star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Valid müəllim də getdi...

Amasiya rayonunu tanınmış şəxsiyyətləri, ziyalıları, alimləri, varlı-hallı səxavətli adamları ilə tanınıb. Belə şəxslərdən biri də Valid müəllim idi. Valid Məhərrəmov. Valid müəllim olduqca sadə, xeyirxah, öz fənnini yaxşı bilən bir pedaqoqdu. Riyaziyyat müəllimi olsa da olduqca humanist, saza-sözə müştaqdı. Aşıq Nəsibin, Aşıq Heydərin, Aşıq Qəmbərin, Aşıq İsgəndər Ağbabalının adlarını çəkəndə gözləri yaşarardı. Bu orta boy, boylu-buxunlu müəllimin olduqca saf ürəyi vardı, olduqca həssas adamdı, həmişə nənəsi Mədinə nənədən söz salmağı çox sevərdi. Adətən onunla görüşəndə Ağbaba-Şörəyeli, o yerin-yurdun adamlarını yada salardı.

Valid müəllim olduqca təcrübəli müəllim idi. Həmişə riyaziyyatla, komputerlə maraqlanan uşaqlarla dərsdən əlavə məşğul olar, onlara elmin sirlərini öyrədər, bundan xüsusi zövq alardı. Yeri gələndə yarışlarda, müsabiqələrdə, daha doğrusu olimpiyadalarda yer tutan şagirdlərin adını çəkər, professor adı olan keçmiş şagirdləri ilə fəxr edərdi. Özünün bununla bağlı konsepsiyası, planı vardı, bunu kitab kimi işləmişdi. Valid müəllim işlədiyi məktəbdə xüsusi hörməti olan müəllimdi.

Adət etmişdim, həmişə olmasa da arada bir Bakı Dövlət Universitetinin yaxınlığındakı orta məktəbə, Valid müəllimin yanına gedirdim. Bu gülərüz, mehriban insanla görüşəndə dərd-sərimi unudardım. Onunla hamasalı günləri yada salardıq.

Yadımdadır, Valid müəllim dostları ilə bir neçə kitab da hazırlamışdı. Üstəlik, onun yaxşı qələmi də vardı. Bizim “Vedibasar” qəzetində də həmişə məqalələri dərc olunmuşdu. Onun dünyanın tanınmış alimləri, elm adamları haqqında geniş məlumatı vardı. Neçə-neçə elm xadimləri haqqında məqalə yazmışdı. Hərdən bir söz-söhbətdə dünya şöhrətli Azərbaycan alimlərindən də söz salardı. Bir sözlə, bir-birimizə çox öyrəşmişdik. Bəzən də telefonla əlaqə saxlayır, uzun-uzadı danışar, o necə deyərlər dağı arana, aranı dağa aparardıq. Yaşlıların dedikləri kimi, söz sözü, arşın bezi çəkərdi.
Aradan xeyli keçəndən sonra bir dəfə Valid müəllim mənə dedi:
– Baxıram, Amasiyanın xeyli kəndlərinin kitablarını işləmisən. Fikirləşirəm ki, mən də həm də bizim kəndin, yəni Qaranamazın kitabını işləyim. Deyirəm, mən başlayım, davamı gələr. Düşünürəm ki, bu, çox vacib bir işdi. Bunun kimsə görməlidir. O kimsə də mənəm – Valid. Əlini sinəsinə vurub gülümsünürdü.
– Amma bir iş var.
Dedim:
– Buyur, Valid müəllim, sözünü açıq de.
– Deməyim o ki, mənə kömək etməlisən. redaktəsində, kitabın yazılmasında... Həm də biz bir-birimizi yaxşı tanıyırıq.
– Əlbəttə, düz deyirəm. Mən buna razıyam.
Valid müəllim razılıqla başını tərpədib nəyi xatırladısa dedi:
– Bilirsənmi, bizim kəndin başqa kəndlərə qohumluğu da var. Sağamoyda, başqa kəndlərdə bizim qohumlar da az deyildi. Onları 44-cü ildə sürgün elədilər Orta Asiyaya. Sonralar onlardan köçüb geri qayıdanlar da olmuşdu. Heç yadımdan çıxmır, iki yaşlı kişi uşaq kimi ağlayırdılar. Biri mənim onlara diqqətlə baxdığımı görüb ağlamağına ara verdi:
– Kaş gəlib kəndimizin bu gününü görməyəydim. Qapımızdakı meyvə ağaclarını kəsiblər... Donuz saxlayırlar... Bizim top dağıtmaz evimiz xarabaya dönüb.
Bu hadisə elə bir indicə baş verib – gözlərimin önündən getmir. O kişilərdən birinin dediyinə görə onları Orta Asiyaya sürgün edəndə bu türklərin malı-mülkü kənddə qalmışdı, heç nə götürməyə imkan verməmişdilər. Boş qalmış kəndə ermənilər dolmuş, türklərin malına-mülkünə sahib olmuşdular.
Bir dəfə görüşlərimdən birində Valid müəllim mənə yazılı bir vərəq verdi:
– Yadındadırmı, bir dəfə əslən Öysüzdən olan Bığlı Calaldan söz açmışdın. Ondan xeyli şey yazdığını da danışırdın. Mən də onu tanıyıram. Onunla Daşkəsəndə tanış olmuşdum. Bax, bu bayatıları ondan yazıya almışam. Mən həmin vərəqi müsahibimə qaytardım. Həmin folklor örnəkləri bunlardır.

Quzular mələr qaldı,
Qəm məni dələr, qaldı.
Mən itirdim Öysüzü,
Yadda gör nələr qaldı.

Dərdimi kimə deyim?
Qəribəm mən, qəm yeyim?!
Varım-yoxum talandı,
Dağıldı mülküm, öyüm.

Yaş artdıqca dərd artdı,
Sayı lap yüzə çatdı.
Ağbabanın həsrəti.
Məni belə qocaltdı.

Nə bəyəm, nə vəzirəm,
Sözü, sözə düzürəm.
Ürəyim qan ağlayır,
Ayaq üstə gəzirəm.

Başım nələr çəkmədi,
Əyilmədim, çökmədim.
Şükür, düz yolda qaldım,
Harama göz dikmədim.

Bax Ağbaba dağına,
Bax soluna, sağına.
Gəl dolanım üz sürtək,
Öysüzün ocağına.

Bir dəfə xəstəliyini eşitdim. Bundan az keçməmiş telefonla danışdım. Dedi:
– Nəsə Gəncəyə getmişdim. Ordan gələndən özümü yaxşı hiss etmirəm. Bilmirəm, nədəndi.
Bir gün bir ağır xəbər eşitdim: Valid müəllim vəfat edib. İçim titrədi. Gözlərimdən axan yaş qəlbimi göynətdi. Əlbəttə, dünyanın bir nizamı – düzəni var – gələn gedir. Amma insan itkisi... Valid müəllim kimi tanınmış birini itirmək... Adam qəhərlənir, güclə özünü toplayır, dərdə alt olmur, bir təhər təsəlli tapır. Burada Valid müəllimin nənəsi Mədinə nənənin dediyi bir neçə bayatı yadıma düşür:

Yer əkilib, toxum var,
Yeməyə bir loxum var.
Ah çəkməyim, neyləyim,
O tərəfdə qohum var.

Ağbabanın dərdi var,
Hərənin öz yurdu var.
Kimə deyim dərdimi?
Bir mənəm, bir dörd divar.

Xoş günüm getdi, neynim,
Gözümdən itdi, neynim.
Dərd-bəlanı çox gördüm,
Bu fələk etdi, neynim.

Barındı eldə hamı,
Mən ki, almadım kamı.
Nə yaşadım, nə gördüm,
Əcəl tapdı yaxamı.

Bu gəlimli-gedimli dünyada Valid müəllimi də itirdik. Allah sənə qəni-qəni rəhmət eləsin, Valid müəllim.

Tacir Səmimi,
Filologiya üzrə fəlsəfə doktoru, dosent







Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər