Azərbaycan dili xalqımızın mənəvi sərvətidir
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Milli-mənəvi dəyərlərimizin qorunmasında böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyev varlığımızı təsdiqləyən dilimizin saflığının qorunmasına xüsusi diqqət göstərmişdir. Azərbaycan dili uzun illəri əhatə edən formalaşma dövründə siyasi, dini, mədəni münasibətdə olduğu xalqlar arasında ünsiyyət vasitəsi kimi başqa dillərə də təsir etmişdir. Xalqımızın ən qiymətli sərvəti olan dilimizə başqa millətlərin nümayəndələrinin verdikləri qiymətdən də aydın olur. Ölkəmizdə yaşayan və dinindən, dilindən, milliyyətindən asılı olmayaraq Azərbaycan dilini ikinci ana dili kimi qəbul edən bütün vətəndaşlar üçün ünsiyyət vasitəsi olan doğma dilimizin xalqımızın elmi, bədii məntiqi təfəkkürünün formalaşması və inkişafında böyük rolu olmuşdur.
Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirən, “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir” söyləyən Ümummilli Lider Heydər Əliyev bildirirdi ki, xalqımızın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur.
Onun təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”
Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri ilə milli varlığımızın ifadəsi olan Azərbaycan dilinə məhəbbətini ifadə edən Ulu Öndər Azərbaycana rəhbərliyinin hər iki dövründə Azərbaycan dilinə çox qayğı ilə yanaşmış, onun saflığı, yad təsirlərdən qorunması üçün səylərini əsirgəməmişdir. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirdi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm.
Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.
Ulu Öndər “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanları imzalamaqla ədəbi dilimizin fəaliyyət imkanlarını daha da genişləndirmiş, müxtəlif üslubların potensialları təkmilləşdirilmiş, dil mədəniyətimizin qarşısında yeni üfüqlər açılmışdır. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.