Mənzil kirayəsinin vergisini kim ödəməlidir?
Mənzillərin kirayəsində əsas məsələlərdən biri icarə müqavilıəsinin bağlanması və vergi ödənişidir. Hazırda kirayə mənzillər bazarında bu o qədər də aktual olmasa da bəzi vətəndaşlar müqavilə olmadan mənzil və ya obyektləri kirayə vermirlər. Belə olan halda vergini kim ödəmnəlidir?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
Qeyd olunanlara əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.
İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.
Bəs vergi uçotuna alınmadan mənzilin kirayə verilməsi nə ilə nəticələnə bilər?
Vergi Məcəlləsinin 58-ci maddəsinə görə, vergi orqanlarında uçota düşməməyə görə 40 manat məbləğində maliyyə sanksiyası (cərimə) tətbiq edilir.
Həmçinin vergi ödəyicisinə əldə etdiyi və ya ödədiyi icarə haqlarına görə vergi orqanına müəyyən olunmuş müddətdə hesabat təqdim etmədiyinə görə də 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.
Verginin hesabatda göstərilən məbləği real məbləğinə nisbətən azaldılıbsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılıbsa, azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.