Dilçi alimdən Nizami Cəfərova dəstək
Fransa filosofu Baskalın məşhur bir fikrini xatırlamaq istəyirəm. O demişdir: "Ünsiyyətdə ən çətin proses susmaq əzabdır". Son günlər gündəmi zəbt eləyən bu aktual məsələyə öz münasibətimi bildirməklə mən də bu əzabdan xilas olmağı seçdim.. Əvvəla , dil və dilçiliklə baglı ensiklopedik biliyə malik olan akademik Nizami Cəfərov haqqında qeyri-münasib düşüncə hesab edirəm ki, anormal təfəkkürün təzahür forması kimi dəyərləndirilməyə layiqdir. Ümummilli lider Heydər Əliyevin biliyinə, savadına ,ən vacibi vətənpərvərliyi və milliliyinə güvənərək, ona etimad göstərərək Nizami Cəfərovu Dövlət Dil Komissiyasına üzv qəbul etməsi, eləcə də müxtəlif vəzifələrə irəli çəkməsi faktı onun haqqında qərəzli mövqe nümayiş etdirənlər üçün ən böyük cavabdır.
Nizami müəllim dilin lüğət tərkibində gedən reallığı diqqətə çatdırır. Akademik söz ehtiyatının zənginləşmə yollarını şərh edir. Bilirsiz, hər bir dil öz daxili qanunları əsasında inkişaf edir,dil sünilik və düzəltməçiliyi sevmir. Nizami müəllimin dediyi sözlər artıq dil təfəkküründə mövcuddur və biz o sözləri istəyimizdən asılı olmayaraq ara-sıra nitqimizdə işlədirik. Nizami müəllim demir ki, o sözləri ədəbi dilimizə , yaxud hər hansı bir lügətimizə daxil edək. Söhbət bu tip sözlərin dildə varlığından gedir. Nizami müəllim bütün fəaliyyətlərində, o cümlədən dil siyasətində də millidir. Bu dil məsələsini siyasiləşdirərək özlərini "hərşeyşünas alim" kimi təqdim edənlər birinci növbədə, düşünürəm ki, özlərinə hörmət etməyi bacarmalıdırlar. Fikrimi məşhur Şərq atalar sözü ilə tamamlayıram. "Başqasının dediklərini öyrənmək üçün eşitmək, anlamaq üçün dinləmək lazımdır."
Ədalət Abbasov
Dilçi alim, filologiya elmləri doktoru