Əqidə adamı...
.Mayın 10-nu unudulmaz şəxsiyyət, dahi siyasətçi, uzun illər Azərbaycana rəhbərlik edən, ulu öndər Heydər Əliyevin 102 illiyidir. Bu ərəfədə sizə Heydər Əliyev ideyalarına bu gün də sadiqliyini göstərən, onun siyasətini xalq arasında dəstəkləyən bir insan haqqında söhbət açmaq istəyirəm. O, 1959-cu il dekabrın 4-də Zəngəzur mahalının Mehri rayonunun Nüvədi kəndində Həzi kişinin ailəsində dünyaya gəlib. İndiki Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirərək ali təhsilə yiyələnib. 1983–1988-ci illərdə Kənd Təsərrüfat Nazirliyinin Elmi-Tədqiqat Yemçilik İnstitutunda elmi işçi, 1988–1994-cü illərdə Elmlər Akademiyasının Nəbatat İnstitutunun Radio-Biologiya bölməsində elmi işçi, 1994–1997-ci illərdə Bakı şəhəri Nəsimi rayonu Özəlləşdirmə İdarəsinin rəisi, 1997–2000-ci illərdə isə Nazirlər Kabineti yanında Dünya bankının Kənd Təsərrüfatının Kreditləşməsi layihəsində rəhbərin müavini vəzifələrində çalışıb. 2006-cı ildə Prezident Yaninda Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 1992-ci ilin noyabr ayından Yeni Azərbaycan Partiyasının üzvü, 1992–1994-cü illərdə YAP Nəsimi rayon təşkilatının sədri, 1994–1998-ci illərdə YAP Nəsimi rayon təşkilatının sədrinin 1-ci müavini vəzifələrində işləyib. 1999-cu ilin dekabr ayında YAP-ın 1-ci qurultayında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilib. 2000-ci ildə II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2000–2005-ci illərdə NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi fəaliyyət göstərib. 2006–2010-cu illərdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2013-cü ildən YAP-ın nəzdində yaradılmış Partiyalararası Əlaqələr və Dialoq Komissiyasının üzvüdür…
Deyir ki:- “Mən 2000-2005-ci illərdə parlamentin ən fəal deputatlarından biri olmuşam. Bir YAP-çı kimi həmişə sözümü demişəm. 2003-cü ildə ulu öndər Heydər Əliyev xəstələnəndə parlamentdə Heydər Əliyevi ən çox müdafiə edən də mən olmuşam. Bunun nəticəsi nə oldu?! 2005-ci ildə cənab prezidentimiz tərəfindən namizədliyim irəli sürülsə də, təkrar deputat seçilə bilmədim. Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP-ın bəzi fəalları və Prezident Administrasiyasından olan bəzi adamlar məni dəstəkləmək əvəzinə, Beynəlxalq Universitetin rektoru olmuş Elşad Abdullayevə kömək etdilər. İndi Elşad Abdullayevin haralarda olduğunu siz də bilirsiniz. Sonra həmin o Elşad Abdullayev seçkilərdə hansı oyunlardan çıxması ilə bağlı açıqlamalar verib videolar paylaşdı. O Elşad Abdullayev ki, onun kimliyi barədə o zamanlar ANS televiziyasının pullu efirində müraciət etdim. O zaman milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudova birbaşa müraciət edərək, Elşad Abdullayevin həbs edilməli olduğunu bildirdim. “Bu gün bizim partiyamıza xəyanət edirsə, sabah dövlətimizə, dövlətçiliyimizə xəyanət edəcək” dedim.
2005-ci ildə hər dairədən YAP-ın bir namizədinin irəli sürülməsi barədə qərar qəbul olundu. Baxmayaraq ki, mənim namizədliyim YAP tərəfindən irəli sürüldü, həmin dairədən Elşad Abdullayev də öz namizədliyini sona qədər geri çəkmədi. Çünki Elşad Abdullayevə “sən deputat olacaqsan” sözü vermişdilər. Təbii ki, 8 saylı Binəqədi seçki dairəsindən Elşad Abdullayevin deputat seçilməməsinin bir səbəbkarı da mən oldum. Seçkinin ertəsi günü “Şərq” qəzetinə geniş müsahibə verərək, seçkidəki saxtakarlıqları sadaladım. Həmin müsahibədən sonra 8 saylı dairədən 12 məntəqə ləğv edildi və Elşad Abdullayev yox, Arzu Səmədbəyli deputat seçildi. Halbuki, həmin vaxt MSK Elşad Abdullayevi deputat olaraq elan etmişdi. Hətta Elşad Abdullayev 300 nəfərlik restoranda qonaqlıq da vermişdi. Bəs sonra nə oldu?! Hazırda Elşad Abdullayev İnterpol vasitəsilə axtarışa verilib. Ancaq mən 2005-ci ildə Abdullayevin cinayətkar olduğunu elə-belə demirdim. Beynəlxalq Universitetin rektoru olan zamanlarda hansı cinayətləri törətdiyi məlum idi. Bu adam bizim partiyamızın əleyhinə getdi. İndi xaricdə oturub dövlətimizi, dövlətçiliyimizi, hakimiyyətimizi təhdid etməklə məşğuldur.”
Olduqca nikbin və məzmunlu adamdır. Məcara həvəskarıdır. Maraq dünyası sərhədsizdir, daha çox öyrənməyə, yeni bilgilərə yiyələnməyə çalışır. Məhdudiyyətlərdən qaçmağa və həyatın mənasını dərindən araşdırmağa meyllidir. Həyatın yaratdığı hər fürsətdən yararlanmağı bacarır...
“Bəzi adamların mövqe bildirməməsinin səbəbi var. Birdən YAP hakimiyyətdən gedər, başqa partiya gələr. Hamısı mövqesiz adamlardır. Bir daha deyirəm: 2000-2005-ci illərdə parlamentin deputatı olanda müxalifətlə bərabər, iqtidarda da təmsil olunan bəzi adamları tənqid etmişəm. 2003-cü ildə ulu öndər xəstələnəndən sonra parlamentdəki deputatların 90%-i səsini çıxarmırdı. Həmin vaxt müxalifət mətbuatında ulu öndərimizi, hakimiyyəti təhqir və tənqid edən yazılar gedirdi. Çox təəssüflər olsun ki, həmin 2003-cü ildə Heydər Əliyevə, cənab prezidentimizə qarşı xoşagəlməyən yazılar yazanlar bu gün Azərbaycanda çevrilib iqtidarın təbliğatçısı olublar. Sadəcə olaraq həmin insanların adlarını çəkmək istəmirəm. O insanlara evlər də, orden-medallar da, yaxşı ofislər də verilib. Belə deyək də, dost düşmən, düşmən də dost olub. Bu çox pis şeydir. Düşmən düşmənliyində qalmalıdır. Hazırda vəzifədə olanlar və Milli Məclisin deputatları var. Əksəriyyəti YAP-ı, dövlətimizi, dövlətçiliyimizi, hakimiyyəti, cənab prezidentimizi tənqid və təhqir edənlərə qarşı nə vaxt cavab verib, yaxud da, nə vaxt cavab verəcək?! Bunları deməkdə məqsədim odur ki, 1987-ci ildən başlayaraq partiyamızı, ulu öndərimizi və cənab prezidentimizi hər zaman müdafiə etmişəm və bu gün də edirəm. Ölən günə qədər də müdafiə edəcəm.”- söyləyir.
Qəlbi gözüdolusu yaşamaq arzusu ilə doludur. Onun üçün yeni təcrübələr və sərgüzəştlər həyatın ən dəyərli hissələridir. Enerjili, optimistdir. Daim müxtəlif mədəniyyətlərlə tanış olmaq istəyi onu tərk etmir. Çox qərarlı birisidir, əqidəsinə həmişə sadiq qalmağı bacarır. Münasibətlərdə hər kəslə səmimi və dürüstdür...
Deyir ki:- “Sizə bir məqamı açıqlayım: 1987-1990-cü illərdə AzTV-də İlqar Əlfioğlunun apardığı “Dalğa” proqramı vardı. 25 may 1988-ci ildə “Dalğa” verilişinə bir yazı yazdım. Həmin yazıda ölkədə aşkarlıq olmadığına görə fikirlərimi tamaşaçılara çatdırmağa çalışırdım. O yazıda Heydər Əliyevi müdafiə etmişdim. 25 may 1988-ci ildə “Kommunist” qəzetinə də yazdığım məqalədə yenə Heydər Əliyevi müdafiə etmişəm. Həmin qəzetdə “Şah dərzini çağırır” başlığı altında məqalələr gedirdi. O məqaləyə cavablar yazmışam və yazıya kəskin etirazımı bildirmişəm...”
Olduqca maraqlı adamdır, yaxşılıq etməyi çox sevir. Əgər nə vaxtsa kiməsə pislik edibsə, onu həyatı boyu unutmur və davamlı şəkildə bunun peşmançılığını çəkir. Dünya onun gözlərində çox gözəldir, hər şeyə müsbət tərəfdən baxmağı bacarır. Səyahət etmək və araşdırmaq onun ən böyük həvəsidir. Ancaq buna əyləncə və istirahət kimi deyil, zəruriyyət kimi yanaşır...
“Məni tanıyanlar çox yaxşı bilirlər ki, dünya dağıla mövqeyimi dəyişən insan deyiləm. Belə hallar olub. Bəzən deyirlər ki, 10 ildən çoxdur ki, heç yerdə işləyib maaş almırsan. Ortaya mövqe qoy, münasibət bildir! Cavab verirəm ki, hansı münasibətdən danışırsız?! 20 ildən çoxdur ki, YAP Siyasi Şurasının üzvüyəm. 2000-2005-ci illərdə deputat olmuşam. 2006-2010-cu illərdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı olmuşam. Məni Azərbaycanda hörmətə, nüfuza mindirən ulu öndərimiz Heydər Əliyev, cənab prezidentimiz İlham Əliyev olub. Necə ola bilər axı, bu gün vəzifədəsənsə hər şey yaxşıdır, sabah vəzifədən getdinsə pisdir? Bizim bəzi deputat həmkarlarımız olub ki, ulu öndərin xeyir-duası ilə seçiliblər. Ancaq deputatlıqdan gedəndən sonra müxalifət düşərgəsinə keçiblər. Belə şeymi olar?!”- söyləyir.
Fiziki xüsusiyyətlərinə gəldikdə isə, onu hətta izdiham içərisində də asanlıqla seçmək olar. Yaraşıqlı görkəmi ilə fərqlənir. Səliqəli geyinməyi xoşlayır və özünəməxsus üslubu var. Həyatda hər şeydə həqiqət, gözəllik və hikmət axtarır...
Deyir ki:- “Hamıya məlumdur ki, Qərbi azərbaycanlılar 1988-ci ildə Ermənistanı tərk ediblər. Ancaq doğulub boya-başa çatdığım Mehri rayonunun Nüvədi kənd sakinləri 1991-ci ilin 8 avqustuna kimi orada qalıblar. 3 il bizim kənd camaatı Ermənistanda təkbaşına qalıb. Hətta mərhum Heydər Əliyev 1998-ci ildə Konstitusiyanın müzakirəsi zamanı Nüvədi kəndi haqqında tarixi çıxış edib. Heydər Əliyev tarix boyu iki kəndi tərif edib, biri Naxçıvandakı Nehrəm kəndidirsə, digəri Nüvədi kəndidir. Ermənistanda ən çox tarixi olan kənd Nüvədidir. 2001-ci il 18 oktyabrında müstəqilliyimizin 10 illiyində Gülüstan sarayında Heydər Əliyevlə görüşüm oldu. Mənə xatırlatdı ki, “bilirsənmi Musa, mən həmişə nüvədililərə dayaq olmuşam”. Allah ulu öndərə rəhmət eləsin! Qəbri nurla dolsun! Parlamentdə odlu-alovlu çıxışlar etdiyim zamanlarda deyirdim ki, Heydər Əliyevin yolunda cüzi də olsa əziyyət çəkəni ulu öndər qiymətləndirib. O cümlədən də məni. Ona görə də ölən günə qədər ulu öndərimizə borcluyam. Onun varisi İlham Əliyevi həmişə dəstəkləmişəm. Ölən günə qədər də bu yola sadiq olacam…”
Bəziləri “əqidə adamı” ifadəsini yalnız müxalifdə olanlara şamil edirlər. Amma və lakin ƏQİDƏ insanın öz pirinsiplərinə, inam gətirdiyi idyalogiyaya sədaqətidir…
Bəli, haqqında söhbət açdığım sabiq deputat Musa Musayev də əqidə adamıdır. Ötən ilin dekabr ayında onun 65 yaşı tamam olub. Deyirlər ki, istənilən yubileyi növbəti yaşa kimi davam etdirmək mümkündür. Mən də, fürsətdən istifadə edib, bu söhbətimi həm onun yubileyinə və həm də Ulu Öndərin 102 illiyinə ərmağan edirəm...
Hörmətlə, Elman Eldaroğlu