Azərbaycan Müzəffər Xalqın Qalib Dövlətinə çevrilibNail Cəlil: “Prezident İlham Əliyevin qətiyyətli, düşünülmüş, prinsipial siyasəti ölkəmizi addım-addım zəfərə yaxınlaşdırıb”

““Güclü dövlət, güclü ordu” devizi hər zaman Prezident İlham Əliyevin siyasi fəaliyyətinin aparıcı xəttini təşkil edib. Dövlət başçısı hakimiyyətə gəldiyi gündən işğal edilmiş torpaqlarımızın azad edilməsinin başlıca hədəf olduğunu bildirib. Məhz onun rəhbərliyi, Ali Baş Komandanlığı ilə ən müasir, modern silahlarla təchiz edilmiş, yüksək hazırlıqlı, peşəkar, məğlubedilməz, yenilməz Azərbaycan ordusu qurulub. Prezident İlham Əliyevin qətiyyətli, düşünülmüş, prinsipial siyasəti ölkəmizi addım-addım zəfərə yaxınlaşdırıb. O, güclü, sivil siyasi sistem qurmaqla ölkənin beynəlxalq nüfuzunu da əhəmiyyətli dərəcədə gücləndirib. Xalqın bu istiqamətdə səfərbər edilməsi nəticəsində 44 günlük müharibədə Azərbaycan işğalçı Ermənistanın silahlı qüvvələrini tam məğlub edərək, işğal altda olan ərazilərimizi geri qaytarıb”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə eksklüziv açıqlamasında 44 günlük Vətən Müharibəsində qələbəyə zəmin hazırlayan şərtləri və amilləri şərh edən politoloq Nail Cəlil səsləndirib.

Siyasi ekspert vurğulayıb ki, əldə etdiyimiz böyük uğur, parlaq qələbə ölkəmizin hərbi-siyasi, sosial-iqtisadi qüdrətinin davamlı, məqsədyönlü şəkildə artırılmasının, beynəlxalq səviyyədə çevik diplomatiyanın, haqq səsimizin bütün dünya ictimaiyyətinə çatdırılmasının, sonda qəti və dönməz addımların məntiqi yekunudur: “Azərbaycan dövləti və xalqı bu qələbəyə nail olmaq, ərazi bütövlüyümüzü bərpa etməkdən ötrü uzun illər, hətta onilliklər ərzində çalışıb, ciddi səylər göstərib. Nəticədə zəruri tarixi şərait yetişib, çoxdan arzulanan və gözlənilən qələbə əldə edilib”.

Nail Cəlil daha sonra əlavə edib ki, ərazilərimizin işğaldan azad edilməsi həm də milli qürurumuzun təsdiqlənməsi, təmin olunması deməkdir: “Bunun biz düşmənin məkrli bir şəkildə bizə aşılamağa çalışdığı “məğlub xalq” sindromunu darmadağın etmişik, lap kobud da səslənsə, cəhənnəmə, gora göndərmişik. Bu mənada, ərazi bütövlüyümüzün bərpası həm də milli ləyaqətimizin təntənəsidir. Bununla biz bütün dünyaya böyük, tarixi dövlətçilik ənənələrinə malik olduğumuzu, ermənilərin cəfəng iddialarının mif olduğunu sübut etmişik. Azərbaycan artıq Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyətli idarəçiliyi sayəsində Müzəffər Xalqın Qalib Dövlətinə çevrilib. Bu, xalqın böyük həmrəyliyi, qazilərimizin və şəhidlərimizin canı, qanı, böyük rəşadəti, qəhrəmanlığı sayəsində əldə edilmiş misilsiz qələbədir”.
Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri Vilayət Eyvazova təşəkkür məktubu ünvanlayıb“Hörmətli Vilayət müəllim, Yardımlı rayonunda narkomaniyanın törətdiyi fəsadlardan narahat olan “Yardımlı Xeyriyyə Cəmiyyəti” bu günlərdə Sizə müraciət ünvanlamışdı. Həmin müraciətə əsasən rayonumuzda tez bir zamanda narkoticarətçilərə qarşı amansız mübarizə aparılıb, 10-a yaxın cinayətkar həbs edilib”.

Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyindən verilən məlumata görə, bu fikirlər təşkilatın sədri Elman Eldaroğlunun Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova ünvanladığı təşəkkür məktubunda yer alıb. Məktubda həmçinin qeyd edilir ki, bu da sağlam düşüncəli rayon ictimaiyyətinin sevincinə səbəb olub: “Bu gün Yardımlıda hamı Sizin bu məsələyə çevik münasibət bildirməyinizdən razılıqla danışır, Polisin gördüyü işlərdən məmnun olduqlarını fəxarətlə dilə gətirirlər. Bunu Yardımlı gənclərinin gələcəyi istiqamətində misilsizaddım kimi dəyərləndirirlər…

Cənab nazir, Yardımlı ictimaiyyətini təmsil edən bir ictimai təşkilat kimi müraciətimizə göstərdiyiniz diqqətə görə, Sizə minnətdarlığımızı çatdırmağı özümüzə borcbildik. Allah yar və yardımçınız olsun!”.

Əli

“Şəhidsiz zəfər olmaz”Şəhidlərin Anım Günü ilə bağlı Nərmin Kərimbəyovanın ifasında “Şəhidsiz zəfər olmaz” adlı mahnı və klip təqdim olunub.

Mahnının müsiqisi və sözləri Alxanlıya, aranjimanı Yaşar Baxışa məxsusdur.
Layihənin rəhbəri bəstəkar Gövhər Həsənzadədir.
22 yaşlı şəhid - Səbuhi Əsədov27 sentyabr 2020-ci il Azərbaycan xalqının tarixi üçün böyük günün başlanğıcıdır. Ali Baş Komandanın əmri ilə həyata keçirilən əks-hücum əməliyyatının başladığı gün. Bəlkə də heç kimin ağlına gəlməzdi ki, 2021-ci ilə gözəl Qarabağımızla girəcəyik. Lakin Ali Baş Komandanın və ordumuzun şücaəti ilə biz mümkünsüzü bacardıq. Bu döyüşdə biz 3000-ə yaxın Şəhid verdik. Neçə-neçə analar övladsız, neçə-neçə uşaqlar atasız,neçə yarlar öz yarını itirdi. Ancaq hər kəsin dilində “Vətən sağ olsun!” ifadəsi var idi.

Artıq bu əks-hücum əməliyyatının üzərindən 1 il keçir. Biz 1 ildir ki, Xudayarın “Vətən yaxşıdır” zümzüməsinə həbs olmuşuq. 1 ildir ki, əsgərlərimizin döyüşdə göstərdiyi qəhrəmanlığı heyrətlə təkrar-təkrar izləyirik və qürur hissi ilə danışırıq.

Qürur hissi ilə adından bəhs etdiyimiz qəhrəmanlardan biri də Cəbrayılın fəxri olan Əsədov Səbuhi Azər oğludur.

Əsədov Səbuhi Azər oğlu 1999-cu il yanvar ayının 19 un da Bakı şəhəri Suraxanı rayonunda dünyaya göz açıb. Əsədovlar ailəsinin son beşiyi, üç bacının bir qardaşı, nəsilin sevimlisi olub. Səbuhi 2005-ci ildə 85 nömrəli məktəbin birinci sinifinə daxil olub. Məktəb illərində Yunan-Roma güləşi ilə məşğul olub. Məşğul olduğu bu idman növü üzrə çoxlu sayda diplomları, Fəxri fərmanları, birincilikləri vardır. Məktəb illərində məktəbdə keçirilən bütün hərbi tədbirlərdə canla başla iştirak etmişdir.

Hətta tədbirlərin birində sinif rəhbərinə "vaxt gələcək Qarabağı özüm alacam demişdir". Səbuhidə olan vətən eşqi, vətən sevgisi məktəb illərindən bəlli idi. 2016-cı ildə 85 nömrəli məktəbi müəllimlərinin və məktəb yoldaşlarının sevgisini qazanaraq başa vurur. 2019 cu il iyul ayında çox böyük sevinc və qürur hissi ilə hərbiyə yollanır. Bu ərəfələrdə sosial şəbəkələrin birində "Kaş ki Qarabağın düz ortasına Azərbaycan bayrağın assam" yazmışdı. Hərbi xidmətdə öz istəyi və arzusu ilə kəşfiyyat bölüyünə könüllü olaraq yazılmışdır. And içmə mərasimində fəal iştirak etmiş,Fəxri fərmanla təltif olunmuşdur. Hərbi xidmətdə ikən əsgər yoldaşlarının, komandirlərinin sevgisini və hörmətini qazanmışdır. Səbuhi hərbi xidmətdə ikən 27 sentyabr 2-ci Qarabağ müharibəsi başlayır.

Səbuhi Mingəçevir də qulluq etməyinə baxmayaraq öz istəyi ilə könüllü olaraq Tərtərə yollanır. Tərtər, Talış kənd, Çaylı, Suqovuşanın azad olunması uğrunda döyüşlərdə iştirak edir. Tərtərdə ikən həm qohumu həmdə digər bölüyün komandiri ilə qarşılaşır. Ağır döyüşdən çıxdığını yoldaşlarının çoxunun şəhid olduğunu deyir lakin ondan xahiş edirki döyüşdə olduğunu ailə üzvlərindən heç kimə deməsin. 3 oktyabr da evə zəng edərək hər şeyin qaydasında olduğunu dönə-dönə döyüşdə olmadığını bildirir. 8 Oktyabr düşmənin Suqovuşana əks-hücumunun qarşısını alarkən dostu İdrisov Xəyal gözü önündə şəhid olur.
Səbuhinin ürəyi düşmənin yenidən bu əraziləri ələ keçirmək istəyinə dözməyir. Həm dostunun, həm də ata-baba yurdu Cəbrayılın qisasını almaq üçün özünün düşməndən qənimət olaraq götürdüyü qumbaraatanla düşməni susdurur. İlk cəhdində düşmən postunu yerlə yeksan edir. Lakin pusquda duran düşmən snayperi Səbuhini izləyirmiş. Onu sol gözündən nişan alaraq vurur. Səbuhi yerindəcə Şəhadətə yüksəlir.
Acı xəbər ailəsinə oktyabrın 10-u verilir.
Əsədov Səbuhi Azər oğlu 11 oktyabr Bülbülə şəhidlər xiyabanında dəfn olunur.

44 günlük müharibə sona çatdıqdan sonra Səbuhin döyüş komandiri Orxan Cəlilov Səbuhi haqqında bu fikirləri söyləmişdir:

“Mən 2019-cu ilin avqust ayında N nömrəli hərbi hissəyə gəlmişdim, bölüyü təzə tanıyırdım, Əsədov Səbuhi də həmin bölüyə kəşfiyyat bölümündən gəlmişdi. İlk tanışlığımız həmin vaxt olub. Səbuhi çox intizamlı, məsuliyyətli, hərbi tapşırıqları vaxtında və tez yerinə yetirən əsgər idi.

Fiziki hazırlığı ən yüksək səviyyədə idi. Səbuhi 4-5 döyüşdə iştirak etdi, Suqovuşan istiqamətində şəhid oldu. O, həmişə döyüşə can atırdı, ən qabaqda gedənlərdən biri idi.Döyüş zamanı bir neçə əsgərimiz şəhid olub düşmənin postuna yaxın ərazilərdə qalmışdı. Səbuhi mənimlə gederek şəhid qardaşların öz bölüyümüzə gətirməkdə mənə könüllü olaraq kömək etmişdir. Bizim bölükdə “kim daha çox erməni öldürəcək” yarışı gedirdi, Səbuhi də o yarışda olanların birincisi idi. Şəhid olana kimi öz qisasını dəfələrlə almışdı”.

“Səbuhi Suqovuşan istiqamətində snayperlə vuruldu. Sol gözündən vurulmuşdu. Döyüşün ortasında idik, düşmən postuna girməyimizə az qalmışdı. Ermənilərin səngərinə çatmağımıza haradasa, 15-20 metr qalmışdı, amma düşmən snayperlərlə bizi atəşə tuturdu. Həmin vaxt bizim tabordan başqa şəhidlər də oldu. Döyüş vaxtı qumbaraatanla düşmənin bizi atəşə tutduğu snapyerlər tərəfə atəş açılmalı idi ki, toz-duman yaransın və biz həmin postu alaq. Bu işi Səbuhi öz öhdəsinə götürdü.

Bu təhlükəli əməliyyat idi, Səbuhi isə dedi ki, bunu mən edəcəyəm. Qumbaraatanla qalxıb, dizi üstə gedərək əməliyyatı icra etmək özü-özünü ölümə atmaq deməkdir. Lakin o könüllü qalxaraq düşmən snayperlərinə tərəf qumbaranı atdı. İkincini atmaq istəyəndə bacarmadı, çünki düşmən snayperi onu gözündə vurdu, yerindəcə şəhid oldu. O bilirdi ki, şəhid olacaq, bunu bilə-bilə qorxmadan bu addımı atdı. O şəhid olandan sonra digər qumbaraatanı əsgər Əliyev Mahmud götürüb atışı davam etdirdi”.

Şəhid Səbuhi Əsədov göstərdiyi şücaətlərə görə Ali Baş Komandan tərəfindən "Vətən uğrunda" , "Suqovuşanın azad edilməsinə görə"və "Cəsur döyüşçü " medalları ilə (ölümündən sonra) təltif edilib.
Məkanın cənnət olsun.

Hüseynzadə Fidan
Müvəkkil Hüquq Mərkəzinin Qadın və Uşaq Hüquqları Departamentinin əməkdaşı
BAXCP-dən Anım Günü ilə bağlı açıqlamaBu gün 50 milyondan çox azərbaycanlı üçün həm qürur, həm də kədər günüdür

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Anım Günü ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
Bu gün bir il öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası məqsədilə başladılan əks-hücum əməliyyatının ildönümü, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, şəhidlərimizin Anım Günüdür. Bu gün o taylı-bu taylı Azərbaycanda yaşayan, qəlblərində Vətən, Bayraq sevgisi, müxtəlif dövlətlərin ərazisində ömür sürən 50 milyondan çox azərbaycanlı üçün həm qürur, həm də kədər günüdür.

Torpaqlarımızın 30 ilə yaxın bir zaman ərzində işğal altında qalmasına, bir milyondan çox soydaşımızın öz yurdlarından didərgin düşməsinə, yaşayış məntəqələrimizin viran qoyulmasına, xalqımıza və dövlətimizə qarşı nümayiş etdirilən misli görünməmiş haqsızlığa baxmayaraq, yenidən toparlanaraq düşməni torpaqlarımızdan qovduğumuz, gücümüzü, iradəmizi, birliyimizi bütün dünyaya nümayiş etdirdiyimiz üçün qürurluyuq. Bu müqəddəs müharibədə bəşəriyyətin hər tarixinə qızıl hərflərlə yazılan qəhrəmanlıq nümayiş etdirən, hər biri bir orduya bərabər igidlərimizi cismən itirdiyimiz üçün kədərliyik.

Azərbaycan xalqı və dövləti 30 ilə yaxın bir zaman kəsiyində Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində başlayan münaqişənin dinc yolla həll edilməsi üçün böyük səbr və iradə nümayiş etdirdi, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnamələrinin icra olunacağına ümid bəslədi və bunun baş verməsi üçün mümkün olan bütün vasitələrdən istifadə etdi. Bu müddət ərzində münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupu işğalçıya qarşı beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn təzyiq mexanizmlərinin tətbiqi istiqamətində konkret addımlar atmadan, nəticəsiz və uzun-uzadı danışıqlar vasitəsilə işğalın əbədiləşməsi üçün əlverişli zəmin yaratmağa səy göstərdi.

2018-ci ildə Ermənistanda siyasi hakimiyyəti ələ keçirən Nikol Paşinyanın, həmçinin vaxtilə Ermənistana rəhbərlik etmiş müharibə caniləri, Xocalı qatilləri Robert Köçaryan və Serj Sarkisyanın açıqlamalarından da bəlli oldu ki, rəsmi İrəvan danışıqlar prosesinin davam etdiyi müddətdə “bir qarış torpaq da verməmək” prinsipi ilə hərəkət edib.

Yaranmış vəziyyət Azərbaycan üçün başqa yol və seçim qoymadığı üçün, ötən il sentrabrın 27-də Ermənistanın davamlı təxribatlarına qarşı “Dəmir yumruq” əməliyyatı başladıldı. Azərbaycan xalqı Ali Baş Komandanın ətrasında yumruq kimi birləşdi, tarixdə görünməmiş birlik, iradə nümayiş etdirdi.

Qardaş Türkiyə və Pakistanın siyasi və mənəvi dəstəyi ilə müzəffər Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri 30 ilə yaxın qürurumuza basılmış işğal damğasını qanlarıyla təmizlədilər, müqəddəs üçrəngli bayrağımızı işğaldan azad edilmiş yurd yerlərimizə, ən uca zirvələrdə dalğalandırdılar.

Bu müddət ərzində Azərbaycanın siyasi partiyaları, mediası, qeyri-hökumət təşkilatları ölkəmizin ədlətli mövqeyinin müdafiəsi üçün informasiya savaşının içərisində yer aldılar, xalqı Ali Bş Komandanın ətrafında səfərbər edərək düşmənin təxrinatlarına qarşı vahid mövqe sərgilədilər.

44 gün ərzində Ermənistan ordusunda 10 mindən artıq fərarilik faktı qeydə alındığı halda, Azərbaycanda bir nəfər də fərari olmadı. Azərbaycan vətəndaşları Vətənimizin ərazi bütövlüyünü təmin etmək, müharibəyə getmək üçün kütləvi şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət ünvanladılar, sözügedən xidmətin yerli idarələrinin qarşısına axışdılar.

44 gün ərzində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları Ordumuza, dövlətimizə dəstək oldular. Hər kəs bacardığı qədər bu müqəddəs mücadilənin içərisində yer almağa çalışdı.

Şübhəsiz ki, 44 günlük müharibə nəticəsində əldə etdiyimiz qələbənin memarları Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda sağlamlıqlarını itirən, canlarını fəda edən əsgər və zabitlərimiz, şəhidlərimizdir.

Bu gün Vətənimizin ayrılmaz bir parçası olan Qarabağımızın qurtuluşu üçün canlarını qurbam verən, ölümləriylə milli qürurumuzu dirçəldən şəhidlərimizi dərin ehtiramla anır, onların müqəddəs ruhları qarşısında baş əyirik!
Tanrı Azərbaycanı qorusun!
Bələdiyyəni borca salanlar: Kimdir günahkar?Vüqar Tofiqli

Bu günlərdə Dövlət Vergi Xidməti (DVX ) DSMF-yə borcu olan bələdiyyə sədrlərinə məktub göndərib. Və tələb edib ki, əgər borc on gün müddətinə ödənməsə onların ölkədən çıxışına qadağa qoyulacaq. Başqa yolu qalmayan DVX-i bu yolla sədrləri “güncə dirəyib” borcu almaq istəyir. Olsun. Razıyam. Əslində buna Qanunun tələbi kimi baxılmalıdıır. Və belə də olmalıdır.

Əlavə edim ki, bir neçə ildir ki, bələdiyyələrin DSMF-yə və digər orqanlara külli miqdarda borcları olması barədə ciddi müzakirələr aparılır. Bununla bağlı Adminstrasiyanın müvafiq sektoru da bir sıra addımlar atmışdır. Məhz bu addımlar sayəsində borcun həcmi 12 milyon manatdan 7 milyon manatadək azalıb. Bələdiyyələrlə iş Mərkəzinin də bu istiqamətdə son illərdə atdığı addımları da danmaq olmaz. Biz də dəfələrlə bu mövzuya həm münasibət bildirmiş, həm də ictimailəşdirmişik. Və bu günlərdə Biləcəri, Xocasən və Əhmədli bələdiyyəsinin üst-üstə bir milyon manatdan artıq borcu olması və bu vəziyyətdən çıxış yolları barədə fikirlərimi bidirmişəm. Bu məqamda bələdiyyələrə yuxarıda qeyd etdiyim məzmunda məktubun daxil olmasına təəcüblənmədim. Çünki gözlənilən müraciət idi. Lakin biz bu məsələyə başqa tərəfdən yanaşmaq istərdik.

Birincisi, Dövlət Vergi Xidməti (DVX)-nin rəsmilərinə sual edirəm, bu qədər borcun yaranmasında kimdir günahkar? Xidmət bu barədə araşdırma aparıbmı? Müəyyən edilibmi ki, borc hansı səbəbdən yaranıb.

Maraqlıdır, niyə məqamında DSMF bələdiyyənin bank hesabına “inkassa” qoymaqla öz işini bitmiş hesab edib. Niyə o borcu yaradan səbəblə tanış olmayıb, səbəbkarlarla bağlı ölçü götürməyib. Və bu qədərdə borcun üstünə faiz gəlib. Kimsə deyə bilərmi ki, DSMF rəsmiləri bələdiyyə sədrlərinə bu mövzu ilə bağlı vaxtında görüş keçirib, izahat verilib və ya Qanunların bir çox məqamlarına aydınlıq gətirilib. Proseslərdən xəbərdar olan bir şəxs kimi bizim məlumatımız yoxdur. Demək, qəti əminliklə demək oar ki, bəlkə də heç olmayıb da. Sadəcə göz yumublar və “əvvəl axır faiz qarışıq alacağıq” fikri ilə yaşayıblar.

Demək belə qənaətə gələ bilərik ki, borcun bu qədər şişməsində əsas günah sahiblərindən biri DSMF-dir, yəni elə DVX-nin özüdür. Çünki bu orqanlarda vaxtilə çalışan şəxslər öz işlərinə məsuliyyətlə yanaşmış olsaydılar yəqin ki, belə olmazdı.

İkinicisi, burda digər günah sahibi borclu bələdiyyələrin aid olduğu rayonların icra hakimiyyətlərinin başçılarını hesab etmək lazımdır. Vətəninə, dövlətinə və ən nəhayət özünə hörmət edən icra başçısı bələdiyyələrdə borcun bu qədər şişməsinə əslində imkan verməməliydi. Açıq etriaf edək ki, özləri məzuniyyətə getdikləri vaxtı, habelə rayonda hansısa bir irili-xırdalı layihələrin icrasına bələdiyyə sədrlərin məcbur edib hansısa formada “layihənin” icrasına “cəlb edəndə” düşünməliydilər ki, sədrlər də onu dövlətin vergi və rusumlarından “kəsib” gətirirlər. Ona görə, ikinci əsas günah sahibi borclu bələdiyyənin aid olduğu rayonların icra başçılarındadır. Bununla yanaşı bu gün onlarca və yüzlərcə bələdiyyənin bank hesabı bağlı olsa da bələdiyyəyə aid olan dotasiyaya göz dikilməsi, deyərdim, ən utancverici hadisədir. Hələ dotasiyanın ayrılmasında və öz ünvanına çatmasında məqsədli şəkildə yaradılan maneələri demirəm. Bir daha təkrar edirəm ki, burada söhbət o icra başçılarından və RİH-lərdə çalışan məmurlardan gedir ki, vəzifədə olduğu müddətdə bələdiyyələrdə yaranan borcun artmasının qarşısını almayıb, ya da almağa maraqlı olmayıb.

Üçüncüsü, ən böyük günah sabibi bələdiyyəyə borc yaratmış məsuliyyətsiz sədrlərdir. Sonradan borclu bələdiyyəyə sədr seçilən şəxs ilk növbədə borcun silinməsiylə bağlı strateji proqram hazırlamalı, bələdiyyə iclasında müzakirəyə çıxarıb təsdiq etməli və icrasına başlamalı idi. Lakin bu addımı atmaq əvəzinə bələdiyyəyə aid olmayan işin qulpundan yapışması ilk növbədə elə bələdiyyə sistemini aşağılamaq kimi başa düşülməlidir.

Necə olur ki, ötən iki ilə yaxın bir müddətdə Bibiheybət bələdiyyəsinin sədri 10 min manat, Gədəbəy bələdiyyəsinin sədri 25 min manat, Sahil bələdiyyəsinin sədri 38 min manat, Binədəqi bələdiyyəsinin sədri 145 min manat, Sabunçu bələdiyyəsinin sədri 100 min manat, Qala bələdiyyəsinin sədri 24 min manat, Vəndam bələdiyyəsinin sədri 12 min manat, Gəgəli bələdiyyəsinin sədri 10 min manat bələdiyyənin müxtəlif istiqamətlər üzrə-həm DSMF-yə, həm də əməkhaqqına olan borcunu “bağlaya” bilir, lakin Biləcəri, Xocasən və Əhmədli bələdiyyəsinin borcları isə əksinə artır. Mən hələ Tərtər, Gədəbəy, Şamaxı və digər bələdiyyələrin borclarına toxunmuram.

Faciə ondadır, Əhmədli bələdiyyəsindəki kimi bəzi sədrlər borcu özü min bir bəhanə ilə yaradır, artırır və elə bir vəziyyətə gətirir ki, digər bələdiyyə üzvlərindən heç biri bu məsuliyyət yükünü altına girmək istəmir. Və belə bir məqamda fikir yaranır ki “borcu özü yaradıbsa elə, qoy özü də yola verib bağlasın.” Amma əksinə vəziyyət daha da pisləşir. Nə isə...

Yekun olaraq bəzi məqamlara da fikir bildirmək istərdim. Bu gün borclu bələdiyyənin sədrləri o borcu təkbaşına qaytara biləməyəcək. Yəni bələdiyyələrə mənəvi və proqram xarakterli dəstək mütləq lazımdır. İndiki vaxtda məsələyə qanunvericilik baxımından hansısa formada dəstəyin verilməsi zəruriəti yaranır. Borclu bələdiyyənin fəaliyyəti isə daim müvafiq inzibati nəzarət orqanın, yəni Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin və DVX-nin nəzarətində olmalı və mütəmadi olaraq göstərilən metodoloji dəstək istensiv şəkildə davam etdirməlidirlər. Hətta bu rayonlardakı məmurlara da izahat verilməlidir ki, bələdiyyələrə dəstək olsunlar, onları “sıxmasınlar”.

Birdə ki, səkkiz min manat borcu olana və 784 min manata borcu olana da eyni məzmunda məktubun göndərilməsi tamam ədalətsizlikdir. Bu məqamda da fərq qoyulmalı idi. Yəni 50 min manatadək borcu olanlara ölkədən çıxmağa “stop” qoyulursa, 50 min manatdan yuxarı məbləğdə borcu olana cinayət işinın açılması məsələsinə baxılmalıdır. Özü də cinayət işi o borcu yaradana açılmalıdır.

Son olaraq belə qənaətə gələ bilərik ki, bələdiyyələrin borc məsələsiylə bağlı müvafiq orqanlar da öz sözlərini deməli və vəziyyətdən çıxmaq üçün təkliflər paketini hazırlamaqla icrasını təmin etməlidirlər.

Hər halda düşünməyə dəyər.

İordaniya və İraq mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıbİordaniyanın “Əl Ənbat”, “Cohina” portalları və “Nayrouz” informasiya agentliyi, həmçinin İraqın “Əfkar Hürə” qəzeti azərbaycanlı şərqşünas Həşim Məmmədovun “Azərbaycan və azadlıq müharibəsindən sonra yeni reallıq” sərlövhəli məqaləsini yayıb.

Avrasiya.net xəbər verir ki, məqalədə Azərbaycanın geosiyasi baxımdan mürəkkəb və həssas regionda yerləşdiyi, bu amilin rəsmi Bakını beynəlxalq münasibətlərdə daha korrekt və balanslı siyasət yürütməyə vadar etdiyi qeyd olunur. Regional aktorlar olan qonşular - Türkiyə, Rusiya və İranla, habelə möhkəm iqtisadi əməkdaşlıq qurulmuş Gürcüstanla qarşılıqlı faydalı əməkdaşlıq və mehriban qonşuluq əlaqələri mövcuddur. Yalnız işğalçı siyasət aparan Ermənistanla bu əlaqələr yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin bu müdrik siyasi kursu öz müsbət nəticələrini verir. Eyni zamanda, Qərblə də konstruktiv əməkdaşlıq xarici siyasətin əsas istiqamətlərindən biridir.

Azərbaycanın Vətən müharibəsində Qələbəsindən sonra Çinin ölkəmizə marağı daha da artıb. Rəsmi Pekin Zəngəzur dəhlizini Asiya ilə Avropa arasında yeni bir logistika mərkəzi kimi dəyərləndirir.

Müəllif bütün bu amilləri nəzərə alaraq yazır ki, artıq regionda yeni reallıq yaranıb. Azərbaycan torpaqlarının işğaldan azad olunması nəinki regional, habelə beynəlxalq miqyasda əməkdaşlığın güclənməsinə təkan verəcək.