"Azərbaycan dili xalqımızın varlığını və birliyini ifadə edən dəyərdir"
Azərbaycan dili xalqımızın milli varlığının, mədəni kimliyimizin və mənəvi birliyimizin təməl sütunudur. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızı birləşdirən bu dil tarix boyu keşməkeşli yollardan keçmiş, müxtəlif dövrlərdə təzyiqlərə məruz qalsa da, özünəməxsusluğunu və dəyərini qoruyub saxlamışdır. Xüsusilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan dilinin inkişafında, onun ümumişlək xalq danışıq dilindən dövlət dili səviyyəsinə yüksəlməsində, beynəlxalq səviyyədə tanınmasında və diplomatiya dilinə çevrilməsində Ulu Öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Ümummilli Liderimizin “Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik” fikirləri onun milli dil siyasətinə verdiyi yüksək dəyərin və uzaqgörən yanaşmanın parlaq ifadəsidir. Ulu Öndərin təşəbbüsü ilə qəbul edilən mühüm qərarlar, həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Azərbaycan dili bu gün milli fəxrimizə çevrilmiş, dünyada tanınan nüfuzlu bir dövlətin rəsmi dili statusunu layiqincə daşımaqdadır.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib
K.Bayramov qeyd edib ki, bütün süni məhdudiyyətlərə baxmayaraq, Ulu Öndər Heydər Əliyev ana dili məsələsində mövqeyini daim qətiyyətlə müdafiə etmişdir. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Ümummili Liderin «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
K.Bayramov diqqətə çatdırıb ki, böyük çətinliklər hesabına ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlət başçımız milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu diqqətə çəkərək demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir". Dövlət başçımızın bu siyasəti ardıcıl davam etdirməsi ana dilimizin təkmilləşdirilməsini daha da sürətləndirib. "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" və digər mühüm tədbirlər dil siyasətini dəyərləndirən əyani nümunələrdir və elmi təşkilatlarımız, alimlərimiz, ziyalılarımız, müəllimlərimiz, eləcə də hər bir vətəndaş qarşısında yeni vəzifələr qoyur. Dövlət başçımız qətiyyətlə deyir: "Biz əsrlər boyu dilimizi qorumuşuq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik".
Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı» 2013-cü il 9 aprel tarixli Sərəncamı milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının icrasında məqsəd Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılması idi.
Dövlət başçısının “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılmışdır.
K.Bayramov əlavə edib ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, onun dövlət idarəçiliyində, təhsildə, elmdə və mədəni həyatda əsas ünsiyyət vasitəsi kimi tam şəkildə formalaşması, dünyanın ən mötəbər beynəlxalq tribunalarında Azərbaycan dilində çıxışların səslənməsi məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam etdirilən məqsədyönlü və uğurlu dövlət dil siyasətinin parlaq nəticəsidir. Bu siyasət nəticəsində Azərbaycan dili təkcə milli kimliyin təməl sütunu deyil, eyni zamanda müasir və dinamik cəmiyyətin inkişafına xidmət edən əsas vasitəyə çevrilmişdir.