Xeyirxah insan unudulmur
Həmişə yaxşı insanlar anılır, xatırlanır, xatiri əziz tutulanlardır. Çünki onların əməli düz, gördükləri işlər həm faydalı, həm də yadda qalan olub. Həm də insan insanlığın bütün müsbət xüsusiyyətlərinə malik olanda el gözündə yüksəlir. Hörmət, izzət qazanır. Mərdlik mərtəbəsinə qalxır. Həmişə dədə-babalarımız yaxşılığı kişi işi adlandırıb, mərdliyi öyüblər, səxavəti yüksək qiymətləndiriblər. Cəmiyyətə faydalı olsun deyə bunları kəlamlarda, zərb məsəllərdə, atalar sözlərində də bizə xatırladıblar ki, düz yolumuzu çaşmayaq. İnsanlığı dəyərləndirək, dədə-baba ənənələrini yaşadaq. Dədələrimiz boşuna deməyiblər ki: “Əslində olan dırnağında göstərər.” Yaxşı adamlardan söz düşəndə Qasım Süleymanov Səyyad oğlunu da xatırlayıram. Çünki mən də İbiş kəndində boya-başa çatmışam. Qasım məndən iki yaş böyükdür. Yadımdadır, Dilbər nənə (Qasımın nənəsi) həmişə uşaqları xoş üzlə qarşılayar, arada bir ötənlərdən-keçənlərdən danışardı. Qasımın atası Səyyad dayı kənddə böyük hörmət sahibi idi. O, qonşuluq haqqına xüsusi qiymət verirdi. Adətən həmişə yaxın qonşuları, yəni Abdulla dayı, Qiyas dayı ilə şirin söhbət edər, sevincini, kədərini onlarla bölüşərdi. Səyyad dayının Usta Məcid, dükançı Qara (Qara dayı), Mahmud dayı və Mustafa dayı ilə yaxşı münasibəti vardır. Səyyad dayı təhsilə, elmə maraq göstərən adamdı. Odur ki, Qasımı (ailənin böyük uşağı idi) İrəvana oxumağa göndərmişdi. Qasım 1964-cü ildə, İrəvan Kənd Təsərrüfatı kollecinə daxil olub, oranı 1972-ci ildə bitirdi, O əsgərliyə gedib qayıtdıqdan sonra Qoncalı süd-heyvandarlıq sovxozunda mexanik işləməyə başladı. Qasım 1975-ci ildən 1978-ci ilə qədər bu işdə işləyib özünü əməksevər, işgüzar kimi tanıtdı. El-oba arasında böyük hörmət qazandı. 1978-ci ildən Qasım Qoncalı kənd sovetinin sədri təyin olundu. Kənd rəhbəri kimi adamların alqışını və rəğbətini qazandı. Xoş rəftarı, səmimiyyəti ona hörmət gətirdi, onu nüfuz sahibi elədi. Odur ki, Qasım 1988-ci ilin məlum hadisələrinə qədər bu vəzifədə qaldı.
1988-ci ilin hadisələri ilə bağlı o da Azərbaycanın Qaradağ rayonunun Sahil qəsəbəsinə pənah gətirdi. Burada yurd, yuva elədi, binə bərkitdi. O burada da adamların diqqətini çəkdi. 1989-cu ildə Sahil qəsəbəsində mənzil kominal idarəsinin rəhbəri işləməyə başladı. Burada da xeyirxahlığı, səmimiyyəti ilə hörmət sahibi oldu. Adamlar ona hörmət əlaməti olaraq “Qasım müəllim” deyə müraciət edirdilər. Mən həmişə fikir verib görürdüm ki, adamlar “ Qasım müəllim” deyən kimi necə sevinirlər, onların üzləri sanki işıqlanır, çöhrələrində təbəssüm görünür. Sanki söhbət onların yaxın qohumlarından, dostlarından gedir. Dəfələrlə Qasımın xeyirxahlığından, səmimiyyətindən söz açıblar, onunla fəxr ediblər.
– Allah atasına rəhmət eləsin, əsl el adamıdır. Bu kişi sanki yaxşılıq üçün dünyaya gəlib. Bunun dəftərində pisliyə yer yoxdur.
Burda həmkəndlimin sözlərini də xatırlayıram.
– Pislik it peşəsidir.
Qasım müəllim həm də yaxşı ailə başçısı idi. Yəni onun dörd övladı (üç qız, bir oğlan) var. Uşaqların dördü də ali təhsil alıb. Mən fəxr edirəm ki, onun böyük qızı Vüsalə mənim sevimli şagirdim olub, Bakı Dövlət Universitetini bitirib.
Qasım müəllim Sahil qəsəbəsində təxminən on altı il rəhbər vəzifədə işləsə də kimsənin könlünə toxunmadı, heç kəsi incitmədi. Yaxşı xasiyyəti, xoş rəftarı ilə hələ sağlığında adını ürəklərə həkk etdirdi. El-obanın sevgi və məhəbbətini qazandı.
İnsan ömrü qısadır, adam yüz il yaşasa da həyatdan doya bilmir. Dünyanın da öz qanunu var. Gələn vaxt-vədəsi çatanda getməlidir. Ömrü verən də, alan da Allahdır. Bir gün bir ağır xəbər eşitdim. Qasım müəllim vəfat edib. Bu qəfil xəbər içimi titrətdi. Yadıma nənəm Xəstə Zərnişanın bir bayatısı düşdü.
Həqiqət yalan olmaz,
Dərd satsam alan olmaz,
Dünya bizə xoş gəlir,
Əylənib qalan olmaz.
Bəli, Qasım müəllim xeyirxah, unudulmaz insandır. Gəlimli-gedimli dünyadan Qasım müəllim də gəlib keçdi. Allah qəni-qəni rəhmət eləsin.
Tacir Səmimi,
Filologiya üzrə fəlsəfə doktoru, dosent.
Son xəbərlər
