Ermənistan Natiq Qasımovun qalıqlarının yerini açıqlamır - PREZİDENT
Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildirmişdir.
Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib.
“Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir”, - müraciətdə vurğulanıb.
Xatırldaq ki, Natiq Qasımov 1991-ci ildə yaradılan “Qaradağ şahinləri” taborunun könüllü əsgəri olub. O, Xocalı rayonu, Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 hərbçi yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına savaşı davam etdirmişdi. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüşdü.
Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilmişdi.
Natiq Qasımovun qəhrəmanlığı və şücaətini həzm edə biulməyən erməni səhra komandiri Vitali Balasanyan ona şəxsən müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır işgəncələr vermiş və qətlə yetirmişdir.
Prezident İlham Əliyevin 25 may 2024-cü ildə imzaladığı sərəncamla Natiq Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.