Azərbaycan reallığı və paradoks
Vasif Əfəndi
Siyasi ekspert
İnsan həyatının ən böyük sınaqlarından biri onun qarşısına çıxan müxtəlif xarakterli adamlarla münasibətdə üzə çıxır. Ədalətli insan da rastına çıxır, şərəfsizlə də qarşırsan. Amma ən ağrılı məqam odur ki, bəzən insan ən böyük mübarizəsini başqaları ilə deyil, öz içində aparmalı olur.
Həyatın irəli sürdüyü oyun qaydaları o qədər amansız olur ki, ləyaqətli, doğru, dürüst qalmaq sanki mümkün deyilmiş kimi görünür. Xüsusilə Azərbaycanda ictimai münasibətlərin bir çox sahəsində “şərəfsizliyə qarşı ləyaqətlə mübarizə aparmaq” mümkün deyilmiş kimi təsəvvür yaranır. Çünki sistemin, mühitin və davranış normalarının özü sanki “şərəfsizliyi” mükafatlandırır.
Şərəfsiz insanla mübarizə aparan şəxs əksər hallarda iki seçim qarşısında qalır.Bunlar dözümlü, səbirli, ləyaqətli olmaq – amma bu halda çox vaxt məğlub olur, çünki qarşı tərəf heç bir əxlaqi çərçivəyə sığmır. Digəri isə onun qaydaları ilə oynamaq – yəni özü də qarşı tərəfin üsullarından istifadə edərək məqsədə çatmaqdır. Məhz bu anda qırılma nöqtəsi baş verir və insan yoluxur, bilmədən dəyişir, əvvəl nifrət etdiyi xüsusiyyətləri özündə daşımağa başlayır.Bu dəyişimin ən qorxunc tərəfi isə insanın bunun fərqinə varmamasıdır. O, elə bilir ki, həyat belədir, insanın “yaşamaq üçün” mütləq belə olması lazımdır.Əsl paradoks buradadır: insan şərəfsizlə mübarizə apararkən onun üzərində qələbə qazanmaq əvəzinə, özünü itirir.
Əxlaqını, ləyaqətini, insani keyfiyyətlərini itirərək qalib gəldiyini sanır, amma əslində məğlub olur. Çünki insanın ən böyük dəyəri onun insaniyyətidir, şərəfidir. İnsan daim özünə güzgü tutmalıdır. Ən böyük düşmən bəzən başqası yox, öz içində daşıdığı gizli dəyişiklikdir.Şərəfsizlərə qarşı mübarizə aparmaq mümkündür. Amma onların silahı ilə yox. Onların qaydaları ilə oynayan insan nəhayət özünü itirir. Ən böyük faciə isə budur: insan başqalarının içində deyil, öz içində şərəfsizləşir. Bir gün ayılanda anlayır ki, ən böyük şərəfsiz, ən böyük ləyaqətsiz elə özü olub.
Belə olan halda sual yaranır: şərəfsizlərə qarşı mübarizənin doğru yolu varmı? Ən vacib məsələ fərdin öz içində möhkəm qalmasıdır. Əgər sistem səni ləyaqətsiz olmağa məcbur edirsə, deməli, sən onun bir hissəsinə çevrilmisən. Əsl mübarizə isə həmin sistemin içində əyilmədən dayanmaqdır.İkinci yol, bəlkə də, daha çətindir: mühitin dəyişməsinə çalışmaq. Bu, uzun müddət tələb edir, risklidir, amma ləyaqətli insan üçün yeganə yoldur.
Son xəbərlər
