Bizim Gülhüseyn müəllim...
Bu gün sizə dostum- texnika elmləri doktoru, texniki universitetin professoru Misirxan Talıbovun doğulub boya-başa çatdığı kənddə, ondan yeddi il öncə dünyaya gələn, Gülhüseyn Cəfərov haqqında söhbət açmaq istəyirəm. Atası Ağahüseyn kişini yəqin ki, hələ də xatırlayanlar var. O vaxt Yardımlı rayon Vətəndaşların Vəziyyəti Aktlarının Qeydiyyatı idarəsinə rəhbərlik edib. Qırx il bu vəzifədə çalışan bir məmur kimi, o dövrün adamlarının nikahını o qeydiyyata alıb, dünyaya gələn uşaqların doğum şəhadətnaməsini o verib. Əməlində dürüst, xeyirxah, imanlı kişilərdən olub. Rəhmətlik 2006-cı ildə Həcc ziyarətində də iştirak edib...
Güllhüseyn Cəfərov 1959-cu il may ayının 8-də Yardımlının Arus kəndində anadan olub. Orta təhsilini başa vurandan sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsilə yiyələnib. 1981-ci ildə təyinatla Cəlilabad rayon indiki Göytəpə şəhərinə göndərilib. Elə o vaxtdan da orada yaşayır. Amma ata-baba yurduna çox bağlıdır və övladlarını da bu ruhda böyüdür. Onlara yaxşı təlim-tərbiyə verir. Necə deyərlər, gözəl övladları var. Hamısı da ali təsilli...
Deyir ki:- “Mənim bir şakərim var, kökə bağlılıq. Ata-babamın, nəsil-kökümün təmiz adını qoruyub saxlamaq. Mənim üçün bundan məsuliyyətli bir iş yoxdur...”
Gülhüseyn müəllim Göytəpəyə gələndən sonra bir müddət müəllim, təlim-tərbiyyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 90-cı illərdən Respublikada yaranan vəziyyətlə əlaqədar məktəbdən uzaqlaşıb, ticarətlə məşğul olub. Hal-hazırda kənd təssərüfatı işlərilə məşğuldur. Öz əkin sahəsində kartof, çiyələk, eləcə də üzüm becərir. Hansı sahədə çalışmasından asılı olmayaraq, onun bir meyarı var- halallıq və kiminsə haqqına girməmək. Təmiz adla yaşamaq...
Böyük oğlu Vüqar Azərbaycanda tibb universitetinə daxil olsa da, əlaçı olduğuna görə III kursdan onu dövlət hesabına Türkiyəyə göndəriblər. Orada uzmanlıq üzrə təhsili alıb. Hazırda İstambul şəhərində nöroloji(nervoloji) cərrah işləyir. Beyinə stend qoyulması üzrə tanınmış həkimdir. Qızı ingilis dili müəllimi kimi bir vaxtlar atasının işlədiyi məktəbdə çalışır. Kiçik oğlu Əli isə 2 ali məktəb bitirərək Bakı şəhərində polis zabiti kimi daxili işlər orqanlarında xidmət edir...
“Özümün də və övladlarımın da əsas istəyimiz- vətənpərvərlik və dövlətçiliyə xidmətdir.”- söyləyir.
Söhbətimə dostum, professor Misirxan Talıbovun adıyla başladığım üçün, elə onun sözləri ilə də bitirmək istəyirəm: “Gülhüseyn müəllim savadlı bir ailənin övladıdır. Atası kəndimizin ağsaqqallarından biri olub. Böyük qardaşı Qulam isə orta məktəbdə mənim kimya müəllimim idi. Məhz onun mükəmməl tədrisi əsasında mən 8-ci sinifdə oxuyanda Bakıda keçirilən kimya fənni üzrə olimpiadada qaliblərdən biri olmuşam. Gülhüseyn müəllimə gəldikdə isə, ata-baba yurduna bağlı adamdır. Göytəpədə yaşasa da, indiyədək kəndin xeyir-şərində fəal iştirak edir...”
Nə isə, mayın 8-i Gülhüseyn Cəfərovun 66 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, həyatda və işlərində uğurlar arzulayıram.
Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu
Son xəbərlər