Bakıda müsəlman ölkələrin səfirləri üçün iftar tədbiri oldu
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrin səfirləri üçün Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iftar tədbirində iştirak və çıxış edib.
Avrasiya.net xəbər verir ki, C.Bayramov müqəddəs Ramazan ayı, habelə qarşıdan gələn bayram münasibətilə təbriklərini çatdırıb, dünyamıza sülh, əmin-amanlıq arzu edib.
İslam dünyasını bir-birinə bağlayan bu müqəddəs ayın yüksək mənəvi dəyərləri aşıladığı vurğulanıb. Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərində, o cümlədən müxtəlif icmaların nümayəndələrinin sülh içində birgəyaşayış təcrübəsində islam dininin və Ramazan ayının xüsusi yeri və rolundan bəhs olunub.
Bununla belə, dünyamızda islam dininə qarşı çevrilən diskriminasiya, dini zəmində zorakılıq halları, islamofobiya meyilləri, müsəlman aləmində baş verən münaqişələr nəticəsində yaranan qeyri-stabilliyin narahatlıq doğurduğu diqqətə çatdırılıb. İslam dünyasındakı birlik və həmrəyliyin bu kimi çağırışlarla mübarizədə əhəmiyyəti vurğulanıb.