Toy mədəniyyəti dəyişməlidir
Vasif Əfəndi
Siyasi ekspert
Toyun sosial yükü və israfçılıq
Azərbaycan cəmiyyətində toy mərasimləri əsrlərdir mühüm ictimai ənənə kimi qorunub saxlanılır. Lakin müasir dövrdə toy mədəniyyəti öz mahiyyətindən uzaqlaşaraq dəbdəbə, yarış və israfçılıq meydanına çevrilib. Bu gün bir çox ailə üçün toy şadlıqdan çox yükə çevrilir. Bahalı restoranlar, saysız-hesabsız qonaqlar, yeni geyim və makiyaj xərcləri, musiqi kollektivlərinə ayrılan böyük məbləğlər – bunların hamısı artıq ifrat həddə çatıb.
Əslində toy ailə qurmanın, iki gəncin həyat yoluna birgə başlamasının təntənəsidir. Amma indiki modeldə toy, daha çox cəmiyyət qarşısında "göstəri" xarakteri daşıyır. Bir ailənin toyda etdiyi xərclər başqa ailə üçün nümunəyə çevrilir, sanki hamı bir-birinə meydan oxuyur. Nəticədə gənclərin təzə qurduğu ocaq maddi baxımdan ciddi sıxıntılarla üzləşir.
Toy mədəniyyətini dəbdəbəli saxlayan iki əsas qüvvə var.Bunlar biznes maraqları və cəmiyyətin qadın seqmentidir.Biznes maraqları olanlar restoranlar, şadlıq sarayları, musiqi kollektivləri, müğənnilər,geyim və gözəllik sənayesi toydan böyük gəlir əldə edir. Ona görə də bu sistemin dağılmasını istəmirlər.Qadın seqmenti hər toy üçün yeni geyim, saç düzümü, makiyaj və zinət əşyaları tələbi dəbdəbəni daha da artırır.Bu faktor əslində qadınların maraq dairəsinin qısıtlı olmasından irəli gəlir.Orta yaşlı qadınların passiv həyat tərzi,fərqli kollektiv tədbirlərdən və idmandan uzaq düşmələri onları bu yolla gündəmdə qalmağa və özünütəsdiq etməyə vadar edir.Bəzən kişilər daha sadə toy istəyərkən, xanımların təzyiqi ilə xərclər qat-qat artır.
Maraqlıdır ki, gənc nəsil daha müasir, səmərəli və sadə toy modelinə maraq göstərir. Az qonaqlı, yaxın çevrə ilə keçirilən, xaricdə bal ayına və ya evin təmeline vəsait ayırmağa üstünlük verən gənclər artır. Lakin onların bu arzuları çox vaxt valideynlərin "adət-ənənə" tələblərinə uduzur.
Mövcud durumda çıxış yolu Maarifləndirmə yolu ilə cəmiyyətə israfçılığın mənfi tərəfləri göstərməkdir. Kütləvi informasiya vasitələri, ictimai təşkilatlar sadə toya üstünlük verən nümunələri təşviq etməlidirlər.Yeni Model Tərzlər ,açıq hava toyları, kiçik ailəvi məclislər, simvolik nikah mərasimləri kimi sadə, amma mənalı modellər populyarlaşdırılmalıdır.Gənclərin istəkləri əsas götürülməlidir. Toy valideynlərin deyil, gənclərin həyat yolunun başlanğıcıdır.Qadınlar özünütəsdiq üçün rəngarəng həyat tərzi seçərək dəbdəbədən imtina etdikcə bu ənənə dəyişəcək. Sadəlik və zövqlülüyü birləşdirən nümunələr yayılmalıdır.
Çıxış yolu Toy mədəniyyəti dəyişməyindədir. Çünki toy gənclərə sevinc, xoşbəxtlik gətirməlidir, borc və yük yox. İsrafçılıqdan uzaq, mənalı, səmimi və yaxın çevrə ilə keçirilən toylar həm ailələri qoruyar, həm də cəmiyyətin mənəvi sağlamlığını gücləndirər.
Son xəbərlər
