Gömrük Akademiyasında Anım günü ilə bağlı tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov xalqımıza qarşı ermənilər tərəfindən törədilən vandalizm və soyqırım aktlarından danışıb. Q. Novruzov dörd il əvvəl sentyabrın 27-də başlayan Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordunun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunduğunu qeyd edib. Sonda xalqımızın qəhrəman şəhidlərimizin xatirəsini hər zaman əziz tutacağı və onların keçdiyi şanlı döyüş yolunun gələcək nəsillərin tərbiyəsində, vətənpərvər ruhda yetişməsində nümunə olacağı qeyd edilib.
Tədbirdə Azərbaycan Respublikasının xalq artisti, şəhid Rövşən Nurzadənin atası Əli Nur, Azərbaycan Yazıçılar Birliyinin və Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-dini şuranın üzvü, Buzovna Cümə məscidinin axundu Soltan Əlizadə, şəhid polkovnik Rəşad Quliyevin anası Mətanət Quliyeva, şəhid Raul Piriyevin anası Nəcibə Piriyeva, DGK-nın Vətən Müharibəsində iştirak edən əməkdaşı İqbal Səfərov çıxış edərək 30 il sonra Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, əsgər, zabitlərimizin fədakarlığından, onların döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan qürurla bəhs ediblər.
Tədbir tələbələrin ifasında şəhidlərimizin xatirəsinə həsr olunmuş bədii kompozisiya ilə davam edib.