Novruz türklərin ən qədim təbiət bayramı hesab olunur
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Yurdumuza Novruz gəlir! Novruz bayramı baharın, yazın gəlişini simvolizə edən qədim xalq bayramımız olmaqla bərabər, milli birlik və həmrəylik bayramıdır.
Novruzun gəlişi ilə təzə il köhnə ili yola salır, həmçinin bu bayram hər birimiz üçün təzə arzu, təzə ümid deməkdir. Baharın gəlişini hər kəs səbirsizliklə gözləyir.
İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.
Novruz bayramının beynəlxalq müstəvidə tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.
Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər qədimdir. Elmdə Novruzun mənşəyinə dair iki fikir mövcuddur. Birinciyə əsasən, Novruz türklərin ən qədim təbiət bayramı hesab olunur. Çin mənbələrində hunların martın 21-də bahar şənlikləri təşkil etdikləri barədə qeydlərə rast gəlirik. Uyğur türklərinin də müasir adətlərlə eyniyyət təşkil edən yaz mərasimləri olub. Qobustan qayaüstü rəsmlərində isə daha qədim çağlara aid ilin dəyişməsi ayini təsvir olunub. Türklərin “Ərgənəkon” dastanında əski yurda dönüş yazın ilk günü ilə əlaqələndirilir. İkinci istiqamətə əsasən İran əfsanələrindən törəyən mərasimlər toplusudur. XI əsrin yazılı abidələrində, xüsusilə Firdovsinin “Şahnamə”sində “Novruz”dan bəhs edilir.
Farslarda məhz bu zamandan sonrakı çağlara aid ədəbiyyatlarda ondan geniş danışılır. Novruz bayramı Əhəmənilər dövründə eramızdan əvvəl 350-ci ildən qeyd olunsa da, tarixi kökləri zərdüştlükdən əvvələ gedib çıxır. Bayramın bütün əlamətləri - tonqal qalamaq, səməni cücərtmək, Kosa-keçəl tamaşaları, günəşi çağırış, qodu ilə qapıları döymək, umu-küsülüyə son qoymaq, dünyadan köçmüşləri yad etmək, yumurta boyamaq, yumurta döyüşdürmək, yeddi növ nemətdən xonça hazırlamaq, evdə, həyət-bacada təmizlik işləri görmək, ocaqda qazan qaynatmaq, papaq atmaq, bacadan xurcun sallamaq, ocağın başına toplaşmaq, qulaq falına çıxmaq təbiət-insan qarşılaşmasının rituallaşması və bayramlaşmasıdır.
Novruz gününə aparan yol dörd mərhələdən – çərşənbədən keçir. Bunlar Su, Od, Yel və Torpaq çərşənbələridir. Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi var. Sovet dövründə Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız onu həmişə qeyd etməyə can atıb.
Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bildirnişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.