülmüş işlər nəticəsində bu gün ADAU ölkənin ən qabaqcıl və nümunəvi təhsil ocaqları sırasına daxil edilib.

İmtahan sessiyasında yaradılmış obyektivliyin nəticəsidir ki, mənim həmin universitetə bu il qəbul olmuş oğlum bütün imtahanları əla qiymətlərlə başa vurdu. Belə şərait yaratdığına görə İbrahim Cəfərova bir valideyn kimi, bir ziyalı kimi öz təşəkkürümü bildirirəm. Bu çətin və şərəfli işində İbrahim müəllimə, eyni zamanda bütün kollektivə gələcək işlərində uğurlar arzulayıram.

ELÇİN CAVADOV,
Gəncə Dövlət Universitetinin kafedra müdiri, dosent.