AzTV-nin son illərdəki ən uğurlu layihələrindən biri – Şuşanı dünyaya tanıdırıq
Azərbaycan Televiziyası daha bir fərqli layihəyə imza atıb. Budəfəki layihə “Şuşa İli”nə həsr olunub. “Şuşam mənim” adı ilə yayımlanacaq layihə silsilə verilişlərdən ibarət olacaq.
Layihənin məqsədi erməni vandalizmini bir daha nümayiş etdirməkdir.
Verilişin quruluşçu rejissoru Elnur Qədirovun sözlərinə görə, layihə “Şuşa İli” ərzində yayımlanacaq: “Hər həftə efirə çıxacaq buraxılışda Şuşanın sadəcə qədim və tarixi yerləri yox, həmçinin bütün küçə və məhəllələri, şəhərdəki tikililər, tarixi abidələr haqqında ən müfəssəl məlumatlar veriləcək”.
Layihənin aparıcısı professor İlham Rəhimlidir. Ona bələdçilik edənlər Şuşanı qarış-qarış tanıyan şuşalılardır. Bu şuşalılar – jurnalist-tədqiqatçı Vasif Quliyev və professor Elçin Əhmədovdur. Verilişin quruluşçu rejissoru Elnur Qədirov, rejissoru Tərlan Tağıyev, quruluşçu operatoru Nicat Nağızadə, operatoru isə Həsənağa Tağıyevdir.
Layihənin fortmatından danışan İlham Rəhimli deyib: “Çalışırıq ki, söhbətlərimiz quru, sxemativ olmasın. Bəzən mübahisələr də edirik, bəzən faktlar haqqında daha dəqiq məlumat vermək üçün bir-birimizin cavablarını tutuştururuq və ortaq məxrəcə gəlirik. Bir sözlə, çalışırıq ki, “Şuşam mənim” layihəsi AzTV-nin son illərdə gördüyü uğurlu yaradıcılıq işləri ilə həmahəng olsun”.
Verilişdə bələdçilik edən şuşalı Elçin Əhmədov deyir ki, 28 il ərzində tez-tez yuxusunda Şuşanı görürmüş: “Yuxudan həyəcanla ayılanda bir xeyli özümə gələ bilmirdim. Şuşalıların (qalalıların) “Güllü bağ” adlandırdığı yer evimizdən 30-40 addım məsafədə idi. Heç bir vaxt qoxusunu ala bilməyəcəyim o güllərin qoxusu ora çatmamış “Qarabağ” mehmanxanasının pilləkənlərinə qədər gəlirdi. Bütün uşaqlığım o yerlərdə keçib. Şəhərin mərkəzində Bazarbaşı deyilən yerin, “Güllü bağ”ın, Saatlı məscidinin yanında...”
Onun sözlərinə görə, şəhərdə 17 məhəllənin bütün qədim evlərinin böyük bir hissəsi yarıuçuq vəziyyətdədir, bəzi evlərin isə izi belə qalmayıb. Tarixi-memarlıq abidələrimiz də dağıdılıb və ya məhv edilib: “Xüsusilə, Şuşada şəhərin mərkəzi hissəsində yerləşən bizim “Mamayı” məhəlləsindəki iki əsr yaşı olan qədim evlər 1992-ci ildən sonra, yəni işğal dövründə məqsədli şəkildə erməni ünsürlər tərəfindən vəhşicəsinə yer üzündən silinib. "Mamayı” məhəlləsindən aşağı düşəndə şəhərin mərkəzi - "Bazarbaşı"na az qalmış Saatlı məscidinə qədər olan hissədə dövlət tərəfindən qorunan bütün iki əsrlik tarixi yaşayış evləri kimi, bizim Üzeyir Hacıbəyli küçəsi, 7 ünvanındakı evimizi də erməni acgöz, vəhşi ünsürlər söküb, qədim daşlarını, yəqin ki, Ermənistana aparıb və ya digər ölkəyə satıblar”.
Layihə çərçivəsində il ərzində - “Şuşa şəhərsalma mədəniyyətinin nadir nümunəsi kimi - Şuşanın məscidləri”, “Şuşanın karvansaraları”, “Şuşanın bulaqları”, “Şuşa sənətkarlığı”, “Şuşada xalçaçılıq, “Şuşanın ticarət əlaqələri”, “Şuşanın saray və imarətləri”, “Şuşada maarifçilik”, “Şuşa qəza (şəhər) məktəbi Qafqazda ilk dünyəvi təhsil ocağı kimi”, “Şuşanın ənənələri - Şuşada ədəbi-bədii məclislər”, “Şuşanın tarixi-memarlıq abidələri, “Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xidmətləri olan Şuşanın görkəmli şəxsiyyətləri” mövzusunda verilişlər efirə gedəcək.
“Şuşam mənim” 16 fevral saat 21:00-da AzTV-də yayımlanacaq.