Din insanların mənəvi boşluğunu dolduran, onlara mənəvi dayaqlar verən böyük bir dəyərdir
Vasif Əfəndi
Siyasi ekspert
Ağıllı telefonların, kompüterin və süni intellektin kəşfi sürətlə həyatımıza daxil olaraq dünyanı dəyişdirdi. Yaxın 10 ildə bəşəriyyət misli görünməmiş dəyişikliklərin şahidi olacaq. Bu mərhələdə millət olaraq bütün diqqətimizi bilik, elm və ixtiralara sərf etməliyik. Ağıllı xalqlar artıq bunu çoxdan dərk edib və bütün fəaliyyətlərini elm, təhsil və texnoloji inkişaf üzərində qurublar.
Biz isə bu prosesdə güc və enerjimizi mücərrəd, nəticəsiz işlərə sərf etməməliyik. Bu baxımdan ölkəmizdə dini sahədə müəyyən sağlamlaşdırıcı tədbirlər görülsə də, hələ də axsadığımız tərəflər var. Ən ciddi problemlərdən biri məzhəbçilikdir. Təəssüf ki, hələ də cəmiyyətimizdə məzhəbçilik meylləri mövcuddur və bu, insanlar arasında təfriqə, qarşıdurma, düşmənçilik, bir-birinə etimadsızlıq və nəticədə dinə qarşı soyuqluq yaradır.
Əslində din insanların mənəvi boşluğunu dolduran, onlara mənəvi dayaqlar verən böyük bir dəyərdir. Ancaq məzhəbçilik dini gücləndirmək əvəzinə onu zəiflədir, insanları ayırır, dini birlik və həmrəyliyi sarsıdır. Bu səbəbdən də məzhəbçiliklə mübarizə bizim əsas hədəflərimizdən biri olmalıdır.
Məzhəbçiliyin daha ziyanlı tərəfləri cəmiyyətdə parçalanma və etimadsızlıq mühiti yaratmasıdır.Bu təsirə düşənlər insanlar din adı altında radikal qrupların təsiri altına düşürlər.Fərqli məzhəblər arasında elm və tərəqqidən uzaq olan boş mübahisələr baş verir.Bu tendensiyalar isə dövlətin birliyinə,milli həmrəyliyə zərbə vurur , dinə qarşı laqeydlik və inamsızlıq formalaşdırır.
Məzhəbçiliklə mübarizə üçün maarifləndirmə işi, dini birlik siyasəti,mediada düzgün təbliğat ,ictimai təşəbbüslər və qanunvericilik dəstəyi olmalıdır. Maarifləndirmə işini məktəblərdə, universitetlərdə və dini məkanlarda məzhəbçiliyin zərərləri barədə açıq müzakirələr və tədris proqramları ilə müşaiyyət olunmalıdır.Dini birlik siyasəti olaraq dövlət və din xadimlərinin ortaq mövqedən çıxış etməsi , məzhəb fərqlərinə yox, ortaq dəyərlərə üstünlük verməsi önə çəkilməlidir.
Bu işdə medainın üzərinıə düşən məsuliyyət daha çoxdur.Bu sahənin əsas fəaliyyət istiqaməti birləşdirici dəyərlər olmalıdır.
Ziyalıların, gənclərin və QHT-lərin iştirakı ilə məzhəb üstü birlik platformaları yaradılmalıdır.Bütün bu faktorlar isə qanunvericilik dəstəyi ilə məzhəbçilik təbliğ edən qruplara qarşı hüquqi tədbirlərin gücləndirilməsi ilə yekunlaşmalıdır.
Beləliklə, biz yalnız elmi inkişafı deyil, eyni zamanda dini-mənəvi sağlamlığı da təmin etməklə gələcəkdə güclü və vəhdətli bir millət ola bilərik. Məzhəbçiliyə qarşı mübarizə dini zəiflətmək yox, əksinə, onu daha təmiz və birləşdirici etmək üçün atılan vacib addımdır.
Son xəbərlər
