BNA-nın vəzifəli şəxsləri azadlığa buraxıldı
Ləğv edilmiş “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxsləri - Hikmət Vəlizadə və Vüqar Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, Hikmət Vəlizadə və Vüqar Hüseynova 8 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İlkin sübutlar əsasında Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.