Qardaşın olanda da beləsi ola...
Həyatda çox qardaşlar görmüşük. Onların arasında bir-biri ilə ata mülkünə görə didişənləri, biri-birinin qapısını aylarla, illərlə açmayanları, küsülü olanları, biri digərini inkar edənləri də az olmayıb. Bu dəfə sizə tanıdığım üç qardaş- Mir Səfər, Mir Əkbər, Mir Əşrəf Fətiyevlər haqqında söhbət açmaq istəyirəm. Çünki aralarında olan isti qardaşlıq münasibəti çoxlarına bir nümunədir...
Bu qardaşlardan ikisi Moskvada, biri isə Azərbaycanda yaşasa da, aralarında olan məsafə onların ünsiyyətinə heç vaxt mane olmayıb. Necə deyərlər, bir-birinin sevincinə, kədərinə də ortaq olublar...
Bu gün təsadüfən qardaşlardan yaşca kiçiyi- Moskvada yaşayan Hacı Mir Əşrəfə rast gəldim. Məlum oldu ki, böyük qardaşı Hacı Mir Səfərin xəstəliyinə görə, artıq bir aydır ki, Bakıdadır…
Hacı Mir Əşrəf Fətiyev elmlər doktoru, Moskva Xalqlar Dostluğu Universitetinin professorudur. Onu Azərbaycanda da tanıyanlar az deyil. İlin-günün bu vaxtında iş-gücünü atıb qardaşının xidmətində olması, onun mərdliyindən, sədaqət və dəyanətindən xəbər verir. Üstəlik, tanışlardan öyrəndim ki, xəstə qardaşının müalicə xərclərini öz üzərinə götürüb...
Professor Mir Əşrəf Fətiyev təkcə qardaşları ilə münasibətdə ürəyiyanan, istiqanlı deyil. O, doğulub böyüdüyü Yardımlının Perimbel kəndində də az iş görməyib- kənddə park salıb, iki minarəli böyük məscid tikdirib, yolu abadlaşdırıb, az təminatlı ailələrə dəfələrlə yardımlar edib. Hər il Qurban bayramında iribuynuzlu heyvan kəsdirərək kənd sakinlərinə paylaşdırıb. Ramazanda, digər dini ayinlərdə süfrə açdırıb ehsan verib...
Birdir, ikidirmi onun xeyirxahlıqları. Bəlkə də say-hesabını özü də bilmir. Allahla öz arasında sirr qalan o qədər xeyirxah əməlləri var ki...
Düşünürəm ki, bunları bilib deməmək heç də imandan deyil. Dedim ki, qardaşlığın nə olduğunu anlamayanlara bir dərs olsun. Qardaşların olanda da, onlara belə qardaş olasan...
Sonda, Mir Əşrəf Fətiyevə öz minnətdarlığımı şair dostum Sakit İlkinin sözləri ilə çatdırmaq istəyirəm:
"Həmişə üzü belə,
Ağ ol, a yaxşı adam…
Barı dərilib, qalxan,
Bağ ol, a yaxşı adam…
Qar verən ..qar alandı
Çox adlar qaralandı…
Saçına qar ələndi,
Dağ ol, a yaxşı adam…
Xoş sözün gəlib, çatıb
Dolub qəlbimin çatı…
Sağola gücüm çatır,
Sağ ol, a YAXŞI ADAM!!!"
Hörmətlə, Elman Eldaroğlu