"Türkmən QHT-ləri ilə əməkdaşlıqlar Azərbaycan xalqına fayda verəcək"
"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin sədri Könül Quliyeva QHT.az-a açıqlamasında Azərbaycan xalqını ilaxır çərşənbə münasibətilə təbrik edib, həmçinin Türkman İrsi Vətəndaş Cəmiyyətlərinin Həmrəylik Forumunun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb:
"Tədbirdə millət vəkilləri, İraqın deputatı, həmçinin İraq, Suriyadan və Türkiyədən gələn vətəndaş cəmiyyətinin nümayəndələri çıxış edərək, gələcəkdə birgə əməkdaşlıq üçün təkliflər irəli sürdülər. Forum çərçivəsində iki panel müzakirə edildi, hər bir paneldə maraqlı çıxışlar səsləndi. Lakin diqqətimi daha çox, gələn qonaqların vətəndaş cəmiyyəti təmsilçilərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə etdikləri səfərlərin təəssüratları cəlb etdi. Xocalı, Xankəndi, Şuşa və Füzuli kimi tarixi yerləri ziyarət edən qonaqlar, bu ərazilərdən aldıqları təəssüratları bölüşdü və bu mənim üçün duyğusal bir an oldu".
Könül Quliyeva, bu əməkdaşlıqların Azərbaycan xalqına fayda verəcək uzunmüddətli təsir göstərəcəyini qeyd edib:
"Tədbirdə Türkman irsinin zənginliyi, Azərbaycan xalqının mədəniyyəti, mənəvi sərvətləri və poeziyasının mükəmməl nümunələri geniş şəkildə müzakirə olundu. Eyni zamanda, Türkmənlərin Qarabağa səfəri zamanı avtobusda kərkük şərqilərinin ifa etməsi iştirakçılarda böyük təsir yaratdı. Forumun sonunda, QHT-lərin nümayəndələri arasında yaxın əlaqələrin qurulmasına da şərait yaradıldı. İstanbuldan gələn Kərküklü qonaq Ali Yağmuroğlu ilə görüş planlaşdırılır. Bu görüşlər sayəsində Türkmən QHT-ləri ilə yerli QHT-lər arasında əməkdaşlıq əlaqələri qurulub və yeni təşəbbüslər formalaşdırılıb. Türkiyə, İraq və Suriyadan gələn Türkman QHT-ləri ilə qurulan əlaqələr, gələcəkdə birgə layihələr və təşəbbüslərlə zənginləşəcək".